Pentaqondan xəbərdarlıq: “İrana hərbi əks-cavab tövsiyə etmirik!” –TRAMP HƏRBÇİLƏRİN MÖVQEYİ İLƏ HESABLAŞMAYA BİLƏR

17-09-2019, 17:05   

Missi Rayan, Dan Lamot

Washington Post”, 17.09.2019

 

Bazar ertəsi günü, sentyabrın 16-da Pentaqon rəsmiləri Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən son hücumlara təmkinli cavab verilməsini tövsiyə edib. Müdafiə Nazirliyi administrasiyanın Amerikanın əsas müttəfiqinə həmlədə günahlandırdığı İranla potensial qarşıdurmaya qarşı çıxıb.

Səudiyyə Ərəbistanında ard-arda baş verən partlayışlardan 2 gün keçdikdən, sünni krallığın neft tədarükü yarıyadək azaldıqdan və əsas rəqibi olan İranla gərginliyi kəskin şəkildə artdıqdan sonra müdafiə naziri Mark Esper Ağ Evdə prezident Tramp və milli təhlükəsizlik səlahiyyətliləri ilə görüşüb.

Yəmənin husi üsyançılar; hücumlara gərə məsuliyyəti öz üzərinə götürsə də, Tramp administrasiyası səlahiyyətliləri Səudiyyə Ərəbistanının neft şirkəti olan “Aramco”-ya məxsus 2 obyektin hədəfə alınmasının İrandan başladığın iddia edib. Bu doğrudursa, Yaxın Şərqin aparıcı regional gücləri arasında böyük eskalasiya gözlənilir.

“Twitter”-də yayımlanan bir mesajında Esper bildirib ki, ABŞ-ın hərbi və digər dövlət qurumları “bu görünməmiş hücumun təkrarlanmasını aradan qaldırmaq və İran tərəfindən pozulan beynəlxalq müdafiəni bərpa etmək üçün tərəfdaşları ilə birlikdə çalışır”.

Pentaqonun Yaxın Şərqdəki üsyançı müharibələri ləğv etmək və diqqəti Çinlə rəqabətə yönəlmək istədiyi bir vaxtda, hərbi səlahiyyətlilər ABŞ-ı İranla qanlı qarşıdurmaya sövq edə biləcək gərginliklərin qarşısını almağa çağırırlar.

Adının açıqlanmaması şərtiylə danışan səlahiyyətlilər, həftəsonu hücumlarında heç bir Amerika işçisi və ya obyektinin hədəfə alınmadığını vurğulayıb, ABŞ-ın birbaşa hərbi cavabının verməməsini təklif ediblər. Həmçinin, belə bir hərəkətin zəruri olduğu təqdirdə, administrasiyanın hərəkətə keçməsi üçün etibarlı hüquqi əsas tapmalı olduğunu söyləyiblər.

Pentaqon rəsmiləri İranla gərginliyin nəzarətdən çıxacağı təqdirdə, Misirdən Pakistana qədər uzanan ABŞ Mərkəzi Komandanlığının ən azı 70 min hərbçisi üçün risklərin olduğunu vurğulayıblar.

Tramp administrasiyasının son 18 ay ərzində İrana qarşı “quzğun” siyasət yürütdüyü, o cümlədən prezidentin Tehranla nüvə sazişindən çıxması, İran və onun tərəfdaşları əleyhinə yeni sərt sanksiyalar tətbiq etməsi ilə bağlı da müdafiə rəsmiləri dəfələrlə oxşar narahatlıqlarını bildiriblər.

İyun ayında bir Amerika PUA-sının vurulmasından sonra Tramp İran daxilindəki hərbi obyektlərə zərbə endirilməsinə əvvəlcə icazə verib, daha sonra onu ləğv edib. O, 150-dək İran əsgərinin öləcəyi barədə məlumat aldıqdan sonra fikrini dəyişib.

Amma Bazar ertəsi günü Tramp yaxın günlərdə qisas hücumunun məqsədəuyğun olacağı rəyinə gəlib. Bir müxbirin zərbənin ölümcül olub-olmayacağına dair sualına prezident: “Bəli, məhz belə deyərdim” cavabını verib.

Ötən Şənbə gününün hücumları administrasiyanın sərt İran mövqeyinə rəhbərlik edən milli təhlükəsizlik üzrə müşavir Con Boltonun gedişindən bir həftə sonra baş verib. Pentaqon rəsmiləri Boltonun təsadüfən və ya birlərəkdən ABŞ-ı müharibəyə sürükləyə biləcəyinə dair narahatlıqlarını fərdi şəkildə bildirsə də, yeni açıq hərbi əməliyyatlardan yayınmaq istəyən prezidentin simasında özlərinə müttəfiq tapıblar.

Boltonun gedişindən sonra administrasiyanın İran siyasətinin necə dəyişəcəyi məlum deyil. Dövlət katibi Mayk Pompeo başda olmaqla, digər yüksək vəzifəli şəxslər də, o cümlədən senator Lindsi Qraham kimi nüfuzlu Tramp müttəfiqləri İranla bağlı sərt fikirlər söyləyirlər.

Müdafiə və kəşfiyyat rəsmiləri hücumun məsuliyyətini İranın üzərinə qoymaq üçün məlumatların toplanmasını davam etdirirlər.

İranın hücumda ehtimal olunan roluna gəlincə, Tramp Bazar ertəsi jurnalistlərə “Məsələ bu cür görünür”, – deyib, ancaq qarşıdurmanın qarşısını almağa ümid etdiyini söyləyib: “Mən müharibə etmək istəməyən biriyəm”.

Müzakirələrin davam etdiyi müddətdə Pentaqon rəsmiləri, bölgədə qoşun sayının artırılması və müdafiənin sərtləşdirilməsi kimi birbaşa güc tətbiq etməməklə, yeni çəkindirmə tədbirlərinin görülməsini təklif edə bilər.

Bir vaxtlar NATO-nun komandanı olmuş admiral Cim Stavridis deyib ki, ABŞ İranın hücumlarda iştirak etdiyinə şübhə etmədiyi təqdirdə, növbəti addım beynəlxalq birliyə dəlil təqdim etmə və ya Tehranı BMT Təhlükəsizlik Şurasında qınama ola bilər.

Administrasiya, eyni zamanda, avropalı müttəfiqlərini də İranla nüvə sazişindən uzaqlaşdırmağa, sanksiyaları gücləndirməyə və ya qarşılıqlı tədbir olaraq İranın enerji infrastrukturuna qarşı raket və gizli hücumlara cəhd göstərəcək.

Stavridis iddia edib ki, istənilən təpki müttəfiqlərlə birlikdə olmalıdır. Onun fikrincə, Səudiyyə Ərəbistanı cavab hücumundan əvvəl öz raket və kiber müdafiəsini gücləndirmək istəyəcək, müttəfiqlərini Fars körfəzi ətrafında ticarət gəmilərini qoruyan hərbi əməliyyatlara qoşulmağa çağıracaq.

Məmurlar öz seçimlərini nəzərdən keçirərkən, bəzi millət vəkilləri administrasiyanın Tehrana qarşı hərbi əməliyyatlar keçirmək imkanlarını məhdudlaşdırmaq istəyirlər.

Senator Tom Udall deyib: “İranın bölgədəki davranışı bir çox səviyyələrdə olduqca problemlidir, lakin Səudiyyə Ərəbistanının neft maraqları ABŞ-ın müharibəyə gedib-getməyəcəyini müəyyən etmir”.

Obama administrasiyasında Yaxın Şərq üzrə səlahiyyətli, hazırda Beynəlxalq Böhran Qrupunun prezidenti vəzifəsini icra edən Robert Malli bildirib ki, hətta Konqres icazə vermədiyi təqdirdə, administrasiya qisas hücumu üçün qanuni  əsas fikirləşəcək.

Prezident kiber cavab da verə bilər. İyun ayında Tramp İrana raket zərbəsi etməyi düşünərkən, Pentaqon həmlənin həyata keçirilməsinə kömək etmək üçün kiber hücum hazırlayıb. Məsələyə bələd olan insanların sözlərinə görə, Amerika düşmən silahlarının atəş açmaması üçün raket atışlarını idarə edən İranın kompüter sistemlərini sıradan çıxarmaq istəyib.

İslam İnqilabı Keşikçiləri Korpusu bölgədəki ABŞ PUA-sını vurduqdan bir neçə saat sonra Kiber Komandanlıq Fars körfəzində neft tankerlərinə hücum planlaşdırmaq üçün İİKK-nin istifadə etdiyi kompüter məlumat bazasını pozub. Bu cür hərəkətlər açıq qarşıdurma riski olmadan təsirli görünür.

Rəsmilər heç bir hərbi addımı gözləməsə də, Ağ Evin qəfil qərar ehtimalı var.

Stavridis deyib: “Hamı nəfəsini içəri çəkib. Heç kim, həqiqətən, aqibəti bilmir”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar