İliçdən İliçə qədər yüksək vəzifələrdə olan Mikoyan – axırda onu öz silahı ilə “vurublar”

25-09-2019, 13:49   


O, ən mürəkkəb vəziyyətlərdə belə sudan quru çıxmağı bacarıb. Yarızarafat, yarıgercək bir məsəl də məhz onun bu “bacarığı” haqqında söylənilib:

“Yağışlı bir gündə Anastas Mikoyan Mərkəzi Komitənin binasından çıxıb on addımlıqda dayanmış maşınına tərəf getmək istəyəndə köməkçisi onu qapının qarşısında saxlayıb:

- Anastas İvanoviç, bir dəqiqə ayaq saxlayın, mən sizə çətir verim.

Mikoyan köməkçisinə bu qayğısına görə təşəkkür edib, amma çətirə ehtiyac duymadığını bildirib:

- Mən yağış damçılarının arasından elə keçəcəm ki, bir damcı belə məni islatmayacaq...”

Bəli, 40 ildən artıq bir müddətdə SSRİ-nin siyasi elitasında təmsil olunan Mikoyan ən möhkəm yağan “yağış”ların altından quru çıxmağı bacarıb, Vladimir İliçdən Leonid İliçə qədər anlaşılmaz siyasi manevrləri ilə uzun bir yol keçib.

Brejnev hakimiyyətə gəldikdən sonra Mikoyan onun üçün arzuolunmaz bir şəxs sayılıb. O cümlədən Brejnevin yaxın ətrafı da onu sevməyib. Bir çoxları onun hiyləgərliyindən qorxub. Ən başlıcası isə Brejnev 1964-cü ildə Nikita Xruşovun devrilməsi zamanı Mikoyanın onu “yumşaq” şəkildə müdafiə etməsini unutmayıb.

Ssenari müəllifi Aleksandr Lapşin, rejissoru İqor Qostev olan, 1964-cü ildə Kremldəki saray çevrilişindən bəhs edən “Boz canavarlar” dedektiv serialında DTK sədri Vladimir Semiçastnı Mikoyan haqqında bu ifadələri səsləndirib:
“Anastas tülküdür, o, həm bizə, həm də sizə işləyir...”

Siyasi fəaliyyətini diqqətlə izləsək, DTK şefinin Mikoyan haqqında dediyi sözlərdə yanılmadığının şahidi olarıq.
Anastas Mikoyan siyasi karyerası naminə istənilən addımı atmağa hazır olub. Onun üçün vəzifə hər şeydən müqəddəs sayılıb. Hətta öz vəsifəsinə görə, ölkə başçısının yanında “hörmətli” olması üçün yeri gələndə öz millətinin qanına da susayıb. Belə ki, Ermənistanda Mikoyanın iştirakı ilə plenum keçiriləndə Ermənistanın birinci katibi Kremlin nümayəndəsinin çıxışına bəzi iradlarını bildirib. Bunun nəticəsində Ermənistanın birinci və ikinci katibi, Ermənistan Xalq Komissarları Sovetinin sədri, daxili işlər komissarı və demək olar ki, respublikanın digər vəzifəli şəxsləri həbs olunublar.

1937-ci ildəki kütləvi repressiyalarda Anastas Mikoyanın “xüsusi” xidmətləri olub. SSRİ-nin əsasən ticarət, təchizat, yeyinti sənayelərinə başçılıq edən Mikoyanın təşəbbüsü və təqdimatı ilə bu sahədə çalışan yüzlərlə insan həbs edilib. Amma sonralar, İosif Stalinin vəfatından sonra repressiya “müəlliflər”i tənqid olunanda onun adı heç yerdə çəkilməyib.

Stalinin bütün rəhbərliyi dövründə onun qarşısında baş əyən, ona təzim edən, özünə arxa-dayaq sayan, şərabını süzən, əyləncələrini təşkil edən və nəhayət, onunla birgə çörək kəsən Anastas Mikoyan 1950-ci ilin ortalarında Xruşova xoş olsun deyə, Stalinin şəxsiyyətə pərəstiş məsələsi ilə bağlı tənqidi çıxışlar edib.

Təbii ki, Mikoyanın yaxın keçmişdəki bütün fəaliyyətindən Brejnev xəbərdar olub və o, Mikoyanı siyasi səhnədən çıxarmağa məqam gözləyib.

1965-ci ilin dekabrında Kremldə yenicə formalaşan Ukrayna klanınnın üzvlərinin gizli görüşü keçirilib. Qərara gəlinib ki, növbəti plenumda Mikoyanın fəaliyyəti müzakirəyə çıxarılsın, əvvəlcədən planlaşdırılaraq tənqid olunsun. Amma Brejnev bu varianta getməyib. O, təklif edib ki, Mikoyanı 70 yaşının tamam olması ilə bağlı istefaya göndərməklə məsələnin daha sakit həll etmək olar. Hətta onu narazı salmamaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü kimi saxlayıblar.

Qeyd edək ki, Anastas Mikoyan həmin dövrdə, yəni sonuncu iş yeri SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsi olub. Anastas Mikoyan 1965-ci ildə bu yüksək vəzifədən azad edilib, onun yerinə Breynevin yaxın adamlarından biri sayılan Nikolay Podqornı seçilib.

Beləliklə, SSRİ tarixində ən “yumşaq” lider sayılan Leonid İliç Brejnev Leninin siyasətə gətirdiyi, Stalinin silahdaşı, Xruşovun sədaqətli dostu olan Anastas Mikoyanın siyasi karyerasına son qoyub.

Xatırladaq ki, Mikoyan uzun illər SSRİ-də daxili və xarici ticarət naziri, təchizat naziri, yeyinti sənayesi naziri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi yüksək vəzifələrdə çalışıb.

Anastas Mikoyan 1978-ci ildə, 82 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar