SƏUDİYYƏ-İRAN MÜNAQİŞƏSİNDƏ PAT DURUMU:yeni strateji savaş üsulları qalib-məğlub anlayışlarını ləğv edir – Təhlil

25-09-2019, 15:18   

Prabir Purkayasta

Independent Media Institute (ABŞ), 24.09.2019

 

ABŞ, Səudiyyə Ərəbistanı və İranın Yəmən husilərinin “Aramco”nun neft obyektlərinə hücumu fonunda ifa etdiyi dolaşıq hərbi rəqs heç nə ilə qurtara bilər. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində bildiriblər ki, “Aramco”ya hücumun “sponsoru” kimi İran çıxış edib, amma belə bir bəyanat məsuliyyəti birbaşa İranıın üzərinə qoymaqdan fərqlənir. Hətta ABŞ da indi həmin dildən istifadə edir. Tamamilə ola bilər ki, ABŞ prezidenti Donald Trampın mümkünlüyünə əvvəllər işarə etdiyi hərbi zərbə belə də baş tutmaz.

Husilər göstəriblər ki, pilotsuzları işlətmək bölgədə durumu dəyişib. Bir neçə həftə əvvəl yazmışdım ki, pilotsuzlar və mobil raket qurğuları daha zəif güclərə daha güclü, daha qüdrətli atəşə yiyələnmiş ölkələrə qəbuledilməz ziyan vurmağa imkan verir. Husilər və səudlar, “Hizbullah” və İsrail, daha geniş mənada isə iki qrup – İran-“Hizbullah”-Yəmən huisləri və ABŞ-İsrail-Səudiyyə Ərəbistanı arasında yeni strateji balans yaranıb. Daha zəif güclərdən heç biri qələbə çalmaz, amma o biri tərəfə qəbuledilməz ziyan vurmaqla mübarizəni davam etdirmək bacarığını saxlar.

Əbkaik və Hurəysədə “Aramco”nun neft obyektlərinə hücum nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı 50% azalıb. Dünya neft hasilatının 12%-ə qədəri Səudiyyə Ərəbistanının payına düşür və onun neft qurğularına istənilən uzunmüddətli ziyan dünya neft tədarükləri üçün ciddi nəticələrə və neft qiymətlərinin artımına gətirər. ər-Riyadın yaranmış kəsiri bağlamaq üçün yetərincə neft ehtiyatı olduğu haqda bəyanatına, habelə ABŞ-ın strateji ehtiyatlarından istifadəyə  baxmayaraq, neftin qiyməti 20 % sıçrayıb. ABŞ-ın Venesuela və İrana münasibətdə davam edən qanunsuz sanksiyaları üzündən dünya indiki anda kəsiri bağlamaq üçün hasilatı artırmağa söz verən Səudiyyə Ərəbistanından neft tədarükündən güclü asılıdır. Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə kürəsəl nəticələrə və yeni kürəsəl tənəzzülə səbəb olacaq.

Husilər göstəriblər ki, Səudiyyə Ərəbistanının Yəməndə hava zərbələri müəyyən nəticələrə gətirə bilər. Husilər pilotsuzları işlədərək Səudiyyə Ərəbistanının yumşaq yerindən vura bilərlər – neft infrastrukturu obyektlərini, elektrik stansiyalarını və suyu şirinləşdirən qurğuları. NATO qüvvələri ilə silahlanmış Səudiyyə Ərəbistanı Yəmənin hava məkanında ağalıq edir. Səudiyyə Ərəbistanı müdafiə xərclərinin səviyyəsinə görə ABŞ və Çindən sonra üçüncü yerdədir. ər-Riyad müdafiəyə ümumilikdə 70 milyard $, İran isə 6,3 milyard $, yəni Səudiyyə Ərəbistanının müdafiə xərcinin onda birindən az sərf edib. Əlbəttə, husilər özlərini Səudiyyə Ərəbistanının hücumlarından qoruya bilmirlər, amma Səudiyyə Ərəbistanı da özünü aşağıda yer səthinin üzərindən uçan, buna görə də radarın yardımı ilə müəyyən edilməsi çətin olan pilotsuzların, yaxud qanadlı raketlərin hücumundan qoruya bilmir. İrana sarı yönəlmiş sahil xətti boyunca, o cümlədən ABŞ-ın beşinci donanmasının qərargahının qərarlaşdığı Bəhreyndə, ABŞ HHQ Mərkəzi Komandanlığının oturduğu Qətərdə əl-Udəyd aviabazasında çox sayda radiolokasiya sistemi yerləşir. Səudiyyə Ərəbistanı ərazisində saysız-hesabsız radiolokasiya sistemləri yerləşib. Hava zərbəsi qabaqcadan aşkarlanmalı idi. ABŞ və Səudiyyə Ərəbistanının sübut kimi radiolokasiya məlumatlarını təqdim etməməyi kifayət edir.

