“DRON HÜCUMLARI İRAQDAN HƏYATA KEÇİRİLİB” –İraq kəşfiyyatçısı həmləni "Tehranın qisası" adlandırır - TƏHLİL

16-09-2019, 17:47   

Devid Hirst

“Middle East Eye”, 15.09.2019

 

Şənbə günü səhər Səudiyyə Ərəbistanının neft sənayesini iflic edən və xam neft hasilatını 2 dəfə azaldan həmlələr İraqın cənubundakı “Haşdi-Şəabi” bazalarından havalanan İran dronları tərəfindən həyata keçirilib.

Bunu MEE-ya İraq kəşfiyyatının anonim əməkdaşı bildirib.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanının şərqindəki 2 əsas “Aramco” qurğusuna edilən hücumlar, avqust ayında Səudiyyənin koordinasiya etdiyi və maliyyələşdirdiyi “Haşdi-Şəabi” bazalarına İsrail dronlarının zərbələrinin qisasıdır.

“Son hücumun iki səbəbi var: ABŞ-a və müttəfiqlərinə İranın mühasirəsi davam etdiyi müddətdə bölgədə sabitlik olmayacaq mesajının çatdırılması; İsrailin Suriyada SDF nəzarətindəki bölgələrdən İran tərəfdarı milislərin bazalarına PUA hücumlarına görə qisas”.

Mənbə əlavə edib: “İsrailin hücumları səudiyyəlilər tərəfindən dəstəklənib və maliyyələşdirilib. Buna görə son hücum dağıdıcı olub. Əvvəlki hücumlar daha çox simvolik idi və az zərər verdilər”.

Avqust ayında “Haşd” milisinə “Suriya Demokratik Qüvvələri”nin (SDF) nəzarəti altındakı kürd bazalarından İraqın şimal-şərq bölgələrinə hücum edilib. Dronlar bazalar, silah anbarları və “Haşdi-Şəabi”yə məxsus bir karvanı vurub, 1 döyüşçü öldürülüb, digəri isə ağır yaralanıb.

İraq kəşfiyyat rəsmisi həmlələrin Səudiyyə Ərəbistanı körfəz işləri üzrə naziri Samər əl-Sübhanın iyunda Suriyadakı SDF ərazisinə səfəri zamanı planlaşdırıldığını bildirib.

 

Sarayın üzərindəki PUA

İraq kəşfiyyatçısı dronların konkret hansı bazadan havalandığını söyləməkdən imtina edib.

O bildirib ki, İraqın cənubu ilə Səudiyyə neft mədənləri arasındakı məsafə (500-600 km) Yəmənin şimalındakı husi bazalarına nisbətən qısadır.

Dronların Yəməndən 1100-1300 km arasındakı məsafəni qət etməli olduqlarını nəzərə aldıqda, husi PUA-ları atəşə tutula bilərdi.

İraqdan cənuba, Səudiyyə Ərəbistanının şərqindəki neft mədənlərinə dronların uçuş yolu dənizdən və ya Küveytin hava məkanından baş tutub.

Küveyt mediası Şənbə günü 3 metrlik pilotsuz təyyarələrin Küveyt şəhərinin mərkəzindəki Dar Səlva Sarayının üstündən uçduğunu yazıb. “Əl-Rəy” qəzeti dəniz tərəfdən gələn 3 metr uzunluğunda pilotsuz təyyarənin saraydan 250 metr yüksəklikdə uçduğunu qeyd edib. Dron əl-Bədaa çimərliyi yaxınlığında fırlanıb və Küveyt şəhərinə istiqamətlənib.

Bazar günü Küveyt hökuməti pilotsuz uçuş aparatları məsələsini araşdırdığını bildirib.

“Təhlükəsizlik xidməti rəhbərliyi Küveyt şəhərinin sahil zolağı üzərindəki pilotsuz təyyarənin görünməsi və bunun qarşısının alınması üçün hansı tədbirlərin görülməsi ilə bağlı lazımi araşdırmalara başlayıb”, – deyə kabinə öz “Twitter” hesabında bildirib.

Baş nazir Şeyx Cabir əl-Mübarək əs-Sabah hərbi və təhlükəsizlik işçilərinə Körfəzin OPEC istehsalçısı olan qurğularda təhlükəsizliyi sərtləşdirməyə və “Küveytin təhlükəsizliyini qorumaq üçün” bütün lazımi tədbirləri görməyə dair göstəriş verib.

 

İraqın təkzibi

Husilər Şənbə günü hücum üçün məsuliyyəti öz üzərinə götürüb, ancaq iraqlı rəsmi deyib: “Bu, husilər deyildi. “Haşdi-Şəabi” bazalarından havalanan İran dronları idi”.

İraq hökuməti Səudiyyə obyektlərinə PUA həmləsinin öz ərazisindən həyata keçirilməsini inkar edən bir bəyanat verməyə məcbur olub.

Baş nazirin mətbuat xidmətindən verilən açıqlamada deyilir: “İraq, Səudiyyə Ərəbistanının neft qurğularına pilotsuz uçuş aparatları ilə hücum üçün ərazilərinin istifadəsi barədə KİV və sosial mediada yayılan xəbərləri təkzib edir”.

 

Daşla qaya arasında

İraq baş naziri Adil Əbdülmehdi aylardır ABŞ və İran arasındakı proksi müharibəsində ölkəsinin döyüş bölgəsi olaraq istifadə edilməsinin qarşısını almağa səy göstərir.

Bu ilin əvvəlində ABŞ hərbçiləri Körfəzdəki neft obyektlərinə PUA zərbələri endirdikdən sonra İraq “Hizbullah”ının hava limanına zərbə endirmək niyyətinə işarə edib.

Əbdülmehdi qapalı şəkildə amerikalıların istədikləri yeri vurmasını dayandıra, həm də İranın dəstəklədiyi milislərin ABŞ qoşunları və İraqdakı bazalarına cavab zərbələrinin qarşısını ala bilmədiyini bildirib.

ABŞ-ın İraq “Hizbullahı”na hücumu baş tutmayıb. Bunun əvəzinə ABŞ İsrailə Suriyanın şimal-şərqindəki SDF bazalarından PUA istifadə etməyə icazə verib.

Avqust ayında Əbdülmehdi İsraili İraq ərazisindəki hədəflərə hücumda ittiham etmək üçün böyük təzyiqə məruz qalıb.

“Baş nazirimiz daşla qaya arasındadır”. Bunu İraq kəşfiyyatındakı mənbə deyib. “O, həm iranlılara, həm də amerikalılara İraqın on illərlik müharibələrdən, münaqişələrdən və vətəndaş müharibəsindən sonra tükəndiyini söyləyib”.

Şənbə günü ABŞ dövlət katibi Mayk Pompeo İranı Səudiyyə Ərəbistanına edilən hücumlara rəhbərlik etməkdə günahlandırıb və Tehranı saxta diplomatiya ilə məşğul olmaqda ittiham edib. “Ruhani və Zərif diplomatiya ilə məşğul olduqlarını iddia edərkən, Tehran Səudiyyə Ərəbistanına 100-ə yaxın hücumun arxasında dayanır”, – deyə Pompeo “Twitter”-də yazıb. – Eskalasiya ilə bağlı bütün çağırışlara baxmayaraq, İran indi dünyanın enerji təchizatına misli görünməmiş hücum başlayıb”.

Pompeo tvitdə hücumların mənşəyinə dair heç bir dəlil təqdim etməyib.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar