DEPUTATLARI “KÖLGƏ İQTİSADİYYATINA” TÖHFƏSİ VƏ… – Nazir “səsi gur gələn”lər deyərkən kimləri nəzərdə tuturdu?
14-09-2019, 17:51
Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə – İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfrans ölkə mətbuatının diqqətini cəlb edən əsas tədbirlərdən biri oldu. Tədbirdə vergilər naziri, DGK sədri, deputatlar və s. yüksək vəzifəli şəxslər çıxış edərək, “kölgə iqtisadiyyatının” ziyanından, onunla mübarizənin vacibliyindən danışdılar. Çox gözəl... Xüsusilə vergilər naziriMikayıl Cabbarovun çıxışında bəzi maraqlı məqamlar nəzərə çarpdı və nazir məhz onun sahəsində “kölgə iqtisadiyyatının” fəsadlarının daha çox hiss edildiyini anlatmağa çalışdı. Bununla yanaşı, M.Cabbarov hamının qanun qarşısında bərabər olduğunu söyləyərək, böyük ehtimalla sıravi, adi kiçik sahibkarlardan daha çox iri biznes sahibi olan məmur-oliqarxlara işarə vurdu:”“Kölgə iqtisadiyyatı” özünü ikili mühasibatlığın aparılmasında göstərir. Gəlirləri tam şəkildə bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur gələ bilər, lakin bu illeqal haldır. Qanun qarşısında hamı bərabərdir…” “Səsi gur gələn”lər təbii ki, kiçik və arxa-dayağı olmayan sahibkarlar deyil. Və görünür, nazir bu fikri işlədərkən daha çox bir müddət əvvəl deputat İqbal Məmmədovun Lerikdəki istirahət mərkəzində baş verənləri nəzərdə tuturdu.
Lakin bu çıxışın və ümumilikdə tədbirin maraqlı və parodoksal tərəflərindən biri də dəvətlilər arasında elə “kölgə iqtisadiyyatına” heç də az töhfə verməyən deputat-biznesmenlərin də olması idi. Və istər Mikayıl Cabbarov, istərsə də digər çıxış edənlər onların bizneslərindən çox yaxşı xəbərdardırlar. Ondan da xəbərdardırlar ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilməlidir. Buna baxmayaraq, deputatların böyük bir qismi bizneslə məşğul olur və onların bir neçəsi də həmin zalda əyləşmişdilər. Tədbirə aid şəkillərdən gözümüzə dəyən belədeputatlardan Ağalar Vəliyevi, Rüfət Quliyevi, Eldar Quliyev və Şəmsəddin Hacıyevi qeyd edə bilərik.Maraqlıdır, görəsən, həmin tədbirin təşkilatçıları bu millət vəkillərinin “kölgə iqtisadiyyatı”, korrupsiya, rüşvətxorluq kimi hallarla mübarizəyə hansısa formada dəstək verəcəklərinimi düşünürlər? Baxaq: Deputat Rüfət Quliyev Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC-nin rəhbəri və gerçək sahiblərindən sayılır. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində özü etiraf etmişdi ki, Azərbaycanda bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizin üstündə olduğunu iddia edirdilər. Onlardan birinin mətbuata verdiyi məlumatda deyilirdi:“Xüsusilə son 2 ildə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır…”
Deputat Ağalar Vəliyevdaha çox məşhur “Kristal Abşeron” Tikinti Şirkətinin sahibi kimi tanınır. Həmçinin, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri olan Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevinadına qeydiyyatdan keçmiş “PZ Servis” MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevinadına təsis olunmuş “Azital İnşaat” MMC və s. bu kimi biznes strukturlarının mövcud olduğu bildirilir. Deputatın xaricdə də biznesinin və mülklərinin olduğu iddia edilir. Bu yaxınlarda araşdırmaçı jurnalist Cavanşir Həsənlininpaylaşdığı məlumatda deyilirdi: “İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən “Aybar” oteli2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otel Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətininidarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsusdur. İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİüzərindən idarə olunur. Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzininsahibidir. Bundan başqa onun İSRAFİL MTK, RAHATLIQ MTK şirkətləri kommunal və servis xidmətləri göstərir. Deputatın Ukraynada da biznesi var…” Adını çəkdiyimiz digər deputatlar da bunlardan geri qalmır.
Budur bizim “kölgə iqtisadiyyatı” ilə mübarizə aparmalı olan deputatlarımız?Biz, yalnız sözügedən tədbirdə iştirak edən bəzi millət vəkilləri barədə qısa məlumat verdik, hələ parlamentdə oturan onlardan da iri biznesmen-deputatlar var. İndi sual yaranır ki, hər biri reallıqda ölkə konstitusiyasının müvafiq maddəsini pozan, öz mövqeyindən və mandatından biznesini çiçəkləndirmək üçün istifadə edən deputatların “kölgə iqtisadiyyatı” mövzusunda hökumətə, yaxud məlum tədbiri təşkil edən nazirlik və komitələrə hansısa köməyi dəyə bilərmi? Əlbəttə ki, yox. Ona görə də hörmətli vergilər nazirinin, DGK sədrinin və digərlərinin bu adamların qarşısında çıxış edərək, onlarla “kölgə iqtisadiyyatı”, korrupsiya mövzusunda müzakirə aparmalarına tragikomediyadan başqa ad vermək olmur. Yəni ki, hörmətli M.Cabbarovun nəzərdə tutduğu “səsi gur gələnlərin” bir qismi elə həmin zalda oturmuşdular… Cəlal MƏMMƏDOV AzPolitika.info