Sentyabrın 26-da Ali Məhkəmədə həbsdə olan MTN generalı Akif Çovdarovun məhkəməsi keçirilib. Musavat.com-un məlumatına görə, hakim Əziz Seyidovun icraatında olan prosesdə elan olunub ki, Akif Çovdarov kasasiya şikayətini geri götürüb.
Yada salaq ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.
A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edib. Akif Çovdarov isə məhkəmə ifadəsində deyib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: “Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünki o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakları özləri alıb”.
Dövlət ittihamçısı A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il azadlıqdan məhrum edilməsini istəyib. 2017-ci il oktyabr ayının 30-da Sabunçu Rayon Məhkəməsi Akif Çovdarovun 12 il azadlıqdan məhrum edilməsinə qərar verib.
A.Çovdarovun rütbəsinin alınması barədə də qərardad çıxarılıb. Bundan əlavə, Akif Çovdarovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə edilib. Akif Çovdarovun ailə üzvlərinin qaldıqları evinin üzərinə qoyulmuş həbs götürülüb.
Hökm elan ediləndən sonra A.Çovdarovun neçə milyonluq əmlakının müsadirə edilməsi barədə müzakirələr başlayıb. A.Çovdarovun vəkili məsələyə bu cür aydınlıq gətirib: “Əmlakın böyük bir hissəsi, hansı ki, qızının və oğlunun ailəsinə, Akif Çovdarovun özünə məxsusdur, elə özlərinə də qaldı. Həmin əmlaka qoyulan həbs də götürüləcək. Orada müəyyən məsələlər var. Məsələn, Kürdəmirdə balıqçılıq təsərrüfatı ilə bağlı torpaq sahəsi var ki, o da mülkiyyətdə deyil, dövlətlə neçə illik icarə müqaviləsi bağlanılıb. Əsasən torpaqlardır ki, onlar dövlətlə icarə müqaviləsi əsasındadır”.
2018-ci ilin mayında Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə A.Çovdarovun şikayəti təmin edilməyib. Həmçinin bildirilib ki, Akif Çovdarovun ailə üzvlərinin əmlakları ilə bağlı hissə də təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
Bu səbəbdən hələ də məlum deyil ki, A.Çovdarov Ali Məhkəmədə neçə milyonun davasını aparırdı ki, indi o qərarından vaz keçib...
Yada salaq ki, MTN-in ləğvindən sonra qurumun həbs edilmiş yüksək vəzifəli əməkdaşları Ali Məhkəməyə kasasiya şikayətləri versələr də, öz şikayətlərini geri götürməyə başlayıblar.
Bu ilin avqust ayının 1-də MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin şikayətini geri götürdüyü məlum olub. Ali Məhkəmədə keçirilən iclasın əvvəlində hakim elan edib ki, Quliyev məktub göndərərək, şikayətini geri götürdüyünü bildirib.
Elə həmin gün Ali Məhkəmədə keçirilən digər prosesdə məlum olub ki, daha beş zabit - MTN-in transmilli cinayətkarlığa qarşı mübarizə idarəsinin keçmiş rəisi Sübahir Qurbanov, onun müavini Füzuli Əliyev, MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, keçmiş əməliyyatçılar Natiq Əliyev və Zaur Məmmədov da şikayətini geri götürüb.
Maraqlıdır ki, Akif Çovdarovun həmin ərəfədə şikayətini geri götürdüyü deyilirdi. Ancaq o, sonradan yenidən Ali Məhkəməyə şikayət vermişdi ki, onu məhz indi geri götürdü...
Orxan ƏLİYEV,
“Yeni Müsavat”