DƏQİQ BİLİRƏM Kİ, ONUN DEDİKLƏRİNİN MƏNƏ DƏXLİ YOXDUR…” – “Parlamentdə belələri var, Eldar müəllim onları deyib”
17-09-2019, 19:29
“Mən mülkiyyət bölgüsündə iştirakçılıq istəyindən başqa bir şey görmürəm…” Ali Məhkəmənin sabiq sədri, Milli Məclisin deputatı və Vəhdət Partiyasının sədri Tahir Kərimlinin“AzPolitika.info”-ya müsahibəsi: - Tahir bəy, son aylarda ölkə siyasətində aktivləşmə müşahidə edilir. Sizcə buna səbəb nədir? – Məncə, seçkiöncəsi siyasi fəallıq daima müşahidə olunur. İndi parlament məzuniyyətdən qayıdıb, sentyabr ayını yaşayırıq, təcrübədən də bilinir ki, partiyalar payız mövsümündə aktivləşirlər. Eyni zamanda dekabrda seçkilərdir və hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə start verib. Digər partiyalar da burada qeyri-ixtiyarı təmsil olunmaq istəyirlər. Eləcədə beynəlxalq qüvvələrin də buna marağı var. Yəni birincisi seçkilərlə bağlıdır və bu daha çox obyektiv səbəbdir. Məncə, ikinci səbəb də var və bu subyektiv siyasi səbəbdir. Prezident artıq 16 ildir ki, hakimiyyətdədir və səhv etmirəmsə, ildə iki dəfə məzuniyyətə gedir. Prezident hər dəfə məzuniyyətə gedəndə onun ətrafında böyük ajiotaj yaradır, şayiələr yayırlar. Bizim ölkədə də Prezidentin getdiyi yerin elan olunması ənənəsi yoxdur. Digər tərəfdən, Prezident məzuniyyətə getdikdən sonra o qədər şayiələr yayıb özlərini, eləcədə başqalarını buna inandırırlar, amma sabah məlum olur ki, bunlar yalandır. Fikrimcə, belə əsassız şayiələr də insanları çaşdırır, qarşıdurmanı artırmağa xidmət edir. Son dövrdə də eyni vəziyyət müşahidə edildi, şayiələr yayıldı. Müəyyən qədər fəallıq artdı. Düşünürəm ki, bu iki faktor ciddi vəziyyət yaradıb. İndi elə vəziyyətdir ki, ictimai münasibətlər, ümumi qüvvələr balansı diktə edir ki, iqtidar-müxalifət dialoqu olsun. Hiss edilir ki, hər iki tərəf düşmənçilikdən əl çəkmək, müəyyən məsləhətləşmələr aparmaq niyyətindədir. Yəni dövlət daha çox oturuşduqca və hər kəs özünə daha çox arxayın olduqdan sonra dialoq meyli yaranır. Qarşılıqlı tənqidlə yanaşı bir səmiyyət, təmaslar yaranması arzu olunandır. Məsələ bundan ibarətdir. Qəti şəkildə burada ciddi bir məsələnin olması, “ay inqilabın baş verəcəyi” kimi fikirləri rədd edirəm. Bunlar boş və əsassız şeylərdir.
- YAP icra katibi Siyavuş Novruzov açıq formada YAP iqtidarında təmsil olunan yüksək çinli sabiq məmurları tənqid etdi. Ad çəkmədən onları milyardlar toplamaqda, ortaya mövqe qoymamaqda və bəzi hallarda xaricdəki söyüş qruplarını maliyyələşdirməkdə ittiham etdi. Bu bəyanatın ortaya çıxmasına səbəb nə olub? – Əslində söyüş müxalifəti və ya söyüş arenası, mən bilmirəm onları necə adlandıraq, amma həqiqətən də onların iki mənbəyi var. Birincisi, Azərbaycanda hökuməti təzyiqdə saxlamaq üçün müəyyən qrupları təşkil etmək, müəyyən ictimai rəy yaratmaq üçün xarici mənbələrdir. Onlar leqal və qeyri-leqal yardımlar edirlər. İkincisi, Siyavuş Novruzov o mənada haqlıdır ki, vətənini və dövlətini özü bilən şəxslər var ki, onlar özünü hər şeydən üstün tutur, sanki vəzifədən çıxarıldığı üçün acığa düşürlər. Yəni belələri də var. Bir çoxları var ki, vəzifədən çıxarılmasını səmimi qəbul ediblər, dövlət və Prezidentin iradəsinə uyğun addım atıblar. İşdən çıxdıqdan sonra elmi fəaliyyətlə məşğul olur, başını aşağı salıb işlərini görürlər. Amma bəziləri də var ki, bununla barışmırlar və təbii ki, belələri əlaltdan, üçüncü qüvvələr vasitəsilə əks qüvvələri maliyyələşdirə bilərlər. Siyavuş Novruzovun mesajının bununla bağlı olduğunu ehtimal edirəm. Amma Siyavuş müəllimin özü bu məsələni daha ətraflı izah edə bilər. - Milli Məclisin komitə sədri Eldar İbrahimov da müxalif düşərgədən hakimiyyət cəbhəsinə keçən, deputat mandatı alan şəxsləri sərt tənqid etdi, onları düşmən adlandırdı. Siz də əvvəl müxalifətdə olub, sonra deputat mandatı alanlardansınız. Necə hesab edirsiniz, bu bəyanat təsadüf idi, yoxsa?… – Məncə, əsas Eldar İbrahimovun sonuncu fikridir. O, belə niyyətdə olmadığını bildirib və fikirlərini təkzib edib. Şəxsən mən bilirəm ki, Eldar İbrahimovun dedikləri mənə aid deyil. Bunu dəqiqliklə bilirəm, sadəcə konkretləşdirmək istəmirəm. Təbii ki, parlamentdə elələri olub və ya indi də var və Eldar müəllim onları nəzərdə tutub. Amma anlaşılan odur ki, mətbuat Eldar müəllimin sözlərini təhrif edib. Eldar İbrahimov yəni fikrini o şəkildə ifadə etmək istəməyib.