ər-Riyadda iddia edirlər ki, hücumun arxasında İran durub, amma məsuliyyəti birbaşa onun üzərinə qoymayıblar. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində deyiblər ki, husilər neft strukturuna hücum edə bilməzlər, çünki pilotsuzlar və qanadlı raketlər Yəmən tərəfdən uçub gəlməyib. Bu dedikcə inandırıcı sübutdur, çünki hamıya bəllidir ki, pilotsuzların düz xətt üzrə uçmağı vacib deyil, onlar haradan buraxıldığından asılı olmayaraq istənilən yöndə uça bilir. Onlar şimaldan gəlibsə, bu, sübut etmir ki, məhz İrandan uçub gəliblər. Hətta Britaniyanın radio yayımı korporasiyasında (BBC) bildiriblər ki, ər-Riyad əsas sualı cavablandırmayıb: Səudiyyənin neft obyektlərinə hücum zamanı işlədilən silahlar İranınmı ərazisindən buraxılıb?

ər-Riyadın pilotsuzların və qanadlı raketlərin qırıqlarını sərgiləyib bunların İran mənşəyinə işarə etdiyinə baxmayaraq, bu ən yaxşı halda göstərir ki, İran özünün bir sıra texnologiyalarını husilərə verib. Lakin Səudiyyə Ərəbistanı diqqətdən qaçırır ki, Yəməndə ABŞ, Fransa və Böyük Britaniyanın ər-Riyada verdiyi texnologiyalar deyil, gerçək təyyarələr, bomba və raketlər tətbiq olunur. 2018-ci ildə Amerika istehsalı belə bombalardan biri 40 məktəblini öldürüb. Lakin biz hesab etmirik ki, sözügedən ölkələr Səudiyyə Ərəbistanının Yəməndəki hücumlarına görə sorumludur.

Mühərrik və tuşlama sistemi daxil olmaqla pilotsuzların istehsalı üçün husilərin istifadə etdiyi komponentlərin çoxunu dünya bazarında asanlıqla əldə etmək və Yəmən ərazisində yığmaq olar. Husilərin “Aramco”ya hücumu pilotsuzlardan istifadə ilə əvvəlki hücumlar silsiləsindən sonra gəlib. Husilər 2018-ci ildə Səudiyyə Ərəbistanının müdafiə imkanlarını öyrənərək bu ölkəyə hücum üçün pilotsuzları işlədiblər.

Səudiyyə Ərəbistanının radar növləri və hava hücumundan müdafiə sistemləri haqda açıq qaynaqlarda olan məlumatlara görə, ər-Riyad adi vasitələrdən istifadə ilə özünü hava hücumlarından, məsələn, bombardmançılardan qoruya bilər, lakin qanadlı raketlərin və ya pilotsuzların zərbələrinə pis hazırlaşıb. Səudiyyə Ərəbistanının hava hücumundan müdafiəsi bu ehtimala söykənir ki, yeganə ciddi təhlükə təyyarələr və adi raketlərdən də istifadə edən İrandan gələ bilər. Husilər göstərdilər ki, asimmetrik savaşlar dönəmində daha ucuz variantlar var: dronlardan istifadə etməklə hücum.

Bəli, ABŞ İranı və onun infrastrukturunu məhv edə bilər. Amma İran məhv edilsə, ABŞ-ın bölgə müttəfiqlərinin neft infrastrukturu da ləğv olunacaq. Yeni strateji balans bu cürdür və ABŞ və NATO üzrə tərəfdaşları bunu nə qədər tez etiraf etsələr, bölgəsə barış bir o qədər tez əldə oluna bilər.

Tərcümə Strateq.az-ındır. 

 

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar