Bakıda saxta general və polkovnikin müdhiş planı: baş həkimi elə bir tora saldılar ki...

12-09-2019, 17:55   


Özünü DTX polkovniki, general kimi təqdim edərək baş həkimdən külli miqdarda pul alan dəstə hakim qarşısına çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Mübariz Zeynalov ifadə verib. Məlum olub ki, Mübariz Zeynalov Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Hazırda da həmin vəzifəni icra edir.

Baş həkim məhkəmə iclasında başına gələnləri danışıb. Onun yaşadıqları o qədər təccüblüdür ki, sanki bir filmin ssenarisidir.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur.

Baş həkimin tələyə salınması planını ilk olaraq Elxan Hümbətov icra etməyə başlayıb. Belə ki, Elxan baş həkimə zəng edərək xəstəxananın digər Samir adlı həkiminın ondan yuxarılara şikayət etdiyini deyib. Bildirib ki, Samir yüksək vəzifəli şəxsin adamıdır və buna görə də baş həkimin işi çətindir.

Elxan bu işin həll yolunu tapmaq üçün əvvəlcə baş həkimi görüşə çağırıb. Elxan həkimə deyib ki, adıçəkilən generalın yaxın adamının sürücüsüdür. Bu işdə vasitəçi olmaq ona tapşırılıb.

Baş həkim deyilənlərdən, çəkilən adlardan ehtiyat edib, Elxana Samir həkimlə heç bir probleminin olmadığını deyib. Amma elə olub ki, sonra Elxanın dediklərinə inanıb. Elxan əvvəlcə baş həkimə məsləhət verib ki, Samir həkimlə yola getsin, onu incitməsin. Bu ərəfədə baş həkim çox qorxub, stress keçirib. Özü də bunu bir neçə dəfə etiraf edib. Daha sonrakı görüşə Elxan özü ilə yaxşı geyinib-keçinmiş Rövşəni gətirib. Həmin görüşdə Rövşəni general kimi təqdim edib.

7b8b6467-a001-4163-8d76-885fe1cf1e3a.jpg (30 KB)
Mübariz Zeynalov,
Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi

Baş həkim M.Zeynalov yaşadıqlarını belə danışır: "Dedilər ki, Samir sənin torbanı tikir ki, sənin yerinə keçmək istəyir. Elxan dedi ki, Samir vəzifəli şəxsin adamıdır. Onun adından istifadə edib mənim torbamı tikir. Sonra Elxan mənə söylədi ki, sənin işini ağsaqqala məruzə elədik. Ağsaqqal da deyib ki, narahat olmasın, həll olunub. Ağsaqqal məsələni həll edib. Bir gün sonra Elxan zəng edib söylədi ki, o boyda general gəlib, bir silkələn gör nə edirsən? Mən də dedim ki, üstümdə heç nə yoxdur. Sonra mənə dedi ki, onda flaş kart var. Söylədi ki, həmin flaş kartda mənimlə bağlı rüsvayedici məlumatlar var. Mən də həyəcanlandım. Bilmədim ki, nə edim. Onunla görüşməyə razılaşıb, geri qayıtdım. Evdən və tanışlardan pul alıb 5 min düzəldib apardım. Mənə dedi ki, narahat olma. Pulu verdim, amma flaş kartı vermədi. Dedi ki, lazım deyil, qalsın. Mən ordan çıxıb evə gəldim. Axşam evə gələndə zəng edib söylədi ki, bu nədir gətirmisən? Dedi ki, generala veriləcək məbləğ deyil, biabırçılıqdır. Bu məbləğlə onun başını aşağı elədiyimi dedi. Mən də dedim ki, çıxarırlarsa, çıxarsınlar. Həmin pulu da verdim ki, məndən əl çəkin. Mənə dedi ki, ortada flaş kart var. Mən də çıxılmaz vəziyyətdə qaldım. Yenə 5 min borc alıb apardım verdim. Flaş kartı istəsəm də vermədi. Dedi ki, onu məhv eləmək asan deyil. Həmin flaş kartda mənimlə bağlı videoların, telefon danışıqlarının, ailəmlə bağlı görüntülərin olduğunu dedi. Mən də yenə razılaşmadım. Oradan çıxıb gələndən sonra zəng edib dedi ki, gələcəyin təhlükədədir. Bildirdi ki, mən perspektivli adamam, gələcəkdə böyük layihələrdə onlarla işləyəcəm. Söylədi ki, əgər deyilən işi həll eləməsəm gələcəyim məhv olacaq. Məndən 100 min istədi. Nə edəcəyimi bilmədən evə qayıtdım. Çıxış yolu tapmağa başladım. Dost tanışdan xahiş elədim. Bir gün sonra da zəng elədi ki, 100 minin üstünə 10 min də qoy. Mən də dedim ki, nə elədin sən? Heç 100 mini düzəldə bilmirəm. Dedi ki, istəyirsən düzəltmə, axırda görəcəksən. Mən də razılaşdım. Həll edib pulu aparıb verdim".

Baş həkimin danışıqlarından məlum olub ki, məsələ bununla da bitməyib. Daha bir neçə min də "xərci" çıxıb. Növbəti görüşlərə isə daha yüksək "vəzifəli" şəxslər gəlib: "Sonra Elxan yenə zəng elədi. Dedi ki, yaxında Qubaya gələcək, oğlunun ad günüdür. Söylədi ki, ona əmi kimi hədiyyə alım. Məndən yeni çıxan İphone almağımı istədi. Mən də razılaşıb aldım. 2-3 gün keçəndən sonra Elxan zəng elədi ki, Qubaya gəlirik. Sən də gəl görüşək. Mən də razılaşdım ki, gələcəm. Qubaya gedəndə Elxanla 3 nəfər gəlmişdi. Birini general kimi, birini də Prezident Adminstrasiyasının vəzifəli şəxsi kimi təqdim elədi. Bir nəfər də sürücü Mübariz idi. Elxan məni çölə çıxardı. Dedi ki, mən sürücü deyiləm. Özünü DTX polkovniki kimi təqdim elədi. Hirsli-hirsli bildirdi ki, Administrasiyadan gələn qonağa vermək üçün 20 min lazımdır. Həm də mənə xəbərdarlıq elədi ki, nəzarətdəsən. Mən də dedim ki, o qədər pulum yoxdur. 5 minə razılaşdıq və Bakıya gələndə də 5 mini verdim. Cəmi 125 min manat nağd pul verdim, 1900 manat dəyərində də telefon aldım".

Amma plan burada da bitməyib. Bu dəfə isə ortaya Hətəmxan Çobanov çıxıb. Həkim danışır ki, sonuncu söhbətlərdən bir neçə gün sonra Hətəmxan ona zəng edib: "Dedi ki, görüşməliyik. Gəlib Elxanın, Rövşənin mənə qarşı elədiklərindən danışdı. Mən də burada danışdıqlarımı eyni ilə ona danışdım. Söylədi ki, bu olanları yuxarılara çatdırmalıyıq. Özünü elə aparırdı ki, guya mənim halıma yanır. Sən demə, buna pul çatmadığı üçün yanırmış. Bu vəziyyətdən istifadə edib o da məndən pul almaq istəyirdi".

Məhkəmə araşdırması davam etdirilir. İşin digər ilginc təfərrüatlarını da təqdim edəcəyik.

İlkin Muradov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar