RUSİYA BAKINI NİYƏ KTMT-yə GİRMƏYƏ ŞİRNİKLƏNDİRİR: "Ermənistan buna yol verməz?" - Təhlil

14-09-2019, 15:07   

Stanislav Tarasov

regnum.ru, 13.09.2019

 

Moskva Cənubi Qafqazda bələdləmə aparır. İstisna deyil ki, o, Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdə siyasi praktikanın yeni yanaşmalarını tətbiq etməyə hazırlaşır. Rusiyanın hərbi ekspertləri ideya səsləndirirlər ki, Azərbaycan və Ermənistanın KTMT-də iştirakı “iki ölkə arasında silahlı münaqişə riskini azalda bilər”.

Rusiya baş nazirinin I müavini Yuri Borisovun İrəvanda hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyanın ХVII toplantısında “Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu almağına qarşı deyil” və “bu, təkcə Azərbaycana aid deyil” bəyanatı sensasiya kimi qəbul edilir, amma açıqlamaya ehtiyacı var.

Borisova çox yaxşı bəllidir ki, KTMT-də qərar kollektiv qəbul olunur. Xatırladaq ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyası lap bu günlərdə KTMT Nizamnaməsinə Təşkilatla münasibətləri dərinləşdirmək istəyən ölkələr üçün müşahidəçi statusu nəzərdə tutan düzəliş qəbul edib. O zaman meydana çıxan diskussiyanın əsas mənası bir şeyə müncər olunub: Bakıya belə bir status verilə bilərmi. Ermənistan baş naziri Nikol Paşinyan bununla bağlı deyib ki, “Azərbaycan heç vaxt KTMT-yə üzv, yaxud hətta müşahidəçi də olmayacaq – Ermənistan buna yol verməz”. Bütün əlamətlərə görə, Moskva durumu yoxlayır. KTMT baş katibi vəzifəsini icra edən Valeri Semerikov durumu şərh edərək sıradakı şəkildə fikir bildirib: “Müşahidəçi, tərəfdaş, üzv olmaq haqda bütün bəyanatlar, yaxud ərizələr müəyyən edilmiş şəkildə KTMT katibliyinə daxil olmalıdır. Məndə Azərbaycandan heç bir ərizə yoxdur. Məsələyə baxılmayıb. Kimsə haradasa tribunadan fikir deyib, şəxsi düşüncəsini ifadə edib”.

Amma fikrimizcə, Borisovun bəyanatını, çətin ki, siyasi improvizasiya saymaq olar. Onda İrəvan və Bakıya açıq “siqnallar” var. Birincisi: Moskva İrəvana KTMT-i “antiazərbaycan yönündə” siyasiləşdirmək, bu qurumu öz maraqlarının girovuna çevirmək imkanı verməz. İkincisi: Bakı KTMT-də müşahidəçi statusu almaq istəyi göstərsə, onda belə bir təşəbbüs dəstəklənəcək. Nəhayət, maraq doğuran üçüncü siqnal. KTMT-yə qayıtmaq ideyası əvvəllər Azərbaycan hökuməti tərəfindən sələndirilibsə – düzdür, ancaq müxtəlif ekspert mülahizələri səviyyəsində – indi bu haqda Rusiyanın yüksəkməqamlı məmurları danışmağa başlayıblar. Niyə? Sanki öz-özünə ağla gələn nəticələrdən birinin mənası belədir: Rusiya özünün Cənubi Qafqaz siyasətinin bəzi cizgilərini təftişə başlayaraq bu mərhələdə hələlik ancaq Ermənistanın “məxməri inqilabı”na münasibətini sərgiləyir.

O biri yandan, “Paşinyan hökumətinin indiyədək İrəvan və Moskva arasındakı strateji ittifaqı şübhə altına qoya biləcək heç bir ifadə və hərəkətə yol vermədiyi”nə işarə edən ekspertlərlə razılaşmaq olar. Amma respublikada antirusiya əhvalının yüksəlişi görünəndir, Moskvada isə İrəvanın daxili siyasətindəki bəzi yönlərə görə ona münasibətdə heç də müsbət olmayan duyğusal-siyasi fon meydana çıxıb. Habelə istisna deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdə siyasi praktikaya yeni yanaşmalar tətbiq etməyə başlayır. Rusiyanın hərbi ekspertləri ideya səsləndirirlər ki, Azərbaycan və Ermənistanın KTMT-də iştirakı “iki ölkə arasında silahlı münaqişə riskini azalda bilər”, çünki blok iştirakçıları güc işlətməmək prinsipinə tərəfdar olmalı və öz aralarında və başqa dövlətlərlə bütün fikir ayrılıqlarını dinc yollarla həll etməlidir.

Amma hətta bu prinsipləri gözləyəndə də gec, ya tez münaqişənin qarşılıqlı qəbul edilən tənzimlənməsinə keçilməlidir ki, bu da hələlik yalnız nəzəri səviyyədə, bir də qarşılıqlı siyasi iradənin varlığı zamanı mümkündür. Nə qədər fırladırsan-fırlat, amma Bakı və İrəvanın, əlbəttə, Rusiya da daxil olmaqla ATƏT Minsk Qrupunun həmsədrləri arasında ehtimal edilən hansısa ziddiyyətləri əsasında oyunları nəticələrə səbəb olmayıb. Bakı İrəvanla, İrəvan da Bakı ilə  KTMT tipli birlikdə olmaqda məna görmür. Lakin bu zaman Azərbaycanda bir nömrəli siyasi prioritet sayılan Qarabağ problemini tənzimləmək hələ uzun illər asılı durumda olacaq. Dəyişikliklər mümkündür, ancaq ya tarixi miqyasda, ya da Ermənistanda titrəşim verən  siyasi dəyişikliklərlə. Bununla yanaşı, Tiflisin Abxaziya və Cənubi Osetiyaya görə barışmaz antirusiya mövqeyi tutduğu Gürcüstandan fərqli olaraq Bakı Rusiyanın barış prosesində iştirakını dəstəkləyir.

Fikrimizcə, Rusiya Minsk Qrupundan çıxarsa, onda güman etmirəm ki, Azərbaycan Qarabağ yönündə öz ssenarisini gerçəkləşdirməyə nail olar. Ermənistan da özününkünü. Buna görə də Azərbaycanın KTMT-yə üzvlüyü, heç olmasa, ona görə məntiqli görünür ki,  onun Rusiya ilə Dağıstan sahəsində quru sərhədi (284km), Xəzər dənizi akvatoriyası üzrə qonşuluğu var, bu, Moskva üçün isə artıq Azərbaycan üzərindən Dağlıq Qarabağa çıxmaq variantıdır. Paradoks bundadır ki, Bakıdan savayı Ankara və ola bilsin, Tehran da Rusiyanın Stepanakertdə (Xankəndində-tərc.) hərbi iştirakında maraqlıdır. Dünyada və bölgədə geopolitik durum hiss olunan dərəcədə dəyişilir və bütün daxili və xarici oyunçular qeyri-standart deyilən həllər aramağa başlayıblar. Borisov ilk gedişi göstərib. Sıradakını kim edəcək – Vaşinqton, Ankara, ya Brüssel?

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar