Texnikumlardan sonra növbə universitetlərdə: Pulsuz təhsil baş tutacaq?

26-09-2019, 17:48   


Texnikumlardan sonra növbə universitetlərdə: Pulsuz təhsil baş tutacaq?

Azərbaycanda təhsil haqlarının yüksək olması və ödənişli ixtisasların dövlət hesabına olan ixtisasları üstələməsi bu sahədə ciddi problemlər yaratmaqdadır. 

Son 7 il ərzində 5000 nəfər yüksək bal toplayan abituriyentin təhsil haqqlarını ödəyə bilməməsi səbəbindən təhsil almaqdan imtina etməsi barədə açıqlamalar vəziyyətin nə qədər ciddi olduğunu bir daha üzə çıxardı.

Qeyd edək ki, bir sıra ölkələrdə ali təhsil ölkə vətəndaşları üçün ödənişsizdir. Ali təhsilin səviyyəsinə və təhsillilərin əhali sayına nisbətinin yüksək olmasına diqqət yetirən bir sıra ölkələrdə dövlət bunun üçün müvafiq tədbirlər görür, yardımlar ayrılır. Ali təhsilin pulsuz olduğu İsveç, Danimarka, Finlandiya, İrlandiya, İslandiya, Norveç, Çexiya kimi ölkələrdə tələbələrin gündəlik xərcləri üçün kredit və qrantlar ayrılır.

54 ali məktəbin fəaliyyət göstərdiyi Azərbaycanda isə tələbələrin 70 faizi öz hesabına təhsil alır. Universitetlərin istiqamətlərinə gəlincə isə, onların bir-birlərini təkrarladığını qeyd etmək olar. Belə olan halda, ali təhsil sahəsində rasionallaşdırmanın aparılması məsələsi ortaya çıxır. Eyni ixtisaslar üzrə bir neçə universitetdə təhsil verilməsi həm də bu istiqamətə yönələn xərcləri artırmış olur. 

Rasionalaşdırmanın aparılması və bunun nəticəsində ölkə vətəndaşları üçün tamamilə ödənişsiz ali təhsil sisteminə keçilməsi mümkündürmü? 

Təhsil eksperti Nadir İsrafilov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda təhsilin böyük bir hissəsinin ödənişli olması onun əlçatanlığı prinsipinə ziddir:

“Biz ali təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük. Bunun üçün bir tərəfdən universitetlərin nəzdində hazırlıq kurslarının yaradılması, digət tərəfdən məzunlara ikinci şansın verilməsi məsələləri var. Ali təhsillilərin əhalinin sayına düşən faizinə görə, Azərbaycanın aparıcı ölkələrin səviyyəsinə çatdırılması hədəflərimizdən biridir. Ödənişli təhsilin olması bu hədəflərə çatmağa maneələr törədir. Hər halda, minlərlə yüksək keçid balı toplayan məzunlarımız var ki, onlar maddi imkanları olmadığından tələbə hüququ qazanmaqdan məhrum olublar. Bu çox aktual məsələdir. Doğrudur, təhsil ödənişləri ilə bağlı bir sıra fondlar - o cümlədən də “Maarifçilik”, “Gənclər” fondları var, amma onların ayırdığı vəsait ödəniş problemi olan gənclərimizin 25 faizini belə əhatə etmir”.

Hazırda rasionallaşdırmanın getdiyini deyən ekspert bildirdi ki, bu proses əsasən orta ixtisas məktəblərinə tətbiq olunur: 

“Müstəqillik qazanıldıqdan sonra orta ixtisas müəssisələrinin sayı xeyli artdı. İndi bu sahədə rasionallaşdırma gedir, onların bir qismi bağlanıb, digər bir qismi yerli universitetlərin nəzdində fəaliyyət göstərir. Ali məktəblərdə də rasionallaşdırma prosesi həyata keçirmək olar. Azərbaycanda 54 universitet fəaliyyət göstərir ki, bəzi ekspertlər bunu çox, bəziləri isə az hesab edir. Mənim fikrimcə, 54 universitet çoxdur, nəzərə almaq lazımdır ki, həmin universitetlərin əksəriyyəti eyni profildədir, yəni bir-birini təkrarlayır. Vaxtilə ölkə başçısı da bu məsələyə münasibət bildirmişdi ki,  mühəndis hazırlayan universitetlər vahid bir mərkəzdə birləşdirilsinlər. Məsələn, Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetində, Bakı Mühəndislik Universiteti, Neft Akademiyasında mühəndis hazırlanır. Bu cür rasionalaşdırma tədbirləri həyata keçirilə bilər”. 

Ekspert bildirir ki, rassionalaşdırma tədbirləri hazırlanana qədər təhsil kreditlərinin verilməsi haqqında qanun qəbul edilməsi məqsədəuyğundur: 

“Biz Balonya prosesinə qoşulandan sonra bu məsələ xüsusilə aktuallaşıb. Dünya təcrübəsində 3, 7 faizli uzunmüddətli kreditər verilir. Bu kreditlər vaistəsilə tələbələr öz kirayə və s. xərclərini ödəyirlər. Bizdə isə bu məsələ nədənsə öz həllini tapmır. Milli Məclisdə bu məsələ müzakirə olunan zaman, 5 faizli kreditlərin verilməsi məsələsi qoyulmuşdu, banklar isə buna razılıq vermədilər. Milli Məclisinin Elm Komissiyasının açıqlamasına görə, bu məsələ gündəmdədir və bu sahədə dünya təcrübəsi öyrənilir, Rasionallaşdırma tədbirlərinə qədər bunun həyata keçirilməsi tələbələrin durumunu xeyli yaxşılaşdırmış olar”.

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.