Norveç həbsxanalarında sakit və dinc həyat

18-09-2019, 12:34   

Ceza eviFotonun müəllifiREUTERS

Cinayət törətmiş adamları həbsxanaya göndərməkdə məqsəd nə ola bilər?

İntiqam, yoxsa reabilitasiya? Bu sualın cavabını axtaran Norveç 20 il bundan əvvəl cəza variantından uzaqlaşdı, nəticədə həbs müddətini bitirib azadlığa çıxan məhkumların yenidən cinayət törətməsi halları kəskin azaldı.

BBC əməkdaşı Emma Jane Kirby Norveçə gedib sistemi yerində araşdırıb.

"İndi ayaqlarınızın baş barmaqlarını bir-birinə dəydirin və ombanızı arxada saxlayın!"

Səhər tezdən otların üstündəki kiçik xalçalarda tər tökən 20-yə yaxın şəxs yoqa təlimçisinin bu sözləriylə yeni bir duruşa keçməyə cəhd göstərir.

Təlimçi, hər yeri döyməklə örtülü birindən "Bədəninizin yumşaldığını hiss edirsizmi" deyə soruşur, sonra əliylə onun kürəyini düzəldib yenə sual verir: "Belə daha yaxşıdır, deyilmi?"

Bura dünyanın hər hansı bir yerindəki sağlamlıq mərkəzi və ya idman salonu deyil, ən təhlükəsiz cəza evlərindən biri olan Halden həbsxanasıdır.

Ayağıyalın qatillər, təcavüzçülər və narkotik istifadəçiləri təlimçinin təlimatlarına əsasən yoqadakı "aşağı baxan it" və "lotos" vəziyyətini almağa çalışırlar.

Həbsxana müdiri Are Hoidal deyir ki, yoqa, məhkumları sakitləşdirir:

"Həbsxanada qəzəb və zorakılıq halları istəmirik. Məhbusların sakit və dinc olmalarını istəyirik".

Bu, Halden həbsxanasına baha başa gəlir.

Hər il bu həbsxana üçün 123 min dollar vəsait xərclənir. Müqayisə üçün deyim ki, İngiltərədə "A" kateqoriyasına aid bir həbsxananın illik xərci 74 min dollardır.

Biz yoqayla məşğul olanları müşahidə edərkən "Scooter" üzərində qarşımızdan keçən bir nəzarətçi gülər üzlə bizə salam verir. Onu idman yürüşüylə hərəkət edən iki məhbus müşayiət edir.

Həbsxananın müdiri Are Hoidal
Image captionHəbsxananın müdiri Are Hoidal

Hoidal məhbuslara verilən bu tapşırıqların "dinamik təhlükəsizlik" adlandırıldığını deyir:

"Nəzarətçilər və məhbuslar həmişə birlikdə çalışırlar. Birlikdə yemək yeyirlər, voleybol oynayırlar, boş vaxtlarını birlikdə keçirirlər. Beləcə, qarşılıqlı münasibətlər yaranır, onlarla danışa bilirik və bu, motivasiya işini asanlaşdırır".

"İntiqam' yox, 'reabilitasiya"

Həbsxanalarda 1980-ci illərin əvvəllərindən işləməyə başlamış Hoidal o zamanlarda vəziyyətin indikindən çox fərqli olduğunu deyir:

"Sərt bir davranış tərzi vardı, biz tamamilə nəzarətə və təhlükəsizliyi təmin etməyə fokuslanmışdıq. İnsanların həbsxanadan çıxdıqdan sonra yenidən cinayət törətmə səviyyəsi indi ABŞ-da olduğu kimi 60-70 faiz səviyyəsindəydi".

Amma 1990-cı illərin əvvəllərində radikal bir dəyişiklik edilərək Norveç İslah Xidməti yaradıldı. Noidal-ın "intiqam" adlandırdığı sistemi reabilitasiya əvəz etdi.

Əvvəllər günün çoxunu qapısı bağlı kamerada keçirən məhbuslar üçün idman və təhsil fəaliyyətlərinə start verildi. Nəzarətçilərin funksiyaları da tamamilə dəyişdirildi.

Bu yerdə Hoidal sözümü kəsir:

"Nəzarətçi deməyin. Biz həbsxana işçiləriyik. Əlbəttə ki, məhbusun cəzasını çəkməsinə nəzarət edirik, amma bir şəxsin daha yaxşı bir insan olmasına da səy göstəririk. Biz onlar üçün nümunəyik, yolgöstərənik, məşqçiyik. Bu islahatları tətbiq etməyə başlayandan sonrakı ilk iki ildə Norveçdə keçmiş məhbusların yenidən cinayət törətməsi səviyyəsi 20 faiz azaldı. 5 il sonrasa bu yeni səviyyə də 25 faiz azaldı. Deməli, bu sistem işə yarıyır".

Kamera

"Azadlığı itirmək heç də asan şey deyil"

Halden həbsxanası məhkumlara "həbs olunduqlarını ən az səviyyədə hiss etdirmək" məqsədinə uyğun tikilib. Bu, onların stresini azaldır və müxtəlif fəaliyyət növlərinə qoşulmalarına şərait yaradır.

Bu həbsxana təxminən 173 milyon dollara başa gəlib, tikintinin layihəsi bir neçə dizayn mükafatına layiq görülüb.

Meyvə ağacları, yaşıllıq və çiçəklər arasındakı ikimərtəbəli yataqxanalar və taxta binalar buranın həbsxana yox, sanki məşhur bir universitet olması təəssüratı yaradır.

Həbsxananı 7 metr hündürlüyündə qalın və maili divarlar əhatə edir, amma ətrafında elektrikli məftillər görünmür. Gizli kameraları görmək üçün də xeyli səy göstərməlisiz. Divarın hər iki tərəfində hərəkət sensorlarının olduğunu da Hoidal-dan öyrənirəm.

O deyir ki, bu günə qədər heç kim həbsxanadan qaçmağa cəhd etməyib.

Məhbusların hər biri içində hamamı, tualeti, soyuducusu, masası, kiçik ekranlı televizoru və meşə mənzərəsi olan kameralarda tək qalır.

Ümumi istifadə yerlərindəki təptəzə kreslolara, hər cür ləvazimat olan mətbəxlərə baxıb Hoidal-dan buranın lazım gəldiyindən artıq komfortlu olub-olmadığını soruşuram.

Norveçdə belə yanaşmanı tənqid edənlərin hər gün səsləndirdiyi bu sualı məndən də eşidəcəyini bilirmiş kimi, Hoidal nəzakətlə başını tərpədir və deyir:

"Azadlığı itirmək heç də asan şey deyil. Norveçdə birini cəzalandırmaq üçün onun sadəcə azadlığını əlindən alırlar. Digər haqları qalır: məhbuslar səs verə bilirlər, təhsil alırlar, tibbi xidmətlərdən faydalanırlar. Yəni Norveçin digər vətəndaşlarıyla eyni hüquqlara sahibdirlər. Çünki məhbuslar da insandırlar. Səhv bir iş görüblər və cəzalarını çəkməlidirlər, amma yenə insandırlar".

Halden həbsxanası
Image captionHalden həbsxanası

Məhbuslar hər sər 7.30-da kameralarından çıxır, 8.15-də təmir, boya, bağça işlərində çalışmağa başlayırlar. Nəzarətçilər də dincələ bilsinlər deyə günorta məhbuslara bir saat fasilə verilir. Axşam 20.30-a qədər də kameralarına qayıtmırlar.

Məhbusları ancaq gecələr bağlı kameralarda saxlamağımızın məqsədi onlara gün içində normal bir həyat yaşadıqlarını hiss etdirməkdir. Bu, həbsxanadan çıxandan sonrakı yeni həyatlarına hazırlaşmağı asanlaşdırır.

"Qəfəsin içində saxlansanız, yaxşı bir vətəndaş ola bilməzsiniz"

Biz söhbət edərkən çöldə məhbuslar Norveçin cənubunda inşa edilən yeni həbsxana üçün odun yarır, ağac ev və hasar düzəldirlər.

Halden həbsxanasındakı məhbusların çoxu burdan professional bir təmirçi, dülgər və ya aşpaz olaraq çıxır.

"Bura gəldikləri ilk gündən biz onları sərbəst qalacaqları zamana hazırlamağa başlayırıq. Çünki Norveçdə bir gün hamı azad edilir, bizdə ömürlük həbs cəzası yoxdur.

Yəni əslində hamımızın gələcək qonşularını azad edirlər. Əgər həbsxanada məhbuslarla heyvan kimi davransaq, küçələrə də heyvan buraxmış olarıq".

Norveçdə ən uzun həbs müddəti 21 ildir. Amma məhbusun hələ də cəmiyyət üçün zərərli olduğuna qərar verilsə, bu müddət əlavə 5 il də uzadıla bilər, buna "qabaqlayıcı həbs" deyilir.

Grafik dizayn studiyasında çalışan Fredrik həbsxananın yemək kitabının üz qabığı üçün hazırladığı dizaynı bitirmək üzrədir.

"Əgər fürsət verməsələr və sizi həmişə ağzı qıfıllı bir qəfəsdə saxlasalar, yaxşı bir vətəndaş ola bilməzsiniz. Burda yaxşı fürsətlər var, diplom almaq olur. Yəni çıxanda daimi bir işdə çalışmağa başlaya bilərsiz. Bu, həqiqətən çox vacibdir" - Fredrik belə deyir.

O, qətl hadisəsi törətdiyi üçün 15 il həbs cəzası alıb. Vicdan əzabından və öldürdüyü şəxsin yaxınlarına çəkdirdiyi ağrıdan uzaqlaşmaq üçün 3 həftə ərzində sakit bir yerə çəkilib. Amma sonra keçmişiylə üzləşmək məcburiyyətində qalıb.

Bu, onun həbsxanada qrafik dizayn üzrə diplom almasına, indi də təhsilini fizika və riyaziyyat üzrə davam etdirməsinə imkan verib. Yəni həbsxanada keçirdiyi vaxtı azadlığa çıxandan sonrakı həyatı üçün qazanca çevirir.

Qadın nəzarətçilər "hər şeyi normallaşdırırlar"

Halden həbsxanasında məhbuslara ailələriylə mütəmadi olaraq görüşmək fürsəti də yaradılır.

Uşaqları olan məhbuslar "Həbsxanadakı ata" proqramına müraciət edə bilirlər. Təhlükəsizlik testlərinin hamısından keçə bilənlərə uşaqları və həyat yoldaşlarıyla birlikdə həbsxana ərazisindəki kiçik evlərdə bir neçə gün qalmağa icazə verilir.

Nəzarətçi Linn Andreassen bu evlərdən birini mənə göstərir. Qoşa yerli çarpayı, bir velosiped, çoxlu oyuncaq və uşaq kitabı görürəm. Hər evin kiçik bir bağçası da var.

Məhbusların ailələriylə birlikdə qaldıqları evin bağçası
Image captionMəhbusların ailələriylə birlikdə qaldıqları evin bağçası

"Onlar bir neçə gün xoşbəxt ailə kimi yaşayırlar. Bu, çox böyük fürsətdir, onu qazanmaq üçün yaxşı davranmalıdırlar".

Ömrünün 3-cü onilliyini bir az əvvəl xırdalamış Linn 11 ildir ki, həbsxanalarda işləyir. Bunun son 10 ili Haldendə keçib. Halden kimi "A" kateqoriyasına aid həbsxanalarda çalışanların az qala yarısı qadınlardır.

Bütün nəzarətçilərdə olan həyəcan siqnalını o bu müddət ərzində cəmi iki dəfə səsləndirmək məcburiyyətində qalıb. Linn qadın olduğu üçün təhlükə altında olduğunu düşünmür:

"Cəmiyyətdə qadınların olması necə normaldırsa, burdakı şəxslərin də buna alışması lazımdır. Təkcə formaya yox, onun içindəkinə də, qadınlara da hörmət etməlidirlər. Biz onlara sayğı göstəririk, onlar da bizimlə sayğılı davranırlar".

Narkotik alverinə görə uzun müddətdir həbsxanada olan John tikiş maşınında oyuncaq qoyun tikir. Bu həbsxananın ən çox hansı xüsusiyyətlərini bəyəndiyini soruşuram, qadın işçilərin olmasını bəyəndiyini deyir:

"Sərt adamları sakitləşdirmək məsələsində onların təsiri daha çox olur. Qadınların yanında fərqli düşünmək lazım gəlir. Üstəlik, futbol matçlarına da pis hakimlik etmirlər".

Onun yanındakı tikiş maşınında oyuncaq qurbağa tikən Khan da işinə fasilə verib söhbətimizə qoşulur:

"Bu sistemdə qadınlar da olduğu üçün çox şanslıyıq. Çünki bu hər şeyi normallaşdırır".

Nəzarətçilər 3 il təlim keçirlər

Linn Andreassen
Image captionLinn Andreassen

Avropanın bir çox ölkəsində nəzarətçilər bir neçə ay təlim keçirlər. Norveçdə isə bu müddət 2 və ya 3 il təşkil edir.

Oslonun şimal-şərqində, şəhərdən cəmi 8 km aralı Lillestrom-da Norveç İslah Xidmətinin ağ divarları və şüşəli binada yerləşən universiteti var. Burda hər il 1200 şəxs müraciət edir, onlardan 175-i seçilərək həbsxana nəzarətçisi təlimi alır.

Məhbusların üçdə biri norveçli olmadığına görə nəzarətçilərə yüksək səviyyədə ingilis dili də öyrədilir. Hüquq, etika, kriminologiya, sosial çalışmalar üzrə təhsil 2 il çəkir.

Bir il də həbsxanada təcrübə keçəndən sonra onlar işə başlamaq üçün imtahan verirlər.

Hodal, həbsxanalarda nəzarətçilərə qarşı zorakılıq halları barədə sualımı çaşqınlıqla qarşılayır. Ona İngiltərə həbsxanalarında zorakılıq hallarının son 5 ildə təxminən 2 dəfə artdığını və 995 halda nəzarətçilərin ciddi şəkildə yaralandığını deyirəm. Buna təəccüblənir:

"Təbii ki, bizim köhnə sistemdə çalışan həbsxanalarda da zaman-zaman zorakılıq hadisələri baş verir. Amma burda sonuncu dəfə nə vaxt belə bir şey olduğunu həqiqətən də xatırlamıram".

Halden həbsxanasında 258 məhbus, 190 nəzarətçi var.

28 yaşlı bədən tərbiyəsi təlimçisi Jon Fredrik Andorsen də onlardan biridir. O deyir ki, təhlükəsizliyinə təminatın olmadığı heç bir həbsxanada çalışmaz, amma indiyə qədər Haldendə heç bir təhdid hiss etməyib:

"Özünümüdafiə üçün iki vasitəm var - səsim və məhbuslarla qurduğum sosial əlaqə. Biz belə hadisələr baş verməzdən əvvəl onların qarşısını almağa çalışırıq".

Nəzarətçi Linn-sə bunları əlavə edir: "Sənə yaxşı şərait yaradılmasa, başqalarına yarım edə bilməzsən. Bu peşədə beynin həmişə sakit olmalıdır ki, işinə fokuslana biləsən. Qorxsan, heç kimə köməyin dəyməz".

Halden həbsxanasının nəzarətçilərində heç gözyaşardıcısı qaz da olmur.

Halden həbsxanası

"Sevmək - əvəzini istəmədən bir şeylər verməkdir"

Amma bütün bunlar həm də ölkədə məhbus sayının az olmasıyla bağlıdır.

Məsələn, İngiltərə Qərbi Avropada məhbus sayının ən çox olduğu ölkədir, burda hər 100 min adamdan 150-si həbsxanadadır.

Norveçdə bu rəqəm 100-ün 63-ə nisbəti şəklindədir.

Bu, hər bir işçinin daha az sayda məhbusa nəzarət etməsi deməkdir.

Ancaq məhbusların heç də hamısı əlaqələrin sıxlığından məmnun deyil.

Qətl törətdiyi üçün 17 il həbs cəzası almış Kim deyir ki, "Bəzi məhbuslar rabitə qurmaqdan xoşlanırlar, amma bəziləri də bunu istəmir. Mən nəzarətçilərə çox informasiya verməyi doğru hesab etmirəm. İki tərəfi də kəsən qılınc misalı… Onlar öyrəndiklərindən bizə qarşı istifadə edə bilərlər. Bəzi nəzarətçilər yaxşıdırlar, amma…"

Hoidal hər yerdə həbsxanaya narkotik keçirən bir nəzarətçi ola bildiyini deyir və etiraf edir ki, Haldendə bu problem tam aradan qaldırılmayıb.

Halden həbsxanasını tərk edəndə boş kameralardan birinin açıq qapısından içəri baxıram. Başqa bir həbsxanaya göndərilmək üçün kameradan çıxarılmış məhbus onun yerinə gələcək şəxs üçün bunları yazıb qoyub:

"Sevmək - əvəzini istəmədən bir şeylər verməkdir. Sevmək səni azad insan edər. Özünü azad et, dostum".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar