İSRAİL SEÇKİDƏN SONRA SİYASİ SEÇİM QARŞISINDA:fərqli koalisiya ssenariləri

27-09-2019, 13:37   

İsrail tarixində ilk dəfə olaraq bir ildə ikinci dəfə Knessetə seçki keçirilib. Aprel ayında siyasi qüvvələrdən heç biri qəti qələbə əldə edə bilmədi. Baş nazir Binyamin Netanyahunun da koalisiya hökuməti qurmaq cəhdləri baş tutmadı. Nəticədə, sentyabr ayına təkrar seçkini təyin etməli oldular. Lakin bu dəfə də vəziyyət aydınlaşmadı. Seçkidə heç kəs uğur qazana bilmədi. “Likud” 32 yerlə kifayətləndi. Əsas müxalif güc olan “Kaxol-Lavan” mərkəzçi bloku 33 yerə nail oldu. Hökumət qura bilmək üçün isə Knessetdə 61 yer tutmaq lazımdır.

Bu səbəbdən müxtəlif siyasi qüvvələrlə koalisiya yaratmaq uğrunda mübarizə başlayıb. Hələ bir nəticə əldə edilməyib. Ekspertlər də hər hansı bir konkret ssenariyə üstünlük verməyib müxtəlif variantlardan bəhs edirlər. Siyasi liderlər isə müzakirələrə başlayıblar. Ölkə prezidenti Binyamin Netanyahu və Benni Qantzla görüşüb. Onların koalisiya yaratması üçün addım atılıb. Bütün bunların fonunda İsraildə yeni hökumətin qurulması məsələsinin siyasi gərginliyə səbəb olduğu aydın görünür. Həmin kontekstdə proseslərin mümkün ssenariləri və geosiyasi təsirləri üzərində geniş dayanmağa ehtiyac görürük.

 

Bir ildə iki seçki: Təl-Əviv çıxış yolu axtarır

 

İsrail siyasi dalana dirənib. Bu ilin aprelində Knessetə keçirilən seçkilərdə həlledici qələbə qazanan partiya olmadığından, baş nazir B.Netanyahunun hökuməti formalaşdırmaq cəhdləri müsbət sonuc vermədi. Həmin seçkidə B.Netanyahunun başçılıq etdiyi sağ mərkəzçi “Likud” (“Konsolidasiya”) və B.Qantzın liderlik etdiyi sol mərkəzçi “Kaxol-Lavan” (“Mavi-ağlar”) bərabər sayda – hər birinə 35 deputat yeri qazanmışdılar. Lakin İsrail ordusunun baş qərargahının keçmiş rəisi B.Qantz qəti şərt qoyub: B.Netanyahu baş nazir olmamalıdır! Xatırladaq ki, B.Netanyahu da Baş Qərargahda zabit olub.

Təkrar seçkilər vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, “Kaxol-Lavan” 33 yer, “Likud” 32 yer qazanıb. Bununla onların heç biri təkbaşına hökumət qura bilmir və təbii olaraq koalisiyaya getməlidirlər. Bu da ayrıca problemdir. Bu dəfə “kiçiklər” “naz edirlər”. Məsələn, rusdilli israillilərin partiyası sayılan “İsrail – bizim evimiz” qrupu 8 deputat yeri ilə ya B.Qantz, ya da B.Netanyahu ilə koalisiyaya girə bilər. Bu halda ümumi say 61-i keçir ki, hökuməti qurmaq olar (xatırladaq ki, Knessetdə deputat sayı 120-dir və hökumət qurmaq üçün tərəfdaşların sayı yarıdan çox olmalıdır). Ancaq rusdillilərin lideri Aviqdor Libermanın şərti belədir ki, yalnız “”Likud” üstəgəl “Kaxol-Lavan”” koalisiyasına qoşula bilər. O, bu birliyi ümummilli koalisiya adlandırır.

Deməli, A.Libermana görə, nə ərəbləri, nə də dini kəsimi təmsil edən partiyalar “ümummili koalisiyaya” aid edilə bilməzlər. Ekspertlər bunu şovinizm adlandırsalar da, siyasi reallıqdır. Onu da deyək ki, son seçkidə ərəblərin birləşdiyi qrup (“Birləşmiş ərəb siyahısı”) 13 yerə sahib olub. Dini qrupları birləşdirən ŞAS isə 9 yerə sahibdir. Başqa xırda partiyalar da müəyyən yerə sahib olublar. Məsələn, “Tövrat yəhudiliyi”nin 8 yeri vardır.

Bunlar onu göstərir ki, bütövlükdə ölkədə qeyri-müəyyən siyasi vəziyyət yaranıb. Əgər koalisiya alınmasa, üçüncü dəfə seçki olmalıdır ki, bunu da israillilər istəmirlər. Çünki onlar bu proseslərdən artıq cana gəliblər. Xüsusilə 10 ildir B.Netanyahunun baş nazir olmasından bezdiklərini deyirlər. Bu səbəbdən ekspertlər hesab edirlər ki, Prezident Reuven Rivlin öz nüfuzundan istifadə edib, B.Netanyahu ilə B.Qantzın koalisiya yaratmasına çalışacaq. KİV-də yayılan məlumatlara görə, artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. Bir sıra ssenarilərdən bəhs edirlər.

Belə ki, sentyabrın 22-də və 23-də İsrail prezidenti B.Qantz və B.Netanyahu ilə görüşüb. Bununla yanaşı, liderlər öz aralarında aktiv məsləhətləşmələr aparırlar. “Birləşmiş ərəb siyahısı”ndan olan Ayman Ude bəyan edib ki, “biz hökumətin formalaşdırılmasının B.Qantza həvalə edilməsini təklif edirik”. Əhməd Tibi də Tvitter səhifəsində yazıb ki, “tarix yazaraq, Netanyahunu devirəcəyik”. Bundan başqa, “Kaxol-Lavan”ın liderini “Avoda-Heşer” və “Demokratik düşərgə” də dəstəkləyir. Onda B.Qantzı dəstəkləyən deputatların ümumi sayı 57 olur. Nəticə üçün cəmi 4 yer qalır. Lakin ekspertlər bir məqama diqqət yetirirlər. Ərəblərin “Ballad” qrupu B.Qantzı dəstəkləməyəcəklərini bəyan ediblər. C.Zahalka vurğulayıb ki, B.Qantz “təhlükəli və pis birlik hökuməti” yarada bilər. Belə olsa, B.Qantza tərəf olan deputatların sayı 57-dən az olur. Yəni bu düşərgədə qeyri-müəyyənlik qalır.

Sağ cəbhədə də vəziyyət aydın deyil. “Likud” liderini 55 deputatın dəstəkləyə biləcəyi haqqında danışırlar. Buraya “Tövrat yəhudiliyi”, ŞAS və “Yamina” daxildirlər. Bu arada İsrail mətbuatı A.Libermanla B.Qantzın görüşdüyü haqqında informasiya yayıb. A.Liberman dini qrupların iştirak etmədiyi geniş koalisiya tərəfdarıdır. Məsələ ondan ibarətdir ki, rusdilli A.Liberman bir sıra dini qaydalara qarşıdır. Məsələn o, nikahın həm də sivil qurumlarda kəsilməsini tələb edir. Ancaq hələ də İsraildə dini nikah mövcuddur. A.Liberman B.Qantzla görüşü haqqında qısa məlumat verib. O deyib ki, bəzi məsələləri müzakirə ediblər və lazım gəlsə, bir də görüşəcəklər.

 

Nəticə yoxdur: birləşmək problemi

 

Ekspertlər onu da vurğulayırlar ki, A.Liberman B.Netanyahu ilə də görüşmək fikrindədir və hökumət qurmaqla bağlı müzakirələr aparmaq istəyir. Müsbət nəticənin alına biləcəyinə şübhə edirlər, çünki B.Netanyahu ilə A.Liberman arasında ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə Fələstin məsələsində onlar fərqli mövqedədirlər. Məhz bu məsələdəki siyasi fikir ayrılığı A.Libermanın B.Netanyahu hökumətindən getməsinə səbəb olub. Buna baxmayaraq, A.Liberman hesab edir ki, bir çıxış yolu vardır: “Likud”, “Kaxol-Lavan” və “İsrail – bizim evimiz” partiyalarının koalisiyası!

