Tovuz rayon sakini Firidun Ələkbərlinin qətli ilə bağlı başlamış cinayət işinin istintaqının davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Qurumun mətbuat xidmətinin məlumatına görə, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Turan.az yazır ki, Baş Prokurorluq Tovuz rayon məhkəməsinin keçmiş sədrinin rezonans doğuran qətli haqqında iki cümləlik cüzi məlumatla kifayətlənib. Press-relizdə qurbanın statusu, iş üzrə saxlanılanların olub-olmadığı açıqlanmır. Adi YNH və kiçik məmurların saxlanması ilə bağlı prokurorluq bir qəzet səhifəsini dolduran məlumatlar yayır, prokurorluğun necə operativ və peşəkar davandığından bəhs edir. Yerli KİV-lərin məlumatına görə, Ələkbərlinin qətlində şübhəli şəxs kimi yerli sahibkar Əli Şəmiyev saxlanılıb.
++++
İlkin məlumata görə, qətlə yetirilən keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov Ədalət Partiyasının Tovuz rayon təşkilatının sədri olub.
Əli Şəmiyev rayonda "Göl Əli” ləqəbi ilə tanınan iri biznesmen, yerli oliqarxdır. "Göl Əli”nin Tovuzda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində Zəyəm çayının qarşını kəsərək süni göl də yaradılıb ki, Əli Şəmiyevə ləqəbi də həmin gölə görə veriblər.
Criminal.az-ın əldə etdiyi məlumatına görə, Yanıqlı kəndi ərazisində yerləşən istirahət mərkəzi çirkabı Tovuz rayonunun içməli suyu xəttinə əaxıdırmış. F.Ələkbərli Ekologiya və Təbii Əsrvətlər Nazirliyinə şikayət edib.
Nazirlik rəsmi rəy verib ki, istirahət mərkəzinin, eyni zmanda süni gölün çirkabı rayonun içməli su hövzəsinə axıdıla bilməz. İş adamı ilə F.Ələkbərli arasında münaqişə buna görə, daha gərgin həddə çatıb.
"Göl Əli” ləqəbi ilə tanınan iri biznesmen eyni zamanda Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, "Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. "Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Rayonun sabiq başçısı T. Zeynalov da Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.