Con Defterios, Viktoriya Kavelyetr
CNN (ABŞ), 15.09.2019
Səudiyyə Ərəbistanının dünyanın ən böyük və ən önəmli neft hasilatı müəssisələri sırasına daxil olan əsas neftçıxarma obyektlərinə əlaqələndirilmiş zərbələr krallıqda hasilat həcminin yarıbayarı azalmasına səbəb olub – bu, dünya neft bazarının, təxminən, yarısıdır.
Yəmən husiləri şənbə günü, 14 sentyabrda bu hücuma görə məsuliyyəti öz üzərlərinə götürərək bildiriblər ki, 10 dron Əbkaikdə və Hurəysədə dövlətə məxsus “Saudi Aramco” şirkətinin neftçıxarma obyektlərinə hücum edib. Bu haqda husi informasiya agentliyi “Al-Masirah” məlumat verib.
Lakin bu hücumun əsas suallarına cavab hələlik yoxdur. ABŞ dövlət katibi Mayk Pompeo bu hücumda husi üsyançıları dəstəkləyən İranı ittiham edib. O, əlavə edib ki, “hücumların Yəmən tərəfdən həyata keçirildiyinə heç bir sübut yoxdur”.
İlkin məlumatlara görə, çox ehtimal ki, bu hücumları etmək üçün İraq ərazisindən istifadə olunub – bu haqda duruma bələd qaynaq xəbər verib. Yəməndənsə İraqın Səudiyyə Ərəbistanının hücum edilmiş müəssisələrinə xeyli yaxın yerləşən güneyində İranın xeyli nüfuzu var.
Pompeo özünün “Tvitter” səhifəsində yazıb: “İran dünyanın enerji daşıyıcılarının tədarükünə görünməmiş hücuma başlayıb”.
İran Xarici İşlər Nazirliyinin təmsilçisi Seyid Abbas Musəvi “kor-koranə ittihamlar və diplomatik kontekstdə yersiz şərhlər anlaşımaz və mənasızdır” deyərək, hücumların arxasında Tehranın durduğu ittihamını rədd edib.
İraq da öz ərazisindən bu hücumları etmək üçün istifadə edilıdiyi haqda məlumatı təkzib edib.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman bazar günü, 15 sentybarda verdiyi bəyanatda məlumatlandırıb ki, gündəlik xam neft və qaz hasilatı 5,7 milyon barrel azalıb. OPEK-in son məlumatına görə, ümumi hasilat gündə 9,8 milyon barrel olub.
Energetika nazirinin sözlərinə görə, “Aramco” şirkəti indiki anda neftin itirilmiş həcminin bərpası üzərində işləyir və yenilənmiş məlumatı iki gün ərzində verəcək. O bildirib: “Bu hücumlar krallığın təkcə həyat önəmli obyektlərinə deyil, dünya neft tədarüklərinə və onun təhlükəsizliyinə tuşlanıb, buna görə də dünya iqtisadiyyatı üçün təhlükə təşkil edir”.
Səudiyyə Ərəbistanının xarici işlər naziri təsdiqləyib ki, dronların hücumu iki neft qurğusunda yanğına səbəb olub. Nazirlik “Tvitter”dəki rəsmi səhifəsində məlumat verib ki, yanğınlar artıq nəzarətə götürülüb və hökumət araşdırmaya başlayıb.
Kolumbiya Universitetinin Kürəsəl Energetika Siyasəti Mərkəzinin direktoru Ceyson Bordoff öz bəyanatında qeyd edib: “Ehtimal ki, Əbkaik dünya neft tədarükü sistemində ən mühüm obyektdir. Neft qiymətləri bu hücumlardan sonra kəskin yüksələr”.
Dronların hücumu “Saudi Aramco” şirkətinin dünyada səhmləri ümumi, ən irihəcmli yerləşdirmə çərçivəsində açıq bazara çıxmaq üçün addımlar atdığı bir anda baş verib. “Aramco” apreldə öz istiqrazlarını beynəlxalq bazarda debüt paylaşdırılma çərçivəsində özünə böyük bir maraq cəlb edib. О, krallığın neft ehtiyatlarının müstəqil auditor yoxlanışını aparmaq göstərişini verib və gəlirlər haqda məlumatları dərc etməyə başlayıb. Krallıq son iki həftədə energetika nazirini və “Aramco”nun direktorlar şurasının sədrini dəyişib.
Dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı OPEK-in dünya qiymətlərini yüksəltməyə nail olmaq çərçivəsində neftin və başqa enerji resurslarının hasilat həcmini azaldıb. Dünyanın gündə 100 milyon barrelə yaxın təşkil edən neft hasilatı həcminin, təxminən, 10%-i Səudiyyə Ərəbistanının payına düşür.
Dünya Energetika Agentliyi şənbə günü, sentyabrın 14-də bildirib ki, Səudiyyə Ərəbistanındakı durumu izləyir. Agentliyin “Tvitter”dəki bəyanatında deyilir: “Biz Səudiyyə Ərəbistanı hökuməti, habelə əsas istehsalçı ölkələr və istehlakçı ölkələrlə əlaqə saxlayırıq. Bazarlar indiki anda yetərli kommersiya ehtiyatları ilə yaxşı təmin olunub”.
Bordoffun sözlərinə görə, Səudiyyə Ərəbistanı hasilatı ən yaxın zamanda artırmasa, “neft tədarükünün əlavə qaynağı sanksiyalar altındakı İran ola bilər”: “Lakin (ABŞ prezidenti Donald) Tramp artıq göstərib ki, hətta neft qiymətlərinin sıçrayışı halında da özünün maksimal basqı siyasətini bundan sonra da davam etdirməyə hazırdır. İstənilən halda indi bölgədə qiymətlərin sonrakı artımına səbəb olası qarşılıqlı eskalasiya riski xeyli çoxalıb”.
ABŞ energetika naziri Pik Perri lazım gələrsə, neft bazarını sabitləşdirmək üçün strateji neft ehtiyatından istifadə etməyə hazır olduğunu ifadə edib – bu haqda nazirliyin təmsilçisi öz açıqlamasında məlumat verib. ABŞ Energetika Nazirliyinin bir məmurunun sözlərinə görə, 1970-ci illərin neft böhranından sonra yaradılmış bir neçə neft anbarında ümumilikdə 630 milyon barrel neft var.
Cümə günü, sentyabrın 13-də neftin qiymətləri düşüb və Brent markalı neftin bir barreli sonda 60,22 dollara satılıb.
Tərcümə Strateq.az-ındır.