PARLAMENT PARTİYALARI DƏYİRMİ MASAYA NİYƏ QATILMADI? – 12 partiyadan cəmi 5-i…
11-09-2019, 18:43
Bu gün Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə “Park İNN” mehmanxanasında “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən tədbir bir sıra cəhətlərinə görə diqqət mərkəzinə düşüb. Qeyd edək ki, sözügedən tədbir əsasən siyasi partiyaların birgə müzakirəsinə və xarici müdaxilələrə qarşı siyasi partiyaların vahid iradəsinin ortaya qoyulmasına hədəflənib. Tədbirin təşkilatçısı olanAVP sədri, deputat Fəzail Ağamalı belə bir fikir səsləndirib ki, yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tədbirə dəvət edilməyib. AXCP istisna olmaqla ölkədəki əksər partiyalara dəvət göndərilib. Ancaq qəribədir ki, Milli Məclisdə təmsil olunan bir sıra siyasi partiyalar bu tədbirdə iştirak etməyib.Parlament partiyalarından YAP, BAXCP, BQP, Vəhdət Partiyasıiştirak etsə də, digərləri gözə dəyməyib. Konkret olaraq Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Demokratik İslahatlar Partiyasınınliderləri toplantıda görünməyiblər.
Xatırladaq ki, müxalifət cəbhəsindən tədbirə dəvət olunan KXCPsentyabrın 10-da bəyan etmişdi ki, bu toplantıda iştirak etməyəcək. Eləcədə, Müsavat Partiyasıtədbirin formatını əsas gətirərək müzakirələrə qatılmaqdan imtina edib. Ancaq parlamentdə təmsil olunan və hakimiyyətin siyasi xəttini müdafiə edən bir neçə partiyanın iqtidar üçün son dərəcə əhəmiyyətli hesab olunan mövzuda keçirilən müzakirələrə qatılmaması maraq doğurur. Başqa sözlə, Milli Məclisdə təmsil olunan 12 siyasi partiyadan yalnız 5-i müzakirələrdə iştirak edib. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəəməkdaşımıza deyib ki, o, tədbirə dəvət edilsə də, işi çıxdığı üçün toplantıya qatılmayıb. Vaqif NƏSİBOV AzPolitika.info