B.Netanyahu ilə B.Qantzın münasibətlərinə gəldikdə isə, onu kifayət qədər ziddiyyətli adlandırırlar. Onlar birləşsələr, ümumi deputat yerləri 65 olur. Bunlara A.Libermanın da dəstək verdiyi halda, 73 yerə sahib olurlar. Lakin Fələstin məsələsində B.Qantz daha praqmatik mövqe tutur və sosial dəyişikliklər tərəfdarıdır. B.Netanyahu isə Fələstin məsələsində sərt mövqenin tərəfdarıdır. Seçki öncəsi onun ritorikasındakı bu məqam özünü aydın göstərdi və seçicilərin bir çoxu ondan üz döndərdi. “Haaretz” qəzeti yazır ki, B.Qantz B.Netanyahu erasına son qoyacaq.

Bütün bunlara Donald Trampın münasibəti maraqlıdır. Amerika prezidenti hadisələri izləməyə üstünlük verib və onun nəticəsinə uyğun fikir bildirəcəyini deyib. B.Netanyahu isə BMT-nin iclasına getməyib. Ancaq aydın görünür ki, İsrail dərin siyasi böhrana üz-üzədir. B.Netanyahu baş nazirlikdən imtina etmir, B.Qantz isə onu kənarlaşdırmağa çalışır. Doğrudur, A.Liberman bunu “uşaq oyunu” adlandırır. Lakin reallıq belədir ki, iki lider prinsipial rəqabət aparır və güzəşt etmək fikrində deyillər.

Ekspertlər bu proseslərin fonunda İsraildə siyasi mühitin dinamikasının necə dəyişə biləcəyi və onun Yaxın Şərqin geosiyasi mənzərəsinə təsirini proqnozlaşdırmağa çalışırlar. Belə görünür ki, İsraildə siyasi mühitdə mütləq düzəlişlər olacaq. Artıq təxminən eyni gücdə olan iki siyasi qrup vardır. Onlar mübarizə aparırlar. Həmin qrupların xarici siyasətdə bir sıra məsələlərdə mövqeləri oxşar olsa da, müəyyən incə məqamlarda fərqlənirlər.

Məsələn, Fələstin məsələsində onlar arasında strateji fərqlər yoxdur, lakin bir sıra taktiki punktlarda dəyişiklik ola bilər. Deməli, Knessetin necə formalaşmasından və hökumətdə kimlərin olmasından asılı olmayaraq, Fələstin məsələsində ciddi dəyişiklik gözlənilmir. Daxili siyasətdə isə cəmiyyətin yeniləşməsi istiqamətində addımlar atıla bilər. B.Qantz konkret bu təklifləri edir.

O cümlədən İrana münasibət dəyişməzdir. Bu ölkə əsas düşmən hesab edilir. Çətin ki, İran siyasətində ciddi yenilik olsun. Bu da Yaxın Şərqdə İranla toqquşma ehtimalının qalacağı anlamını verir. İsrailin ərəb dövlətlərinə qarşı da kəskin siyasət dəyişikliyi edəcəyi gözlənilən deyil. Çox güman ki, Təl-Əvivin Suriya siyasəti əvvəlki kimi qalacaq.

Bunlarla yanaşı, daxili siyasi vəziyyət ölkəni gərginləşdirə bilər. O cümlədən dini siyasi kəsimlə yenilikçilər arasında ziddiyyətlər dərinləşər. Bu kontekstdə dini siyasi qrupların B.Netanyahunun tərəfini saxlaması diqqəti çəkir. Çünki dini qrupların İsraildə yeniləşməyə əngəl olmağa başladıqları hiss olunur. B.Qantz ilə gələcəkdə onlar arasında münasibətlərin necə olacağı qeyri-müəyyəndir.

Bu deyilənlər onu göstərir ki, çox şey İsraildə koalisiya hökumətini hansı qüvvələrin yaradacağından asılı olacaq. Əgər A.Libermanın dediyi mənada “milli qüvvələr” dil tapsalar, bir ssenari, əks halda, başqa ssenari reallaşa bilər. Bu mənada İsrail hazırda siyasi seçim qarşısındadır. Onun hansı siyasi mövqeni seçməsindən asılı olaraq, geosiyasi tutumu da müəyyənləşəcək. Bəlkə də 1947-ci ildən bu yana ilk dəfədir ki, İsrail siyasi seçim qarşısında bu dərəcədə gərgin vəziyyətə düşüb. Lakin hər şey dəyişir…

Newtimes.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.