- Ana Vətən Partiyasının (AVP) siyasi partiyaların iştirakı ilə dəyirmi masa keçirməsi bu bəyanatlardan sonraya təsadüf etdi. Məlum bəyanatlarla sentyabrın 11-də keçirilən tədbir arasında əlaqə varmı? – Mən hesab edirəm ki, əlaqə yoxdur. Mən özüm dialoq prosesində iştirak etmişəm. Həmin tədbirdə YAP yüksək səviyyədə təmsil olundu. AVP sədri Fəzail Ağamalı təkcə siyasi partiyaları deyil, aktiv insanları, QHT nümayəndələrini, hüquq müdafiəçilərini, media sektorunu toplantıya dəvət etmişdi. Hər halda həmin görüşdə iştirak edənlər ortaya qoyulan sənəd layihəsini imzalamaqla xarici müdaxiləyə qarşı olduqlarını ifadə etdilər. Eləcədə dialoqun olmasını arzuladılar. Mən də hesab edirəm ki, bunun davamlı olmasına ehtiyac var. İqtidar müxalifət dialoqu lazımdır. Bu, Dağlıq Qarabağ problemindən tutmuş, ölkənin idarəçiliyinin bütün sahələrini əhatə edə bilər. Əslində bu mühüm addımdır. İqtidar dövlət idarəçiliyində müxalifətin fikirlərini dəyərləndirir, onun iştirakını arzulayır. Məncə, müxalifətin həmin kəsimi istər seçkilərlə bağlı, istər Qarabağ problemi ilə bağlı, istərsə islahatlar mövzusunda aktiv olmalıdır. Yəni tərəflər daha çox səmimi olmalı və bir-birinə yaxınlaşmalıdır. Artıq oturuşmuş bir sistemj var, biz müstəqil dövlətimizin 28-ci ilini başa vurduq. Oturuşmuş sistem var və onun ləğv edilməsinə ciddi təhdidlər yoxdur. Kiminsə kimsənin yerini tutmaq qorxusu da yoxdur. Bu mənada əməkdaşlıq ən yaxşı yoldur. - Belə iddialar var ki, siyasi partiyaların müzakirəsinə çoxlu sayda partiyalar dəvət edilsə də, onların bir qisminin orda iştirakı “məsləhət görülməyib”. O cümlədən parlamentdə təmsil olunan 12 partiyadan cəmi 5-i tədbirə qatılıb. Sizdə məlumat varmı, həmkarlarınız həmin tədbirə niyə qatılmadılar? – Bunu tədbirin təşkilatçısı olan AVP sədri Fəzail Ağamalı daha geniş izah edə bilər. Mən dəvət edilmişdim və iştirak etdim. Digərləri haqda mənim məlumatım yoxdur. Həmin partiyaların tədbirə dəvət edilib-edilmədiyini də bilmirəm. Təbii ki, müxalifətdə olan bəzi qüvvələr iqtidarla təmasın qəti əleyhinədir, onlar belə tədbirlərin baş tutmasını arzu etmirlər. Amma başqa qüvvələrin bu prosesdə iştirak etməməsini izah etməyə çətinlik çəkirəm. Məsələn, KXCP sədri Mirmahmud Mirəlioğlu əvvəlki dialoqlarda iştirak edib. Yəqin onun bu prosesdə iştirak etməməsinin əsaslandırması var. Müsavat Partiyası AXCP-yə baxıb tədbirə qatılmayıb. Düşünüb ki, buna görə onu ittiham edərlər. Amma iqtidar daxilində ola bilsin ki, hansısa partiyalar və ya şəxslər müxalifətlə münasibət qurmağın əleyhinədir. Belə şeylər ola bilər. - Yəni açılıma qarşıdırlar… – Bəli. - Onların məqsədi nə ola bilər? – Ola bilər radikal münasibət bəsləyirlər. İstəyirlər ki, təkbaşına hakimiyyət davam etsin, bu cür getsin, müəyyən koalisiyalar yaranmasın. Amma mən hesab edirəm ki, dialoqa getmək lazımdır. Bəzi müxalif qüvvələr 15-20 ildir dövlət başçısına Prezident demir. Bu nə deməkdir, bununla nə qazanmısan və ya qazanırsan? Belə olan halda sən necə hakimiyyətdə təmsil oluna bilərsən, Prezident sənə necə vəzifə verə bilər? Bir tərəfdən də, alışıb yanırlar, niyə hakimiyyətdə təmsil olunmuruq, mülkiyyətdə arzu edilən payı almırıq və s. Mən proseləri izləyirəm, səmimi deyim ki, ortada nə ideoloji mübarizə, nə də mənəvi mübarizə var. Açığı, mən mülkiyyət bölgüsündə iştirakçılıq istəyindən başqa bir şey görmürəm. Son 10-15 ili götürək, bir ideoloji mübarizə, ideoloji platforma irəli sürmək, onu fərqləndirmək halları yoxdur. Narazılıq odur ki, niyə paydan mənə çatmır, imkanlar bərabər bölünmür. Açığı, ilkin kapital yığımı qeyri-qanuni yollarla olub. Bu, Rusiyada da, digər ölkələrdə belə olub. “SSRİ dağıldı, kimsə pay sahibi oldu, mən olmadım” düşüncəsi dünyagörüşü deyil. Tahir Kərimlinin bu dövlətin altında imzası var, amma özünə bir avtomobil ala bilmirsə təqsiri başqasında axtarmalı deyil. Hər kəs təqsiri özündə axtarmalıdır. Bilirsinizmi, belə deyim var, mərd təqsiri özündə, namərd isə özgədə axtarar. - Bu proseslərdə hakimiyyət daxili qüvvələrin və ya qrupların rolu varmı? – YAP uzun illərdir hakimiyyətdədir və monolitdir. Kifayət qədər nizam-intizam və tabeçilik prinsipi ilə işləyir. Amma dünyada iki insan tapa bilmərsən ki, bütün məsələlərdə eyni cür baxışı olsun. İqtidar daxilində də fərqli yanaşmalar ola bilər. Mən düşünmürəm ki, YAP daxilində nəsə fərqlilik, ideoloji parçalanma var. Ancaq bir şey ola bilər. Mümkündür ki, kimsə vəzifədən çıxarılıb və incikdir. Hazırda komandada başqa bir səbəb yoxdur. Təbii ki, bir qədər ehtiyatlı olmaq lazımdır, təcrübəli kadrlar kənarlaşdırılan zaman bəzən gənclər onu əvəz edə bilmir. Ola bilsin ki, hakimiyyət bu prosesi bir qədər saxladı. Bəzən gənc kadrlar sağlam və təmiz olsalar da, səriştələri dövlət təcrübəsinə kifayət etmir. Düşünürəm ki, burada proporsiya gözlənilməlidir. Həm gənclər, həm yaşlı nəsl arasında komanda olaraq narazılıq olması inandırıcı deyil. Sadəcə inciklik ola bilər. Bu da ancaq kimisə vəzifədən kənarlaşdıranda, kiminsə obyekti əlindən çıxanda, kiminsə maddi durumu zəifləyəndə ola və bundan narazı qala bilər. Amma siyasi, inzibati, ierarxiya nöqteyi-nəzərdən hamı Prezidentin legitimliyini qəbul edir və sözsüz ona tabedir. - Payız fəslində yeni kadr dəyişiklikləri gözləyirsinizmi? – Gözləmək desəm doğru olmaz, amma bunu arzu edirəm. Bir daha qeyd edirəm ki, yaşlı nəsil içərisində dövlətçilik təcrübəsi olan, dövlətçilik səriştəsi olan, böyük dövlətlərin Azərbaycanda marağını neytrallaşdırmağı bacaran, hökuməti idarə edə bilən, xalqa və dövlətə sadiq olan şəxslər qalmalıdır. Amma gənc və orta nəslə də yaşıl işıq yandırılmalıdır. Hökumətin əvəzedicisini yaratmalıyıq. Bizim əvəzedicimiz yoxdursa, deməli biz günahkarıq. Bu mənada yaşlı nəsil öz davamçısını, orta və gənc nəsli dövlət laboratoriyasında yetişdirməlidir. Mənim ən böyük arzum budur ki, artıq şəxsi sədaqət prinsipləri deyil, dövlətə sədaqət, qabiliyyət, səriştə məsələləri önə çıxsın. Mən belə kadr dəyişikliyinin bütün sferalarda olmasının tərəfdarıyam. Özümün keçmişdə aid olduğum məhkəmə-hüquq sistemindən tutmuş icra orqanlarına qədər, bütün istiqamətlərdə olmasını arzu edirəm… Vaqif NƏSİBOV AzPolitika.info