“AzPolitika.info”son dövrlər hakimiyyət daxilində baş verən proseslər, iqtidar və müxalifəti təmsil edən bəzi siyasi partiyaların birgə dəyirmi masa təşkil etməsi, bunun səbəb və nəticələri mövzusunda sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynləsöhbətləşib. - Pənah bəy, son günlər sanki siyasi proseslərdə aktivləşmə müşahidə edilir. YAP icra katibinin müavini Siyavuş Novruzovun məlum bəyanatı, Milli Məclisin komitə sədri Eldar İbrahimovun açıqlaması, Qüdrət Həsənquliyevin ona cavabı müzakirə edilən əsas mövzulardır. Sizcə, hakimiyyət düşərgəsində hansı proses yaşanır? – Nəzərə alın ki, mən siyasi təhlilçi deyil, partiya sədriyəm. Odur ki, bu suala siyasi şərhçilər və ya Yeni Azərbaycan Partiyasında (YAP) adını çəkdiyiniz şəxslər aydın və dolğun cavab verə bilər. Amma o fikirlə razı deyiləm ki, guya siyasi fəallıq Siyavuş Novruzovun açıqlamasından sonra başlayıb. Ümumiyyətlə, ölkə 2018-ci ilin ikinci yarısından ciddi dəyişikliklər müşahidə olunur. Baxmayaraq ki, bunu müxtəlif dairələr müxtəlif cür başa düşürlər. Hər halda dəyişikliklərin zəruriliyi barədə düşüncələr, diskusiyalar, müzakirələr və buna yönəlik hərəkətlər müşahidə olunur. Bu, keçən il Qarabağ mitinqi ilə başlanılıb. Ondan əvvəl – yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinq bu prosesdə ciddi hadisə sayılır. Eləcədə həmin ərəfədə Prezidentin fərman və sərancamları oldu və bunların nəticəsində ölkədə gedən proseslərdən qaynaqlanan sosial-iqtisadi hadisələr oldu. Daha sonra siyasi partiyalar müəyyən təşəbbüslər irəli sürdü. O cümlədən bir qrup partiya “Köklü islahatlar və dəyişikliklərə dair təşəbbüs”lə çıxış etdi və müvafiq tədbirlər həyata keçirildi. Sentyabrın 11-də Ana Vətən Partiyasının təşəbbüsü ilə keçirilən tədbir də bu istiqamətdə bir addımdır. O cümlədən xaricdə internet məkanında gedən proseslər var. Bunları da Azərbaycan siyasətinə təsir edən hadisələr hesab edirəm. Ölkədə ciddi dəyişiklik ab-havası var. Siyasi canlanmanın mənbəyi də bundan ibarətdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, parlament seçkiləri gözlənilir və bunu da bir amil kimi nəzərə almamaq mümkün deyil. Hakimiyyətdaxili münasibətlər barədə cəmiyyətə daxil olan, ötürülən və ya eşidilən informasiyalar da mühüm təsiredici amil kimi ortadadır. Mən bu məqamları qeyd edərdim və prinipcə bu məsələlərdə mənim və partiyamızın mövqeyi köklü islahatlara dair platformada öz əksini tapıb. Başqa sözlə, biz ciddi, fundamental, sistemli, ardıcıl və dərin xarakterli, sosial, iqtisadi və siyasi islahatların vəhdətli şəkildə aparılmasını faydalı hesab edirik. - Siz təcrübəli siyasətçisiniz, konkret olaraq hakimiyyət daxilində baş verən və bunun mətbuata yansıyan tərəfləri bir partiya sədri olaraq sizin üçün gözlənilən idimi? – Əlbəttə, burada düşündürücü məqamlar var. Siyavuş Novruzov hakim partiyanın rəhbərlərindən biri və iqtidar siyasətinin əsas təmsilçisi kimi cəmiyyətdə tanınır. Onun öz iqtidarları dövründə ayrı-ayrı nazirlər və vəzifəli şəxslərin milyardlarla pul qazandığını elan etməsi çox ciddi bir etiraf, paralel olaraq ciddi məsələdir. Bu, sadəcə olaraq bir müxalifət siyasətçisinin və ya araşdırıcı jurnalistin sözü yox, mötəbər instansiyadan səslənən fikir və məlumatdır. Milli Məclisin komitə sədri Eldar İbrahimovun dedikləri fikir çox yksək səviyyədə, konkret olaraq prezidentin köməkçisi Əli Həsənov, habelə YAP-ın icra katibi və baş nazirin müavini Əli Əhmədov tərəfindən təkzib edildi, bəyan olundu ki, İbrahimovun dedikləri Prezidentin mövqeyini ifadə etmir. Amma bütün hallarda bunlar ciddi fikir ayrılıqlarından və hakim düşərgədəki həyacanlanmadan xəbər verir. Nəzərə alın ki, Eldar İbrahimov indiki iqtidarın formalaşmasında rolu olan şəxslərdən biri, Milli Məclisin komitə sədridir. Onun belə bir bəyanatla çıxış etməsi hansısa impulsiv məqamla bağlı ola bilməz. - Sizcə, hakimiyyət daxilində indi hansı proses gedir? – Bu barədə müxtəlif məlumatlar səslənir, amma mənim birbaşa informasiyam olmadığı üçün fikir işlətməyi doğru hesab etmirəm. - Sentyabrın 11-də siyasi partiyalar arasında keçirilən təbirdə siz belə fikir səsləndirmisiniz ki, hakimiyyət daxilində kimlərsə partiyaların tədbirə qatılmasına razılıq verməyib… – Mənim bu məsələyə şərhim yoxdur. Ümumiyyətlə, “tədbirin baş tutmasında maraqlı olmayan iqtidar dairələri vardır” fikrinə təxminən bu məzmunda münasibət səsləndirdim. Əlbəttə, orada dəvət olunub iştirak etməyən bəzi partiyaların addımını bu cür də izah etmək mümkündür. Üstəlik, hələlik bununla bağlı təkzib də yoxdur. Bundan əvlavə tədbirə bəzi partiyaların niyə dəvət edilməməsi də məncə, qruplararası münasibətlərlə əlaqələndirilə bilər. Amma dediklərim xeyli dərəcədə həm də ehtimaldır. - Siz hansı qrupları nəzərdə tutursunuz? – Mənim bu məsələyə aydınlıq gətirmək üçün kifayət qədər informasiyam yoxdur. - Bundan sonra hansı gözləntiləriniz var, hansı proseslər və ssenarilər ortaya çıxa bilər? – Mənim gözləntim yoxdur, istədiyim odur ki, proses davam etsin və cəmiyyətdə ciddi, fundamental islahatlar aparılsın, cəmiyyət dəyişsin. Bunun üçün ədalətli seçkilərin keçirilməsi vacib şərtdir. Eləcədə korrupsiyaya qarşı real mübarizənin aparılması vacib və zamanın tələbidir. Müxalifətlə münasibətlərin nizamlanması, daha sivil olması da şərtlərdən biridir. Biz bu istiqamətdə konkret və real proqram irəli sürmüşük və alternativ proqramları müzakirə etməyə də hazırıq. - Dediyiniz şərtləri hakimiyyət həyata keçirməyə hazırdırmı? – Əvvəlcədən hakimiyyətin buna hazır olub-olmadığını deyə bilmərəm. Hesab edirəm ki, praktika buna cavab verəcək. - Sentyabrın 11-də iqtidar və bəzi müxalifət partiyalarının başlatdığı müzakirələrin davamını gözləyirsiniz, yoxsa sadəcə iqtidara belə bir görüntü lazım idi? – Mən, adətən “nəyisə gözləyirəm”, “ehtimal edirəm” ifadələrindən uzaq dururam. Mən adətən nəyinsə olması və ya olmaması üçün çalışıram. Mən istəyirəm ki, belə görüşlər davam etsin. Amma nəzərə almaq lazımdır ki, bu ancaq bizdən asılı olan məsələ deyil. Vaqif NƏSİBOV AzPolitika.info