Stanislav Tarasov
regnum.ru, 23.09.2019
Çinin “Bir qurşaq, bir yol” layihəsi gözlənilən sabitləşmə və inteqrasiya proseslərinin dərinləşməyini deyil, kürəsəl risklər və hər şeydən qabaq, bu marşrutda yerləşən bütün ölkələri bürüyən bölgəsəl çağırışların çoxalmasını nəzərdə tutur. Belə bir şey artıq baş verir.
Türkiyənin məşhur eksperti Levent Yılmaz “Yeni Şafak” qəzetində “dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Qərbdən Şərqə yer dəyişdiyi bir vaxtda çoxqütblü dünya şəraitində” Cənubi Qafqazda və Yaxın Şərqdə hadisələrin mümkün inkişafı haqda proqnozları birləşdirən maraqlı məqalə ilə çıxış edib. Onun fikrincə, bu prosesin simvolik göstəricisi Çinin (həm də “İpək yolu” adlandırılan) “Bir qurşaq, bir yol” layihəsidir ki, bu da “gözlənilən sabitləşməni deyil, kürəsəl risklərin çoxalması və hər şeydən qabaq, bu marşrutda yerləşən bütün ölkələri bürüyən bölgəsəl çağırışların kəskinləşməsini” nəzərdə tutur. O bu zaman hər şeydən qabaq Cənubi Qafqaz və Yaxın Şərq ölkələrini, xüsusən də “qəliz dövrlərin gözlədiyi” Türkiyəni göstərir. İndi deyil, bir az sonra. Yılmaz hələlik “əlüstü bir neçə yöndə potensial rəqibləri aradan qaldırmağa” başlayan ABŞ-ı “sakitliyin baş araqarışdıranı” kimi göstərir: Brexit-ə açıq dəstək yolu ilə AB-i, “uzunmüddətli ticari savaşa girişdiyi və coğrafiyaca onu çevrələməyə başlamaqla, yan-yörəsindəki Şimali Koreya, Honkonq və Orta Asiyanı təxribata çəkmək, ya da dəstəkləməklə Çini”. Sonra “uzun illər sakit bölgə görünən” Kəşmirin problemidir. Yılmaz Rusiyaya bu siyahıda sonuncu yeri ayıraraq bildirir ki, ABŞ ona qarşı “Yaxın Şərqdə yeni strategiyadan istifadə edir, ya da etmək, amma bunu Rusiyaya daha yaxın coğrafı məkana yönəltmək niyyətindədir”.
Türkiyəyə gəlincə, o, Avropa və Asiya arasında strateji önəmli yer tutmaqla Çinin layihəsinə özünü hələlik ehtiyatla əlavə kimi təqdim edir, çünki Anadolu üzərindən Avropanı Gürcüstan, Azərbaycanla, Xəzər dənizi üzərindən Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Pakistan və nəhayət, Çinlə birləşdirən qapanan “orta dəhliz”in bir hissəsi kimidir. Bakı-Tiflis-Qars dəmiryolu Türkiyəyə çıxır. Davamı Ədirnə qanadıdır. Artıq Bosforun altında tunel (“Mərmərə layihəsi”), Bosfor üzərində üçüncü körpü tikilib, Qara dənizin sahilində Zonquldağda, İzmirdə Çandarlıda və Aralıq dənizində Mərsində limanların tikintisi və modernləşdirilməsi gedir. Türkiyədə yaradılan və yaradılmaqda olan kommunikasiya infrastrukturu prezident Rəcəb Tayib Ərdoğanın şəxsi qürur mövzusudur, lakin fakt üzrə halların çoxunda Çinin nə maliyyə, nə də faktiki iştirakı olub. Bununla belə, şərq qütbündə türklər üçün ağrılı uyğur məsələsinin Çində “gözlənilmədən” kəskinləşdiyi nəzərə alınsa, Türkiyə eksperti Yılmazın proqnozu gerçəkləşir. O biri yandan, Türkiyə Kadir Has Universitetinin energetika və dayanıqlı inkişaf Mərkəzinin direktoru Volkan Edigerin “Vatan” qəzetində yazdığı kimi, “Türkiyənin daxili və xarici siyasətdə yaşadığı, demək olar, bütün problemlər, mürəkkəb geopolitik durumu və hətta ərazi bütövlüyünün saxlanmasına meydan oxumalar məntiqli olaraq özgə heç nə ilə deyil, ABŞ-ın məhz “Bir qurşaq, bir yol” layihəsinə qarşı savaşı ilə izah olunur”.
Onun fikrincə, “Türkiyə Çinlə eyni düşərgədə olmasın deyə ABŞ Türkiyəyə bundan sonra da iqtisadi basqı göstərməyə çalışacaq”.
Gördüyümüz kimi, Cənubi Qafqaz ölkələri aralıq geopolitik duruma düşür və Edigerin sözlərinə görə, “müəyyən şəraitdə ciddi şahmat oyununun tam ortasında” ola bilər, çünki Çinin Cənubi Qafqaz-Yaxın Şərq-Avropa layihəsinin tranzit nəqliyyat marşrutlarını onların üzərindən keçirmək nəzərdə tutulur. Yeri gəlmişkən, eyni şey bu layihənin inkişafında önəmli tərəfdaş sayılan İrana da aiddir. Yılmaza görə, nüvə sazişini gerçəkləşdirmək perspekrivləri haqda Tehran və Vaşinqton arasında yaranmış gərginlik də təsadüf deyil və “uzunmüddətli xarakter daşıyacaq”. Amerikanın “EurasiaNet” nəşrinin dəyərləndirdiyinə görə, bax, “Çin Cənubi Qafqazda buna görə ehtiyatla hərəkət edir, amma onun bölgədəki iştirakı getdikcə daha çox gözə dəyir”.
Amma bu bölgənin ölkələri qarşısında orada dərin tarixi kökləri olmayan və onun əsas hədəfinin məhz nə ilə bitəcəyini heç kimin bilmədiyi Çinin iştirakını eyniləşdirmək vəzifəsi meydana çıxır: kommuniksiya strukturunun, ticarətin, ya da daha nəyinsə inkişafına yatırım qoymaq. Azərbaycan iqtisadçısı, ölkə prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsi başçısının müavini A.Həbibbəyli bir vaxtlar maraqlı fikir ifadə edib: “Çin geopolitik müstəvidə Qərbə yönəlmiş siyasət yürüdür. Amma bu Qərb klassik mənadakı Qərb deyil, Çindən Qərbə istiqamətdir. Çinin Qərb siyasətində bu yöndə həm Mərkəzi Asiya, Qafqaz, həm də Türkiyə və hətta müəyyən mənada Rusiya nəzərdə tutulur”. Onda Qərbə, Rusiyaya, ya da Türkiyəyə Çin üzərindən bu qədər qəliz labirintdən çıxmaq Cənubi Qafqaz ölkələrinin nəyinə gərəkdir? Əgər söhbət Çində hələ də böyük həcmdə istehsal edilən, Avropa bazarlarına çatdırılmalı malların satışı üçün ancaq yeni bazar və marşrutlar yaratmaqdan gedirsə, Avropada onlara tələbat düşəndən sonra nə olacaq?
İndi Rusiyanın Cənubi Qafqazda dayanıqlı, amma bir qədər dar siyasi, iqtisadi və hərbi iştirakı müşahidə olunur. Orada ABŞ, AB və əlbəttə, Türkiyə ilə İranın maraqları ifadə olunub. Çin gəlir və yeni daxili-siyasi sarsıntıların, gərginliklərin və potensial münaqişələrin bifurkasiya zonalarını bununla əlaqələləndirmək olar. ABŞ dövlət katibi Mayk Pompeo bu yaxınlarda Qara dənizdə Anaklia layihəsini həyata keçirməyin problemlərinə toxunaraq xəbərdarlıq edib ki, ora “Rusiya və Çinin təsirinə düşə bilər”. Rusiya ilə hələ necə olur, olsun, Gürcüstanda bu yaxınlardakı siyasi sarsıntılarla bağlı Çinin adının çəkilməsi isə ABŞ-dan ilk dəfə səslənib. Bu nəyi bildirir?
İndi ABŞ üçün Cənubi Qafqaz ölkələrini buna inandırmaq önəmlidir ki, Rusiya və Çin bölgədə bir ələ oynayır, keçmiş rus imperializminin yerinə Çinin siyasi ekspansiyası gəlir. Bununla bağlı Gürcüstana AB-yə inteqrasiya kursunu daha dəqiq göstərmək təklif olunur, çünki “Pekinin təşəbbüsləri təkcə iqtisadi deyil, həm də Qərb demokratiyalarının nüfuzunu daraltmağa yönələn geopolitik xarakterli tədbirlərdir”. Qərbin “Modern Diplomacy” nəşrinin iddia etdiyi kimi, “Tiflis hətta Pekinlə də azad ticarət haqda saziş bağlasa da, daha sonra Çinin layihəsindən çıxacaq”.
Ermənistan “məxməri” deyilən inqilab vasitəilə əvvəlki sabit xarici siyasət cığırından çıxıb və nəqliyyat infrastrukturunun pis inkişaf etdiyi, hətta Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri ilə ümumi sərhədinin olmadığı bir durumda alternativ həll axtarışında vurnuxur. Hələlik Azərbaycan sabit vəziyyətdədir, lakin onu yeni və əski güc mərkəzləri arasında elə bir balanslaşma gözləyir ki, Qərbdən Şərqə tektonik tərpənişlər anında geopolitik dəyirman daşlarının arasında görünməsin. Yılmaza görə, bu bölgədə önəmli hadisələr üçün ilkin şərtlər indi-indi formalaşır və heç kim bilmir ki, sabah Cənubi Qafqaz ölkələrinin maraqları həm öz aralarında, həm də xarici oyunçularla necə calaşacaq. Bir sözlə, Çinin “Bir qurşaq, bir yolu” “böyük oyun” və “böyük döyüş”ü nəzərdə tutur. Buna kim və necə hazırdır?
Tərcümə Strateq.az-ındır.