Türkiyədə hakimiyyət uğrunda mübarizə pik həddə çatıb.
Xüsusilə keçmiş nazirlərin Prezident Rəcəb Tayyib Ərdoğana qarşı birləşməsi siyasi sferada yeni gərginlik yaradıb. Hazırda siyasi proseslərin mərkəzində keçmiş baş nazir Əhməd Davudoğlu və baş nazirin sabiq müavini Əli Babacandır. Əli Babacan yeni partiya yaradacağı ilə bağlı artıq rəsmi açıqlama da verib: "Ürəyimizdən 2020-ci ilə qədər yeni siyasi partiyanın kollektivini tamamlamaq keçir.
Ancaq keyfiyyət vacib məsələdir. Biz də, nə partiyanın üzvlərinin, nə də görüləcək işlərin keyfiyyəti ilə bağlı sual altında qalacaq heç nə istəmirik".
Əli Babacan yeni partiya haqqında insanları ən çox maraqlandıran "Əhməd Davudoğlu və Abdullah Gül" sualına isə belə cavab verib:
"Hər təbəqədən insan bu layihədə iştirak etmək üçün bizə müraciət edir. Abdullah Gül əvvəl prezident olduğu üçün tərəfsizliyini qorumaq istəyir, ancaq tez-tez görüşürük və bizə dəyərli məsləhətlər verir. Əhməd Davudoğlu ilə isə dostluğumuz olsa da siyasi fikirlərimiz olduqca fərqlidir".
Bu açıqlamadan sonra Əhməd Davudoğlunun da ayrı partiya yaradacağı artıq siyasi kulislərdə müzakirə olunur. Ekspertlər hesab edir ki, bu proseslər 2023-cü il prezident seçkilərində AKP iqtidarına son qoymağa hesablanıb. Rəcəb Tayyib Ərdoğana digər ciddi rəqib isə İstanbul Böyük Şəhər Bələdiyyəsini qazanan, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan Əkrəm İmamoğlu hesab olunur. Göründüyü kimi, Ərdoğanın rəqibləri getdikcə çoxalır.
Maraqlıdır, Ərdoğanın ən ciddi rəqibi kimdir? Əhməd Davudoğlu, Əli Babacan, yoxsa Əkrəm İmamoğlu?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bütün parametrlərə görə birmənalı şəkildə heç bir siyasətçi Rəcəb Tayyib Ərdoğana ciddi rəqib deyil:
“Çünki bu şəxslərin heç birində xarizma, liderlik xüsusiyyəti yoxdur. Xüsusilə də Əli Babacan bu cür liderlik xüsusiyyəti ilə hakimiyyət eşalonunda nazir postlarında olduğu zaman belə özünü göstərə bilməyib. Davudoğlu isə siyasi, xarizmatik lider kimi deyil, daha çox xarici siyasət bilicisi: müəllim, hoca kimi türk cəmiyyətinə tanınıb. O da bəllidir ki, məhz Davudoğlunun xarici işlər naziri olduğu müddətdə Türkiyənin bütün yaxın qonşuları ilə problemləri artdı. Yaxın qonşularla “sıfır problem” siyasəti iflasa uğradı. Bu məsələ ilə bağlı Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşması, hətta diplomatik münasibətlərin qurulması və digər məsələlər gündəmə gəlmişdi. İmamoğlu isə siyasi lider deyil. Bələdiyyə seçkilərindən öncə Qərbin maliyyə dəstəyi ilə Türkiyədə ideologiya baxımından bir-birinə zidd olan təşkilatlar bir araya gətirildi. Yəni PKK və onun siyasi qolu olan HDP-nin CHP ilə bir koalisiyada seçkiyə getməsini təmin etdi. İyi Partiyanı da həmin ittifaqa sövq etdilər. Bütün bunların arxasında məhz Qərbin maraqları dayanırdı. Bununla da Ərdoğan hakimiyyətini zəiflətmək və növbəti “prezident seçkiləri”ndə - 2023-cü ildə AKP-dən və onun lideri Ərdoğandan qurtulmaq idi. Amma bu gün İmamoğlu çox sürətlə nüfuzdan düşməkdədir. Çünki İmamoğlunun xalqa verdiyi vədlərin heç biri yerinə yetirilməyib. İmamoğlu bələdiyyədə işləyənlərin heç birinin işdən çıxarılmayacağına söz vermişdi, amma bu vədi tutmadı və minlərlə işçi bu gün çörəklə imtahana çəkilir”.
Anti-Ərdoğan cəbhəsinin uğur formulu
N.Mirinin sözlərinə görə adıçəkilən siyasilər birləşib vahid namizədlə seçkiyə gedərsə, o zaman Ərdoğana ciddi rəqib sayıla bilərlər:
“Məsələ bundadır ki, İmamoğlu ilə bərabər bu gücləri ortaya çıxaran Qərb dünyası: ABŞ, İsrail və bu prosesi maliyyələşdirən Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr “Cümhur İttifaqı”na qarşı birləşib. Gələcəkdə yeni yaradılan partiyanın liderlərini bir araya gətirib vahid namizədlə Ərdoğana qarşı çıxa bilərlər. Prosesin gedişatı bunu diktə edir. Çünki Babacanın qlobal maliyyə şəbəkələri ilə ciddi əlaqələri var. Artıq bu gün Türkiyədə Babacanı məhz həmin maliyyə təşkilatları siyasi fiqur kimi təqdim edir. Davudoğlu da Qərb dünyasından, xüsusilə də ingilislərdən kənar siyasət yürütmür. Onun yeni partiya yaratmaq istəyinin arxasında da ingilis izi görünür. Düşünürəm ki, bu şəxslərin ayrı-ayrılıqda deyil, birlikdə Ərdoğana qarşı ciddi rəqib ola bilərlər. Amma buna baxmayaraq, hesab edirəm ki, 2023-cü il prezident seçkilərində əgər “Cümhur İttifaqı”nın vahid namizədi yenə Ərdoğan olarsa, yenə də xalqın etimadını qazanaraq qalib gələcək”.
Vilayət Muxtar
Cebhe.info