Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın dünən qəfildən istefa verməsi onunla baş nazir Nikol Paşinyan arasında Qarabağa dair yaranmış ixtilaflarla bağlı ola bilər.
Virtualaz.org xəbər verir ki, belə versiya erməni KİV-lərində irəli sürülür. Artur Vanetsyan demarş xarakterli bəyanatla çıxış edərək bu vəzifədə qalmasını “zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb. Və istefasının “ayıldıcı mesaj” olduğunu vurğulayıb.
Ermənilərə bağlı “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov hesab edir ki, Artur Vanetsyanın istefası ilk iri istefadır və Paşinyanın hökumətində baş vermiş böyük çatdır. “Bu, baş nazir üçün çox pis və kədərli hadisədir”,-o bildirir.
Hərçənd Kolerov hesab edir ki, Vanetsyanın Qarabağa dair yaranmış ixtilaflara görə istefa verməsini o qədər də ağlabatan hesab etmir. Çünki onun yaydığı bəyanatda Qarabağ mövzusuna dair hər hansı eyham yoxdur.
Qeyd edək ki, Artur Vanetsyan da Qarabağ məsələsində Paşinyan kimi avantürist, qızışdırıcı və təcavüzkar bəyanatlar verirdi. Daha doğrusu belə təxribatçı fəaliyyətdə Paşinyandan bir addım irəlidə idi, baş nazirdən daha əvvəl “bir qarış da olsun torpaq qaytarmamaq” xəttinə sadiqliyini ifadə etmişdi. Belə ki, 2019-cu ilin əvvəllərində Vanetsyan işğal altındakı Füzuli rayonuna baş çəkərək bu ərazilərin qaytarılacağı barədə söz-söhbətlərin yalan olduğunu deyib. Bildirib ki, əksinə, Arazboyu ərazilər məskunlaşdırılacaq və ora Ermənistandan yol çəkiləcək.
virtualaz.org