Böyük İstanbul Zəlzələsi: Alimlər qorxunc faktlar açıqladı

25-09-2019, 13:53   



 
   
Ötən gün İstanbulun Silivri sahillərində baş vermiş 4.6 ballıq zəlzələ yenidən “Böyük İstanbul zəlzələsi”ni gündəmə gətirib. İstər türk alimlər, istərsə də xarici ekspertlərin diqqətini çəkən zəlzələ bir çox dairələr tərəfindən “həyəcan təbili” çalınması və ehtiyat tədbirlərinin gücləndirilməsi üçün xatırlatma olaraq qiymətləndirilib.
Axar.az məsələnin aktuallığını və önəmini nəzərə alaraq kiçik bir araşdırma aparıb.
Xatırlatma: 1999-cu il avqustun 17-də Mərmərə regionunda 7.5 bal gücündə zəlzələ baş verib. 45 saniyə davam edən zəlzələ nəticəsində Kocaeli, Gölcük, Adabazarı, İstanbul, İzmir və İzmit bölgələrində ümumilikdə 17 min 480 nəfər həlak olub, 23 min 781 nəfər yaralanıb, 505 nəfər isə şikəst qalıb. 285 min 211 evə zərər dəyib. Tikintidə yol verilən qüsurlara görə çökən binaların sahiblərinə qarşı 2100 məhkəmə iddiası qaldırılıb.
Seysmik cəhətdən dünyanın ən təhlükəli bölgələrindən birində yerləşən Türkiyə, xüsusən də İstanbul hər an böyük zəlzələlərin baş verməsi qorxusu ilə yaşayır. Bu mənada Türkiyə ərazisində yerləşən Şimali Anadolu qırılma xətti bütün dünyada ən qorxulu potensial zəlzələ ocaqlarından hesab olunur. 1999-cu ildə son 100 ilin ən dəhşətli zəlzələlərindən birini formalaşdıran bu qırılma xətti bu gün də Türkiyə üçün çox böyük və qarşısıalınmaz təhdid olaraq qalır.
Zəlzələ süni yaradıla bilərmi?
Mərmərədə “Böyük İstanbul zəlzələ”si təhdidi o qədər aktualdır ki, demək olar ki, hər gün müxtəlif ideyalar ortaya atılır. Çünki hələ 1999-cu il zəlzələsi zamanı ortaya atılmış iddiaların 20 il sonra həyata keçməsi daha realdır. Söhbət dəhşətli zəlzələdə xarici kəşfiyyatların əlinin olmasından gedir.
İstanbul zəlzələsinin mənşəyi ilə bağlı yazılmış bəzi məqalələr bütün məsuliyyətin ABŞ və İsrailin üzərində olduğunu qeyd edir. Heç kimə sirr deyil ki, ən azı Şimali Anadolu qırılma xətti qədər təhlükəli və hətta onun əkizi adlandırılan “San Andreas” qırılma xətti ABŞ-ın Kaliforniya ştatını günün 24 saatı qorxu içində yaşamağa məcbur edir. İddialara görə, ötən əsrin sonlarına yaxın amerikalı alimlər bu qırılma xəttinin törədə biləcəyi zəlzələnin qarşısının alınması üçün qəribə bir fikrə düşüblər. İdeya sadədir: “zəlzələyə səbəb olacaq illərlə toplanan enerjini süni şəkildə yayaraq dağıtmaq”. Bunu həyata keçirmək üçün isə qırılma xətti boyu bir sıra partlayışlar yaradaraq enerjini çıxarmaq tələb olunur. Beləcə böyük zəlzələ qorxusu aradan qalxır və onu xırda seysmik sarsıntılar əvəz edir. İdeyanın sonradan Sovet İttifaqında da aktual olduğu, hətta Şimali Amerika ilə yanaşı Qafqazda da bu istiqamətdə sınaqlar keçirildiyi bildirilir.
Elə 1999-cu ildə İstanbul zəlzələsinin baş verməsindən sonra müxtəlif iddialara səbəb olan da məhz yuxarıdakı məlumatlar idi. Mətbuat ABŞ-ın İsraillə birlikdə Gölcükdə yerləşən bazada sözügedən ideyanı həyata keçirmək üçün xüsusi cihazdan istifadə etdiyini, eksperimentin uğursuzluğa düçar olduğunu və nəticədə dəhşətli zəlzələ baş verdiyini yazmışdı. Yazılanlara əsas kimi Gölcük bazasında ABŞ əsgərlərinin anlaşılmaz fəaliyyətləri, bir sıra qəribə halların qeydə alınması, İsrail əsgərlərinin Türkiyəyə gəlişi və İstanbul zəlzələsindən cəmi 3 gün sonra Türkiyə sahillərində İsrail təyyarəsinin qəzaya düşməsi (sözügedən informasiya cəmi bir neçə dəqiqədən sonra mətbuatdan yığışdırılmışdı) kimi maraqlı faktlar göstərilirdi.
Məhz bu cür iddialar, zəlzələnin yaratdığı ağır itki və dağıntılar bu gün belə türk toplumunda silinməz izlər buraxıb. Ona görə də “Böyük İstanbul zəlzələsi” və ya onun istənilən “xəbərçisi” cəmiyyət arasında təşvişlə qarşılanır, kiçik seysmik sarsıntılar belə günlərlə müzakirə edilir.
Bu zəlzələ mütləq baş verəcək
“Böyük İstanbul zəlzələsi”nin baş verməsi ehtimalını demək olar ki, heç bir alim və qurum istisna etmir. Ötən gün baş vermiş zəlzələyə dair alimlərin fikirlərini təqdim edirik:
Boğaziçi Universitetinin Qəndilli Rəsədxansı və Seysmik Araşdırma İnstitutunun Regional Zəlzələ-sunami İzləmə və Qiymətləndirmə Mərkəzinin müdiri Doğan Kalafat:
“Mərmərədə gözlənilən zəlzələlər 6-7 bal arasındadır. Kiçik zəlzələlər heç vaxt böyük zəlzələnin enerjisini yox edə bilməz. Bu zəlzələ bizə böyük zəlzələ potensialının yüksək və hazırlıq mərhələsində olduğuna işarə edir. Şimali Anadolu qırılma xətti 1999-cu il zəlzələsindən əvvəl də eyni xüsusiyyətləri daşıyırdı. O böyük zəlzələ olacaq. Amma bu heç bir zaman 17 avqust zəlzələsi (İstanbul, Gölcük) böyüklüyündə olmayacaq”.
İstanbul Texniki Universitetinin professor Okan Tüysüz:
“Zəlzələnin olduğu yer “Orta Anadolu çuxuru”dur. Dayaz olduğu üçün çox geniş bir ərazidə hiss edilməsi normaldır. Həssas bir bölgədir. İstanbul üçün böyük zəlzələ yaratması ehtimal olunan qırılma xəttində baş vermiş bir zəlzələdir. Bir müddət gözləmək lazımdır. Böyük zəlzələnin xəbərçisi olaraq dəyərləndirmək mümkün deyil. Sadəcə, qırılma xəttinin aktiv olduğunu göstərən bir hadisədir”.
Hollandiyalı mütəxəssis Frank Hugerbits:
“İstanbuldakı 4.7 ballıq zəlzələ bölgənin seysmik cəhətdən fəal olduğunu bizlərə xatırladır. Bundan əvvəl Kritdə 5.7 və Egey dənizində 5.6 bal gücündə zəlzələlər meydana gəldi. Bunlara əsasən seysmik narahatlığın artdığını görə bilirik. Bunlar qısa müddətdə 6 baldan artıq seysmik fəallığa səbəb ola bilər. Xüsusən Yunanıstan, adalar və Türkiyənin qərbi, mənim fikrimcə, gözləmə mövqeyindədir”.
Qeyd edək ki, fransız alimlər Egey dənizində baş verəcək tektonik hadisələrin İstanbulda ən azı 7 ballıq böyük bir zəlzələyə səbəb ola biləcəyini xəbər vermişdilər. Türkiyədə 1999-cu ildə Gölcükdə baş verən zəlzələdən sonra tədqiqat aparan fransız qrupun rəhbəri Havier Le Piçonun “Böyük İstanbul zəlzələsi” haqqında iddiaları Egey və Mərmərə dənizində layların sürüşməsi nəticəsində yarana biləcək dəhşətli zəlzələ barədə idi. Lay üzərində hərəkət il ərzində 20 millimetrdir və bu da təxminən hər il bir o qədər deformasiyaya səbəb olur. Yaranan qırışığın açılması 1, ya da 2 zəlzələyə səbəb ola bilər. Əgər 1 zəlzələ baş verəcəksə, bunun fəsadları daha ağır olacaq. Alimlər sonuncu dəfə bu xəttin qırılmasının 1766-cı ildəki 2 zəlzələdən sonra baş verdiyini, yaxın 30 il ərzində İstanbulda 7.6 bal gücündə zəlzələ gözləndiyini söyləyirlər.

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar