SƏUDİYYƏ NEFTİ İRAN RAKETLƏRİYLƏ VURULUB! – Yaxın Şərqdə elan olunmamış müharibə

20-09-2019, 20:38   

 



ABŞ-ın “ABC” televiziya kanalı Amerika peyklərindən alınan məlumatlara söykənərək xəbər verir ki, Abkayikdəki dünyanın ən böyük neftayırma mərkəzi Rusiyanın “Kalibr” tipinə bənzəyən İranın qanadlı raketləriyə vurulub. Raketlərin sayı 19 olub və onun 17-si hədəfə dəyib.
Nəhəng neftayırma kompleksində baş verən yanğın nəticəsində səudiyyəlilər gündəlik 5.7 milyon barel neft itirirlər. Belə böyük həcmin itirilməsi təkcə sirli düşmənin hücumuylamı olub? Bu hadisə baş verən kimi neftin qiyməti 20 faiz yüksələrək, 70 dolları keçsə də, sonradan 60 dollar istiqamətində var-gəl etməyə başlayıb.
Dünya neftinin 10 faizini hasil edən Səudiyyə Krallığının ürəyinə sancılan zərbə-klassik müharibə aktıdır, əsl “casus belli”-dir (Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb-AzPol.). Amma Ər-Riyad bunu qəbul etmək istəmir.
Hadisə baş verəndən sonrakı iki gün ərzində səudiyyəlilərin xəbər agentliklərinin spikerləri deyirdilər ki, Abkayikdəki neft kompleksləri husilərin buraxdığı pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.
Bütün bunların hamısı lətifədir. Eləbil biz deyirik ki, “Donetsk Respublikasının” hərbi-kosmik qoşunları ABŞ-dakı neft körfəzlərini bombalayıb.

Husilər Yəməndəki yaraqlı şiələrdir. Dünyanın ən yoxsul və geridəqalmış ölkələrini təsəvvürünüzə gətirin. Hətta husilər onlardan da yoxsul və əlacsızdılar. Əlbəttə, onlarda heç bir silahlı dron ola bilməz. Onların adından İranın İnqilab Keçikçiləri Qvardiyası fəaliyyət göstərir.
Amma indi söhbət bundan getmir. İstənilən neftayırma zavodu elə qurulur ki, onu bir zərbəylə məhv etmək çətin olsun. Həm də ki, Abkayıkdakı neft kompleksi amerikanlar tərəfindən tikilib. Bu nəhəng kompleks tam bir şəhərdir. Ərazisinə görə Berlindən böyükdür, uzunluğu 57, eni 11 kilometrdir.
Baxın, İknci Dünya Müharibəsində müttəfiqlər üç il ərzində Berlini hər gün bombalayırdı, lakin şəhər yaşayırdı. Ancaq burada hansısa ayaqyalın husilər peyda olur və “səhradakı Berlin” bir gecədə məhv edilir.
Səudiyyəlilərin əsas itkisi Abkayıkla bağlı deyil. Bu terror aktıyla bərabər daha dağıdıcı bir şey var: məlum oldu ki, Səudiyyə Krallığının tələsi siçanları tuta bilmir! Bəli, onlar ”Washington Post” qəzetinin köşə yazarını ət maşınından keçirməyi bacarırlar (Camal Qaşıqçı nəzərdə tutulur-AzPol.). Amma öz neft sənayelərini artıq qoruya bilmirlər.
İndi səudiyyəlilər nəinki qanadlı raketlərin hücumunu dəf edə bilirlər, onlar hətta həmin raketlərin hansı istiqamətdən buraxıldığını belə müəyyənləşdirə bilmirlər. Bu onu göstərir ki, nə neftdən gələn nəhəng pullar, nə dünyadakı üçüncü böyük hərbi büdcə, nə səudiyyə şahzadələrinin Qərbdə aldıqları gözəl təhsil, nə öz vətəndaşlarına qarşı yönəlmiş sərt cəzalar, nə müqəddəs yerlər üzərindəki nəzarət xarici təhlükələrə qarşı müqavimət və iradə üçün güc və ruh vermir.
2018-ci ildə “Moodys”-ın ekspertləri kral ailəsinin neft şirkətini dünyadakı ən gəlirli şirkət adlandırmışıdılar. Belə ki, ”Saudi Aramco” şirkətinin xalis gəliri 110 milyard dollar təşkil edir. Bu, “Apple”, ”Google” və “Exxon Mobil” şirkətlərinin birlikdəki göstəricilərindən çoxdur. Amma əgər Tehran üçün Səudiyyə şahzadələrinin mindikləri avtomobilin qiymətindən ucuz başa gələn raketlər, həmin milyardları müqavimətsiz yandırırsa, onda bunların nə dəyəri qalır?
Bu mövzu ilə maraqlananlar bilirlər ki, ilin əvvəlindən indiyədək İran Səudiyyə Ərəbistanına qarşı həyata keçirilmiş 100-dən artıq hücumun arxasında dayanıb. Tankerlərə, aeroportlara hücmlar edilib, indi isə neft kompleksləri vurulur.

Bəs, kral və varis şahzadə nə fikirləşir? Trampa ümid bəsləyirlər? Tramp nə üçün Səudiyyə kralının əvəzindən vuruşmalıdır? Əgər 1980-ci illərin sonundakı kimi “Aramko” yenə də ABŞ şirkətlərinə məxsus olsaydı, onda ABŞ-ın müdafiəsi avtomatik işə düşəcəkdi. Lakin Səudiyyə kral ailəsi amerikanları bu gəlirli biznesdən sıxışdırıb çıxardı.
ABŞ prezidenti bəyan edib ki, o, Tehranla hərbi münaqişədən uzaq durmaq istərdi. Əlbəttə, İran çox təhlükəli oyun aparır və lap uzağa getsələr, bu onlar üçün heç də yaxşı olmaz.
Ekspertlər hesab edirlər ki, ABŞ-ın İrana qarşı yürütdüyü “maksimum təzyiq” üsulu kimi qeyri-hərbi vasitələr özünü tükəndirib. İndi ayətullahların müharibədən savayı geriyə çəkiləcəkləri yol yoxdur.
Çox təəssüf ki, elan olunmamış müharibələr elə əvvəlki amansız müharibələr kimi dağıdır və öldürür. (“Russkaya Germaniya”-Almaniya)
“AzPolitika”nın əlavəsi: “Aramko” şirkəti 1933-cü ildə qurulub və “Arabian American Oil Company”-nin qısaldımış ifadəsidir. 1988-ci ildən bu şirkət “Saudi Aramco” adlanmağa başladı və şirkətin bütün səhmləri artıq Səudiyyə Krallığına keçdi. Maraqlısı odur ki, “Saudi Aramco” şirkəti bu hücumlardan bir ay əvvəl bildirmişdi ki, onlar şirkətin səhmlərini ilk dəfə olaraq “IPO” satışına çıxaracaqlar. Daha doğrusu, nəinki neft gəlirlərindən, eyni zamanda da səhm satışlarından böyük gəlir götürməyi planlaşdırırdılar. Göründüyü kimi, raket hücmundan sonra bu planı həyata keçirmək xeyli qəlizləşir, çünki “Aramko” şirkətinin təhlükəsizlik problemi hamını qorxudacaq.
Vaqif NƏSİBOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar