Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər media və sosial şəbəkələrdə “eninə-uzununa” müzakirə olunmaqdadır. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.
Əksəriyyət bu hadisəni deputatın ona göstərilən etimada hörmətsizlik etməsi kimi qiymətləndirir. Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı isə məsələyə İntizam Komissiyasında baxıla biləcəyiini mümkün sayıb.
Milli Məclisin üç deputatı bu dəfə Modern.az-a bu olay barədə danışıblar.
Deputat Çingiz Qənizadə də bildirib ki, Milli Məclisə üzv seçilmiş hər bir şəxs ilk növbbədə deputat adının uca tutulması üçün çalışmalıdır:
“Deputat özünün şəxsiyyətini qoruyaraq, seçicilərinin ona göstərdiyi etimadı doğrultmaq üçün əlindən gələni etməlidir. İnsanlara diqqət, qayğı göstərməli, seçiciləri ilə daim ünsiyyətdə olmalıdır. Qanunverici hakimiyyətdə aktiv iştirak etməli, ölkənin ictimai siyasi həyatında fəal olmalıdır. Bir millət vəkili kimi seçilən adam anlamalıdır ki, 40 mindən çox seçici ona etimad göstərərək, deputat seçibsə, o, Azərbaycan Respublikasının – 10 milyonun millət vəkilinə çevrilib. Bu baxımdan, hər bir deputat öz oturuşu, duruşu, cibində gəzdirdiyi vəsiqəsi, üzərində daşıdığı nişanla nümunə olmalıdır. Deputatlar qanunlara hörmət etməli, onu pozmamalıdırlar”.
Milli Məclisin digər üzvü Araz Əlizadə isə ilk növbədə hadisələrin içərisində olmadığı üçün konkret fikir yürüdə bilməyəcəyini vurğulayıb. O, mediada deputat vəsiqəsi ilə deputat mandatını qarışdıranları da qınayıb:
“Mən və ya digər şəxslər mandatımız əlimizdə deyil ki, onu istədiyimiz kimi girov qoyaq. Mandat xalq tərəfindən verilir, məntəqə seçki komissiyası tərəfindən hesablanır, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənir. Deputatlara isə bunu təsdiq edən vəsiqə verirlər. Amma bu vəsiqə mandat deyil. Mandatı kimsə nə əlinə alır, nə də kimə isə girov verə bilir.
İnsan – kim olur olsun borc götürmək istəyirsə, banka gedib, hər şeyi sənədləşdirməli, krediti götürüb, hissə-hissə ödəməlidir. Xalqın ona tanıdığı səlahiyyətə hörmətdən qabaq, səlahiyyət sahibi özünə hörmət etməlidir”.
Deputat Tahir Rzayev isə diqqətə çatdırıb ki, deputatlıq mandatı çoxsaylı seçicinin səsidir:
“Hər bir deputat buna hörmətlə yanaşmalı, qorumalıdır. Çünki bu seçicilərin etimadıdır. Biz mandatı uca tutmalıyıq ki, seçicilərin etimadını qorumuş olaq. Beləliklə, seçicilərə hörmətimizi, sevgimizi, ehtiramımnızı sübut edərik.
Buna riayət etməyən deputata qarşı atılmalı addımlar isə nizamnamədə, “Deputatın statusu haqqında” qanunda həll edilir. Əvvəl isə müəyyən etmək lazımdır, deputatın addımı hansı dərəcədə xətadır, yaxud qanun pozuntusudur”.