Ağ Evə qarşı “üçlər ittifaqı”: ABŞ Yaxın Şərqin “qapı”sı arxasında qala bilər

20-09-2019, 20:50   


Ağ Evə olan etimadsızlıq Türkiyəni ABŞ-ın düşmənləriylə - Rusiya və İranla daha ciddi müttəfiqliyə meylləndirir

Üç böyük dövlətin liderlərinin son toplantısı olduqca önəmli nəticələrlə müşayiət olundu. Hər halda, Türkiyə prezidenti R.T.Ərdoğan, Rusiya prezidenti V.Putin və İran prezidenti H.Ruhaninin həmin toplantıdan sonrakı açıqlamaları Suriya ətrafında cərəyan edən proseslərin artıq fərqli mərhələyə keçirilmək üzrə olduğunu sezdirir. Və bu yeni mərhələdə ABŞ-ın Suriya siyasətinin iflasa uğradılmasına cəhdlərin ola biləcəyi istisna kimi görünmür.

Məsələ ondadır ki, hər üç dövlət liderinin açıqlamalarında ABŞ-ın Suriya siyasətini hədəf alan kifayət qədər ciddi mesajlar mövcuddur. Xüsusilə də hər üç liderin Suriyanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayaraq, terrorizmə qarşı mübarizənin gücləndirilməsinə diqqət çəkməsi böyük önəm daşıyır.  

Nəzərə almaq lazımdır ki, Rusiya Suriyada mövcud olan situasiyadan olduqca narahatdır. Çünki bu ölkə Kremlin Yaxın Şərqdəki ən önəmli istinad nöqtəsidir. Əgər Əsəd rejimi tamamilə sıradan şıxarılarsa, bu halda Suriya Rusiya üçün həmişəlik itirilmiş strateji məkana çevrilə bilər.

Maraqlıdır ki, dövlət başçılarının görüşündən öncə Kreml Rusiyanın Suriya ilə bağlı narahatlıqlarını açıq mətnlə bəyanlamışdı. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fərat çayının şərqində kürdlərin kvazi-dövlətini (beynəlxalq münasibətlərin tam müstəqil olmayan xüsusi statuslu aktyoru) yaratmaqdır” deməklə, Kremlin bu regionun yenidən şəkilləndirilməsinə yönəlik ssenarilərdən xəbərdar olduğuna eyham vurmuşdu.

Kremldə hesab edirlər ki, ABŞ da daxil olmaqla, bütün beynəlxalq birliyin imza atdığı Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpası ilə bağlı anlaşma əslində, Vaşinqton üçün sadəcə, diqqət yayındırıcı manevrdir. Əslindəsə, Vaşinqton öz müttəfiqlərinə Suriyanın Əsəd rejiminin nəzarətində olan, azad edilmiş bölgələrinin bərpasına vəsait ayırmalarını qadağan edir.

ÐаÑÑинки по запÑоÑÑ erdogan putin rouhani

Oxşar narahatlıq həm Türkiyənin, həm də İranın siyasi dairələrində var. Regionla həmsərhəd olan bu iki böyük dövlət də ABŞ-ın Yaxın Şərqdəki, xüsusilə də Suriyadakı davranışlarını öz təhlükəsizlik maraqlarına qarşı ciddi təhdid olaraq görür.

Rəsmi Ankara Suriyada yenidən hərbi əməliyyatlara başlayaraq, bütün terror məkanlarını təmizləməyə daha çox üstünlük verir. Ancaq Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyatlara başlaması o qədər də asan məsələ deyil.

Məsələ ondadır ki, Ağ Ev rəsmi Ankaranın bu niyyətlərinə bütün mümkün vasitələrlə müqavimət göstərir. Və hətta rəsmi Ankaranı bu niyyətdən yayındırmaq üçün Türkiyəyə ABŞ-la ortaq hərəkət planı təklif edir.

Ancaq ABŞ-ın Suriyada Türkiyə sərhədləri boyunca terrordan müdafiə üçün bufer zonanın yaradılması ilə bağlı təklifi rəsmi Ankara üçün hazırlanan tələ kimi də yozulur. Çünki Ağ Ev bu tələnin perspektibləri üçün əvvəlcədən hazırlıq da görüb. Hər halda,  Ağ Evin ABŞ qoşunlarını Suriyadan çıxartmaq qərarı boşuna atılmış addıma bənzəmir və bu, daha çox hiyləgər manevr təsiri bağışlayır. Belə ki, bu, ortaq bufer zonasının mövcudluğu dövründə ABŞ-a Türkiyəyə hərbi dəstək vermək məcburiyyətindən yayınmaq şansı qazandırır.

Təbii ki, rəsmi Ankara bu önəmli məqamı əvvəlcədən nəzərə almamış deyil. Bu məqamın hesablamalarda yer aldığını üç dövlət başçısının son görüşündən hələ xeyli əvvəl Türkiyənin bufer zonası mövzusunda Rusiya ilə anlaşması da təsdiqləyir. Belə ki, Kreml rəsmi Ankaraya Türkiyənin narahatlığını anladığını və Əsəd rejiminə aid qüvvələrə bölgəyə girməmək təlimatı verildiyini bildirib.

ÐаÑÑинки по запÑоÑÑ suriyada bufer zonası

Üç dövlət başçısının son görüşündən sonra isə Suriya ilə bağlı Türkiyə, Rusiya və İranın iştirakıyla yeni bir ittifaqın yarandığı sezilir. Çünki hər üç dövlət başçısı Suriya ərazisində antiterror əməliyyatının vacibliyini vurğulayıblar.

Bu əməliyyatlar çərçivəsində Rusiya və İranın əsas hədəfi Əsəd rejimini qorumaq və mövqelərini daha da möhkəmləndirməkdir. Bunun üçün isə ilk növbədə terrorçu qruplaşmaların tamamilə sıradan çıxarılması lazımdır. Xüsusilə də, Ağ Evin himayəsi altındakı qruplaşmaların sıradan çıxarılması ABŞ-ın Suriyadakı proseslərə təsirini minimuma endirə biləcəyini hər üç dövlət başçısı çox gözəl anlayır.

Ona görə də, Rusiya və İran Əsəd rejiminin toxunulmazlığı müqabilində Türkiyənin PYD, YPG və PKK-nı sıradan çıxartmaq niyyətinə tam dəstək vermək qərarına gəliblər. Halbuki son dövrlərə qədər Kreml PKK mövzusunda fərqli mövqe tuturdu.

İndi mövqelərin ciddi şəkildə dəyişməsi bir çox məsələyə yönəlik yeni hədəflərin ortaya çıxmasından xəbər verir. Elə üç dövlət başçısının Suriyanın ərazi bütövlüyünün bərpası və terrorizmə qarşı ortaq fəaliyyət barədə prinsipial anlaşma əldə etdiklərini bəyanlamaqla yanaşı, ABŞ-ı qınayan mesajlardan da özlərini saxlaya bilməmələri hadisələrin yeni inkişaf istiqamətlərinin Ağ Ev üçün ürəkaçan olmaya biləcəyini sezdirir.

Belə anlaşılır ki, Ağ Evə olan etimadsızlıq Türkiyəni ABŞ-ın düşmənləriylə - Rusiya və İranla müttəfiqliyə meylləndirir. Və bu “üçlər ittifaq” davamlı olarsa, ABŞ Yaxın Şərq regionunun qapıları arxasında qala bilər.

Elçin XALİDBƏYLİ,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar