Mariam Qriqoryan
“1in.am”, Ermənistan, 26 sentyabr 2019-cu il
Milli Təhlükəsizlik Xidmətinin (MTX) artıq sabiq rəhbəri olan Artur Vanetsyanla Baş nazir Nikol Paşinyan arasındakı fikir ayrılığı ictimai-siyasi məkanda geniş müzakirə olunmağa davam edir. Lakin cəmiyyət izahat almaq yerinə, yeni sürprizlərlə qarşılaşır. Nəticədə yeni izahatlar tələb edən suallar yaranır.
Ümumerməni “Sasna tsrer” partiyasının katibliyinin üzvü Vaaqn Avakyan “1in.am”la müsahibəsi zamanı belə fikir ifadə edib ki, onlar problemi şəxslərdə görmürlər. O deyib: “Əgər Artur Vanetsyanın yerinə Poqos Poqosyan təyin edilsəydi, müəyyən bir müddətdən sonra sistem onu mövcud hökumətin əleyhinə işləməyə məcbur edəcəkdi”.
Avakyan detalları açaraq qeyd edib: “Hazırkı hökumət xalqın nəzərində inqilabi qüvvədir. Hökumətin dəyişiklikləri inqilabi yolla etməkdən imtina etməsi başqa məsələdir. Lakin ölkənin rəhbəri xalqın iradəsilə seçilən adamdır. Sadəcə sistem əvvəlki kimi qalıb, həmin III respublika da tamamilə Rusiyaya xidmət etmək üçün formalaşdırılmış sistemdir. Orada Rusiyanın sərəncamında olan, Ermənistan Respublikasının maraqlarına qarşı fəaliyyət göstərən adamlar var. Narahatlıq varmı? Birmənalı vardır. Həll yolları tapmaq lazımdır, lakin onlar şəxslərin digər şəxslərlə əvəzlənməsilə bağlı deyil. Bu həll yolları sistem xarakteri daşımalı, mövcud müstəmləkə sisteminə qarşı olmalıdır. Nəticədə erməni xalqının siyasi iradəsinə xidmət edən sistem yaradılmalıdır”.
Avakyanın sözlərinə görə, Vanetsyan-Paşinyan münaqişəsinin, Osipyandan narazılığın olması tamamilə təbiidir. Həmsöhbətimizin sözlərinə görə, Milli Məclisdə də münaqişələr olacaq. O deyir: “Beləliklə, bizim üçün proseslər əvvəlcədən gözlənilən idi, həll yollarını isə biz artıq təklif etmişik. Qoy hökumət düşünməsin ki, problem hansısa şəxslərin dəyişdirilməsindədir, problem erməni dövlətinə xidmət edən dövlət idarəçilik sisteminin yaradılmasındadır”.
“Demokratik Vətən” partiyasının sədri Petros Makeyan “1in.am”la müsahibəsi zamanı vəziyyətə toxunaraq deyib: “Mən hələ İcevan hadisələrindən sonra dedim ki, MTX və polis öz yerində deyil. Osipyanla bağlı mən əvvəllər də demişəm, MTX ilə əlaqədar isə mən məhz həmin dövrdə öz fikrimi bildirmişəm. Bu hadisəyə gəldikdə isə, məncə, bu, ikitərəfli qeyri-ciddilikdir, birincisi Vanetsyan özünü düz aparmadı”.
Makeyanın sözlərinə görə onu hardansa istiqamətləndirirlər: “20 il sistemdə işləyən biri bilməlidir ki, elə sərhədlər var, onu keçmək olmaz. O, Paşinyanı tərbiyə etməyə cəhd etdi. Paşinyan bu sistemdən deyil, o isə 20 ildir ki bu sistemdədir, belə qeyri-ciddi və məsuliyyətsiz davranışa necə yol verə bilər?”.
Həmsöhbətimiz həmçinin deyib: “Zamanında mən David Şahnazaryanla birlikdə idim, indi isə onunla namizədliyinin Ermənistan Respublikaçılar Partiyasının siyahısı ilə irəli sürülməsindən öncə təmasımız oldu. Lakin həmişə sərhəd dövlətçilik olub, o, bu sərhədi keçməyib. Vanetsyan isə keçdi, Paşinyan da öz növbəsində Los-Ancelosdan belə şeylər danışmamalı idi. Ancaq o, siyasi xadimdir və bu sistemin adamı deyil”.
Tərcümə Strateq.az-ındır