Yiqal Çazan
“bne İntellinews”, 23.09.2019
Donald Trampın İranla ticarəti və investisiya məhdudiyyətlərini yeniləməsindən bir il sonra ABŞ və Aİ arasında sanksiya siyasəti ilə bağlı ziddiyyətlər Konqresin Rusiyanın enerji layihəsini dayandırmaq planları ilə bir daha artır.
1.200 km uzunluğunda olan və 1 milyard dollarlıq “Nord Stream 2” (“Şimal Axını 2”) boru kəmərinin çəkilişi təklif edilən sanksiyalarla bahalı gecikmələrə səbəb ola və ya hətta tamamlanmaya bilər. Rusiyanın dövlət enerji nəhəngi olan “Qazprom”un layihəsi Rusiya qazının Almaniyaya və daha geniş miqyasda Avropa bazarına ixracını genişləndirərək mövcud “Nord Stream” boru kəmərinin gücünü çoxaldacaq.
Bəzi Baltikyanı, Mərkəzi və Şərqi Avropa ölkələri enerji təhlükəsizliyini pozduğundan “Nord Stream 2”-yə qarşı çıxsa da, xüsusilə Almaniya kömür və nüvə enerjisi asılılığını azaltmaq üçün Qərbi Avropa enerji şirkətləri tərəfindən maliyyələşdirilən bu müəssisəni irəlilətməyə hazırdır. Prezident Trampın keçən il JCPOA-dan çıxmasından sonra İrana yenidən sanksiya tətbiq etmək qərarı ilə Avropa və ABŞ arasındakı münasibətlər çox pisləşib. İranla nüvə razılaşmasını dəstəkləməyə davam edən və ABŞ-ın tədbirlərindən yayınmağa çalışan avropalılar bu addımı kəskin şəkildə tənqid edirlər.
Yaranan ixtilaf dünyanın ən böyük iki sanksiya proqramının koordinasiyasını poza bilər. Bu cür əməkdaşlıq Karakasdan Pxenyana qədər vəhşi rejimlərə təzyiq göstərmək üçün vacib sayılır.
Rusiyanın Krımı ilhaq etməsi, Ukraynanın şərqinə müdaxiləsi və 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ABŞ və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi bir sıra sanksiyaları qüvvəyə mindirib, lakin bu, Rusiyada biznesini davam etdirmək istəyən Avropa şirkətlər üçün problem yaradıb.
Rusiyanı cəzalandırmaqdan çəkinən prezident Tramp “Nord Stream 2” məhdudiyyətlərini dəstəkləyib, ən azı avropalıların Amerikadan daha çox mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəməsinə görə. Onun narahatlığı budur ki, daha böyük həcmdə ucuz Rusiya qazı Avropaya nəql edildikdə, LNG-yə tələbat azalacaq.
Konqres üçün də geostrateji amillər sanksiyalar qanunvericiliyi, Avropanın Enerji Təhlükəsizliyini Qoruyan Qanunda vurğulandığı kimi, çox vacibdir.
Amerikalı qanunvericilər Avropanın qaz ehtiyacı ilə bağlı Rusiyaya güvənməsindən narahatdırlar. Onların fikrincə, Moskvanın siyasi təsir cəhdlərini azaltmaq üçün tədarüklər diversifikasiya etməlidirlər. Sanksiyalar Qara dənizin dibi ilə Rusiya qazını Türkiyəyə və Avropaya nəql edəcək “TürkStream” boru kəməri layihəsinə də təsir edə bilər.
Eyni zamanda, “Nord Stream 2” Moskvaya Ukraynadan yan keçmə imkanı verir, kövrək ölkəni vacib tranzit haqlarından məhrum edir (ildə 2 milyard dollar, ÜDM-in təxminən 3%-i). Narahatlıq budur ki, ölkənin şərqindəki münaqişə həll olunmamış qaldıqca və Krımın Rusiya tərəfindən ilhaqı beynəlxalq birliyin əksəriyyəti tərəfindən tanınmadığı bir vaxtda, bu, Kremlin Kiyevə təsiri gücləndirəcək.
”Nord Stream 2” – Almaniyanın “Uniper” və “Winterhsall”, Fransanın “Engie”, “Royal Dutch Shell” və Avstriyanın “OMV” şirkətlərinin maliyyələşdirdiyi (50%), bu günə qədər ərazi sularından keçdiyinə görə Danimarkanın etiraz etdiyi kəmərin 2019-da başa çatdırılması planlaşdırılır. ABŞ-ın sanksiyaları təsdiq olunarsa, boru kəmərləri çəkən mütəxəssislər layihənin qalan hissəsində işləri dayandıra bilər, çünki ABŞ-ın ikinci dərəcəli tədbirləri həddi aşanlar üçün Amerika maliyyə sistemindən kənarlaşdırılma təhlükəsi doğurur.
Təhdid Avropa ilə ABŞ arasında iqtisadi və diplomatik münasibətlərin pisləşməsi fonunda yaranır. Alüminium və polad idxalına olan tariflər və Aİ-nin “Airbus”una rüsumlar ehtimalı Brüsseldə yaxşı qarşılanmayıb. Avropalılar nüvə sazişini də qorumağa can atırlar, lakin bu, onların bankları və şirkətlərini riskə atır.
Almaniya, Fransa və İngiltərə İranla ticarəti davam etdirmək və ticarət etmək istəyənləri ABŞ sanksiyalarından təcrid etməyə çalışan Ticarət Birjalarına Dəstək Aləti (INSTEX) olaraq bilinən xüsusi təyinatlı vasitə ilə qorumaq istəyib, lakin problemlərlə üzləşib.
Əvvəlcə humanitar malların ticarəti ilə məhdudlaşan layihə əhəmiyyətli ticarət əməliyyatlarını asanlaşdırmaq məqsədi daşıyır. İranın güzgü ticarət mexanizmi qurmaması və Parisdə fəaliyyət göstərən Maliyyə Fəaliyyət Tapşırıq Qrupu tərəfindən qoyulan maliyyə şəffaflığı şərtlərini tam mənimsəməməsi ilə əlaqəli problemlər var. Üstəlik ABŞ sanksiya verərək INSTEX-i təxirə salacağı ilə hədələyib.
İranlılar iqtisadi qapını açıq saxlamaq üçün Brüsselə güvənib, ancaq Avropa bankları və şirkətləri İranla əlaqələrdən əsəbi görünür, rəhbərləri səbrlərini itirməyə başlayır. Tramp administrasiyası ilə münasibətləri daha da gərginləşdirən Avropa görünür, daha böyük zərbə alacaq.
ABŞ prezidenti üçün maraqları sanksiyalar vasitəsi ilə alt-üst olan avropalı müttəfiqlərini itirmək pis nəticədir. Administrasiya ticarət və investisiya məhdudiyyətlərini xarici siyasət məqsədlərinə çatmağın əsas vasitəsi olaraq təyin edib. Lakin strategiyanın həqiqətən effektiv olması üçün ABŞ Avropa sanksiyalarının da güclənməsini təmin etməlidir.
İranla bağlı fikir ayrılığı və “Nord Stream 2” ilə bağlı gözləntilər siyasət məqsədlərə çatmaq üçün sanksiyaların sonuc potensialını poza bilər.
Tərcümə: Strateq.az