Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır

13-09-2019, 14:36   

Tovuz rayon məhkəməsinin sabiq sədri Firudin Ələkbərlini odlu silahdan acdığı atəşlə qətlə yetirən Əli Şəmiyev bir neçə məmurla yaxın qohumdur. Bu haqda Müsavat.com-a daxil olan məlumatda bildirilir ki, Əli Şəmiyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun qudasıdır. O, vaxtilə Tovuzda nəqliyyat idarələrində rəis vəzifələrində çalışıb. Rusiyada yaşayan Əli Şəmiyev Tovuzun dağ kəndlərindən birində kəndi su ilə təmin edən bulağı həyətinə yönləndirib və orada özünə göl düzəldibmiş. Yerli sakinlərin dövlət qurumlarına şikayətlərini də eşidən olmayıb.

Qətldən sonra Firudin Ələkbərli haqda yayılan məlumatlarda onun hakimliyinə vaxtından əvvəl xitam verilməsi qeyd olunur.
Vəkil Osman Kazımov Müsavat.com-a deyib ki, 1995-ci ildə Firudin Ələkbərli sifariş icra etmədiyinə görə onu qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıblar. Vəkilin sözlərinə görə, Firudin Ələkbərli ilə 1984-89-cu illərdə Bakı Dövlət Universitetində birgə təhsil alıblar. O, Firudin Ələkbərlinin fəaliyyətinə xitam verilməsi ilə bağlı bunları deyib: “Tələbəlik illərində yataqxanada bir otaqda qalmışıq. Xalq hərəkatı başlayandan Firudin hərəkatda idi. Firudin prinsipial, vicdanlı, cəsarətli insan idi. Xalq Cəbhəsi hakimiyyəti dövründə Tovuz Rayon Məhkəməsinin sədri olmuşdu. Hakimiyyət dəyişikliyindən sonra ona verilən sifarişi icra etmədiyinə görə, işdən qanunsuzluqlar üstündə qovulmuş birini işinə bərpa etmədiyi üçün özünü qanunsuz olaraq vəzifəsindən kənarlaşdırdılar. Bundan sonra nümayəndə kimi fəaliyyət göstərirdi”.
Musavat.com bildirir ki, Firudin Ələkbərli milli azadlıq hərəkatının fəal üzvlərindən, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fəallığı ilə seçilib, son vaxtlar “Azərifridom” kanalında müxtəlif ifşaedici materiallarla çıxış edib.
***
"Report"un qərb mərkəzinin əldə etdiyi məlumata görə, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb. Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri "Report"un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi "TT" markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Məmmədəliyev,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar