Millət vəkili Siyavuş Novruzovun keçmiş məmurların külli miqdarda vəsaiti mənimsəməsi ilə bağlı fikirləri böyük əks-səda doğurub. Xatırladaq ki, o, nazirlərin qanunsuz əməlləri ilə bağlı konkret dəlillərin olduğunu deyib. Ekspertlər hesab edir ki, keçmiş məmurlar vəzifələrindən sui-istifadə edərək külli miqdarda vəsait ələ keçiribsə, demək ki, büdcədən xərcləmələrə məsul olan qurumlar ya işini yaxşı görməyib, ya da…
Analitiklər hesab edir ki, əgər deputat nazirlərin qanunsuz əməllərinə dair dəlillərə malik ola bilirsə, onda, bu qurumların “qara işlər”dən xəbərsiz olması inandırıcı görünmür.
İstər xəbərsiz olsun, istərsə də olmasın, hər iki halda büdcədən xərcləmələrə nəzarət edən qurumların üzərinə böyük məsuliyyət düşür.
İqtisadçı alim Vüqar Bayramov redaktor.az-a açıqlamasında məsələyə münasibət bildirib.
V. Bayramov hesab edir ki, dövlət qurumlarının fəaliyyətinin genişləndirilməsi, şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması gələcəkdə bu cür halların təkrarlanmaması üçün olduqca vacibdir:
“Siyavuş Novruzovun dediyi kimi “sabiq” nazirlər tərəfindən milyardlar həcmində mənimsəmə olubsa, buna hüquqi baxımdan qiymət verilməsinə ehtiyac var. Çünki mənimsənilən milyardlar dövlətin puludur. Buna görə də araşdırılma aparılmalıdır. Statusundan asılı olmayaraq, istənilən dövlət vəsaitinin məmurlar tərəfindən oğurlanması hüquqi baxımdan qiymətləndirilməlidir”.
V. Bayramov bildirib ki, büdcə vəsaitinə nəzarət bir neçə qurum tərəfindən həyata keçirilir:
“Maliyyə Nazirliyinin dövlət büdcəsinə vəsaitin ayırılması və nəzarətin həyata keçirilməsi funksiyası var. Hesablama Palatası dövlət qurumlarında hesabların araşdırılması və onunla bağlı hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirir. Eyni zamanda, digər nəzarətedici qurumlar var ki, onlar da fərqli sahələrdə dövlət vəsaitinin xərclənməsinə, o cümlədən vergilərin dövlət büdcəsinə ödənilməsinə məsuldur. Bu baxımdan Hesablama Palatasının son illərdəki (2014-cü ildən sonra) rəylərinə diqqət yetirsək, tez-tez iradların qeyd olunduğunu müşahidə edə bilərik. Çox təəssüf ki, palatanın rəyində, hesabatlarda bu cür iradların olmasına baxmayaraq, buna uyğun olan addımların atılması müşahidə edilmir. Bu da dövlət vəsaitinin mənimsınilməsinə gətirib çıxarır”.
İqtisadçı vurğulayıb ki, S. Novruzovun son açıqlaması bir çox məsələləri gündəmə gətirir:
“Məsələn, dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi və onların səlahiyyətlərinin artırılmasına ehtiyac var. Dövlət vəsaitinin xərclənməsinə məsul olan qurumların konkret öhdəliklərinin müəyyənləşdirilməsi və həmin öhdəliklərə əməl edilməsi vacib şərtlərdən biridir. Yəni bu istiqamətdə fəaliyyətin gücləndirilməsi çox vacibdir. Eyni zamanda, Hesablama Palatasının səlahiyyətləri gücləndirilməlidir. Palata ilə bağlı qanunvericiliyin də təkmilləşdirilməsinin tərəfdarıyam. Bu qurumun işinin daha çevik qurulması üçün, ona daha çox səlahiyyətin verilməsi vacibdir. İctimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Çünki adətən, milyardlar ictimai nəzarət imkanları məhdud olan yerlərdə daha çox mənimsənilir. Vətəndaş cəmiyyətində ictimai nəzarət gücləndirilməlidir”.
V. Bayramov qeyd edib ki, milyardlar mənimsənilirsə, demək ki, milyardların xərclənməsinə məsul olan qurumlar öz funksiyalarını tam olaraq yerinə yetirməyiblər:
“Güman edirəm ki, növbəti dövrlərdə bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi üçün fəaliyyət genişləndiriləcək. Əvvəlki məmurlar milyardlar mənimsəyiblər. Gələcək məmurların bunu etməməsi üçün, dövlət qurumlarının fəaliyyətində səmərəliliyin artırılması yönündə işlər görülməlidir”.
Sabiq maliyyə naziri Fikrət Yusifov da məsələ ilə bağlı saytımıza danışıb.
Sabiq nazir hesab edir ki, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin təmin olunmasında maliyyə nəzarətinin rolu olduqca əhmiyyətlidir:
“Nəzarətin ilkin, cari və sonrakı formalarının hər birinin müfəssəl təşkil edilməsi, maliyyə vəsaitlərindən istifadə sahəsində neqativlərin qarşısını almağın yeganə yoludur. Bu sahədə inkişaf etmiş ölkələrin çox yaxşı təcrübəsi var və hesab edirəm ki, biz də bu təcrübələrin ən yaxşılarından istifadə etməliyik. Son illər baş vermiş böyük maliyyə fırıldaqları, dövlət vəsaitlərinin talanması kimi acı həqiqətlər ölkədə maliyyə nəzarəti sahədəki fəaliyyətin tam formal xarakter daşıdığını göstərir. Nəzarət zərfi dövlətə məxsus Beynəlxalq Bankda az qala dövlətin bir illik büdcəsi həcmində vəsaitlərin talanması, maliyyə nəzarətinin hansı səviyyədə olmasını səciyyələndirən ən bariz nümunədir. Eyni qaydadda dövlət büdcəsinin vəsaitlərindən istifadə sahəsində yol verilən neqativ hallar da maliyyə nəzarətinin çox aşağı bir səviyyədə olduğunun göstəricisidir. S.Novruzov deyir ki, keçmiş nazirlər dövlətin milyardlarla manat vəsaitlərinin talanmasına yol veriblər. Sual olunur, bu talanlar baş verəndə bəs maliyyə nəzarətini həyata keçirməyə borclu olan qrumlar hara baxırdılar? Hesab edirəm ki, ölkədə bütün səviyyələrdə olan nəzarət qurumlarının işi əsaslı şəkildə yenidən qurulmalıdır”.