İSRAİL KƏŞFİYYATI TRAMPI DİNLƏYİRMİŞ! – Ağ Ev ətrafında dinləmə cihazları aşkarlanıb

12-09-2019, 17:54   

 



ABŞ hökumətinin iki ilə yaxın davam edən araşdırması belə qənaətə gəlməyə əsas verib ki, İsrail kəşfiyyatı Ağ Evi və prezident Donald Trampı davamlı olaraq dinləyib.
“AzPolitika.info” xəbər verir ki, xarici mətbuatda bu məsələ ilə bağlı yayımlanan məqalələrdə ABŞ rəhbərliyinin həmin faktı mümkün qədər gizlətməyə çalışdığı bildirilir.
Nüfuzlu “Politica” dərgisi üç mənbəyə istinad etdiyini vurğulayaraq yazır ki, amerikalı ekspertlərin xeyli müddətdir davam edən araşdırmaları zamanı ələ keçirilən dinləmə cihazları, onların mənşəyi və istehsal tarixləri dinləmənin məhz İsrail tərəfindən həyata keçirildiyini tam əminliklə söyləməyə əsas verir.
Dinləmə qurğularının Ağ Evə yaxın ərazilərdə yerləşdirildiyi, onların əsas hədəfinin isə məhz Donald Tramp və ona ən yaxın şəxslər olduğu iddia edilir. Yüksək göstəricilərə malik müasir texnologiyalardan istifadə edən İsrail kəşfiyyatının bu fəaliyyəti nəticəsində hər hansı bilgilərə sahiblənib-sahiblənə bilmədiyi barədə heç bir məlumat yoxdur.
Ən çox diqqət yetirilən və tənqid olunan məqamlardan biri isə təkcə dinləmə faktı deyil, həm də odur ki, ABŞ administrasiyası eyni addımı atan digər ölkələrə qarşı çox sərt addımlar atdığı halda, İsrailə heç bir irad belə bildirməyib.
İsrailin ABŞ-dakı səfirliyi isə yayılan məlumatları təkzib edərək, heç bir dinləmə qurğusuna aidiyyatlarının olmadığını bəyan edib.
Xatırladaq ki, hələ 2018-ci ilin aprelində ABŞ hökuməti Vaşinqtonda dinləmə qurğularının aşkarlandığı barədə məlumat yaymışdı. Lakin bu qurğuların kimlər tərəfindən quraşdırıldığı barədə xəbər verilməmişdi.
“AzPolitika”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar