SSRİ vətəndaşları bu şəhərdə baş verən hadisələri yalnız “Vremya” proqramındakı “xarici ölkə xəbərləri” blokunda görə bilərdilər. Etirazçıların şəhəri xarabaya çevirməsi, hüquq-mühfizə orqanlarının inzibati binalarının yandırılması, dövlət və hökumət əleyhinə sərt ifadələrin, şüarların səsləndirilməsi kimi səhnələr sovet cəmiyyəti üçün yad mənzərələr sayılırdı. Əslində isə bu reallıq idi. Narazı kütlələr öz etirazlarını bildirmək üçün kiçik bir bəhanə axtarırdılar.
Qiyamla nəticələnən bu cür bəhanələrdən birinə isə Rusiyanın Vladimir vilayətinin Murom şəhər sakini Yuri Kostikov səbəb olub.
26 iyun 1961-ci ildə Orconikidze adına zavodun məişət soyuducuları sexinin işçisi Kostikov şəhərin mərkəzi küçələrinin birində sərxoş vəziyyətdə hərəkətdə olan yük maşınının yük banına tullanmaq istəyib. Cəhdi baş tutmayan Kostikov yerə yıxılaraq başından zədə alıb. Bu hadisənin baş verdiyi anda Murom şəhər daxili işlər şöbəsinin rəisi Pavlov xidməti avtomobili ilə həmin ərazidən keçib. Rəis təcili patrul xidmətini hadisə yerinə çağırıb və Kostikovu şöbəyə aparıblar.
Bütün gecəni şöbənin müvəqqəti saxlama kamerasında qalan Kostikovun səhər səhhətində ciddi problem yaranıb. Təcili yardım briqadası onu xəstəxanaya çatdırsa da, Kostikovun həyatını xilas etmək mümkün olmayıb.
Şəhərə xəbər yayılıb ki, Kostikov milislərin döyməsi nəticəsində ölüb. Zavodda iclas keçirilib, yerli orqanların ünvanına sərt ifadələr söylənilib. Şəhər prokuroru və məhkəmə-tibb ekspertləri iclasda iştirak edərək Kostikovun ölümünün səbəbinin bədbəxt hadisə olduğunu qeyd ediblər. Zavod kollektivi bununla razılaşmayaraq Moskvadan ekspertlərin gəlməyini tələb ediblər.
İyunun 30-da Kostikovu dəfn etdikdən sonra dəfndə iştirak edən minlərlə insan milis şöbəsinə üz tutublar. Fəallar çox kəskin şüarlar, “Faşist milislərə ölüm”, “Pavlov qatildir” deyə qışqıraraq etirazçıları milis şöbəsinə hücum etməyə çağırıblar.
Yüzlərlə insan şöbənin binasına daxil olub, sənədlər yandırılıb, milislər döyülüb, müvəqqəti saxlama kameralarında olan 48 nəfər qaçmağa nail olub, şöbənin silah saxlanılan xüsusi otağının dəmir qapısı sındırılıb, oradan 68 tabel silahı və 1000-dən artıq güllə götürülüb, rabitə vasitələri yararsız vəziyyətə salınıb, xidməti avtomobillər yandırılıb, sonda isə binaya od vurublar. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər və yanğın avtomobillərinin qarşısı kəsilib.
Etirazçılar daha sonra yaxınlıqda yerləşən DTK-nın yerli şöbəsinin binasına üz tutublar, eyni hadisələr burada da təkrar olunub.
Milislər qiyamın qarşısını ala bilməyiblər. Hadisə ilə bağlı əvvəlcə vilayət mərkəzinə, Vladimir şəhərinə məlumat verilib. Vilayət İcraiyyə Komitəsinin sədri Suşkov təcili Muroma gəlib. O, qiyamçıların qarşısına çıxıb onları sakitləşdirmək istəyəndə, onu fitə basıb məcburi maşınına əyləşdiriblər.
Şəhərdə vəziyyətin tam nəzarətdən çıxmasını və qarşısını heç bir vasitə ilə almasının mümkün olmadığını anlayan vilayət rəhbərliyi Kremlə məlumat verib. Hadisə ilə bağlı Nikita Xruşova məruzə edilib. Xruşov məsələni bir cümlə ilə həll edib:
- İnsanlar yaxşı yaşamaqdan beziblər, qoşun yeridin!!!
Beləliklə, Murom şəhərinə daxili qoşunların qüvvələri yeridilib. Keçirilən iki saatlıq “tədbir”dən sonra şəhərdə stabillik bərpa olunub.
Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaqa 300 nəfərdən artıq adam cəlb olunub. Məhkəmənin hökmü ilə 19 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. 3 nəfər haqqında isə məhkəmə ən ağır cəza, güllələnmə hökmünü çıxarıb.
Kremldə isə daha böyük “məhkəmə” qurulub. Vladimir vilayət Partiya Komitəsinin birinci katibi Mayorov, DTK-nın vilayət idarəsinin rəisi Kondakov, vilayət daxili işlər idarəsinin rəisi Romanov, Murom şəhərinin rəhbərləri tutduqları vəzifədən azad olunublar.
Vilayət rəhəbərliyindən yalnız İcraiyyə Komitəsinin sədri Suşkov vəzifəsində qalıb. Kremldə onun adı müzakirəyə çıxarılanda Xruşov Suşkova töhmət verməklə kifaəyətlinib:
- Suşkov vilayətdə yeganə cürətli adamdır ki, o, kişi kimi qiyamçıların qarşısına çıxıb. Amma təəsüf ki, onlarla dil tapa bilməyib. Bu “təəssüf”ə görə o, töhmətlə cəzalandırılmalıdır...
Beləliklə, uzun illər gizli saxlanılan, “ideal” sovet cəmiyyətinin narazı bir səhifəsi də tarixə yazılıb. Tarixçilər tərəfindən Murom qiyamı həm də Xruşovun yarıtmaz fəaliyyətinin yaratdığı fəsadlardan biri kimi qiymətləndirilib. Və bu sonuncu fəsad deyildi...
İlham Cəmiloğlu, Musavat.com