Çingiz Qənizadədən borc iddiasına CAVAB: "Bu məqsədyönlü ötürülüb"

1-10-2019, 15:23   
 


Millət vəkili Çingiz Qənizadə bu gün saytların birində qardaşlarının və yaxın qohumlarının banka borcu olması barədə yayılmış məlumatlara aydınlıq gətirib.


Çingiz Qənizadə Lent.az -a bildirib ki, mətbuatdakı məlumatı oxuduqdan sonra qardaşı ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırıb:



“Bu gün saytların birində belə bir məlumat gedib ki, "Accessbank" mənim qardaşım - Gündüz Qənizadə və ona zamin durmuş Feyruz Qənizadə, M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.


Qeyd edim ki, mənim qardaşım Gündüz Qənizadə uzun illərdir Ağdaş rayonunda diş həkimi kimi fəaliyyət göstərir, 60 yaşı var. O, “Accessbank”dan bir neçə dəfə kiçik məbləğdə kredit götürüb və vaxtında qaytarıb. Yuxarıdakı məlumatda adı gedən qohumlarım isə kredit götürülərkən zamin duran şəxslərdir. Axırıncı kredit 17 min manat dəyərindədir və qardaşım kredit şərtlərinə uyğun olaraq, buna görə evini girov qoyub. Götürülmüş kredit onun həkimlik fəaliyyəti ilə bağlı lazımi texniki avadanlıqların alınması üçün nəzərdə tutulub. Məndə olan məlumata görə, o, kreditin bir hissəsini axırıncı inflyasiyaya qədər ödəyib. Sonrakı dövrdə bankla onun arasında fikir ayrılığı yaranıb .


Daha sonra bank qardaşım Gündüz Qənizadəni və yuxarıda adları keçən zamin durmuş digər şəxsləri mülki qaydada məhkəməyə verib. Sonra tərəflər arasında danışıqlar başlayıb və məhkəmədəki mülki iş baxılmamış saxlanılıb.


Onu da qeyd edim ki, bu gün yüz minlərlə insan hər hansı bir işini görmək üçün banklara üz tutur və burada qeyri-adi heç nə yoxdur.


Bu məlumatın mətbuata ötürülməsi görünür ki, məqsədyönlüdür.


Hesab edirəm ki, bu informasiyanı mətbuata ötürərək mənim təmiz reputasiyama kölgə salmaq istəyənlərin arzusu ürəyində qaldı”.




Qeyd edək ki, mətbuatda Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu qeyd edilib.


Məlumata görə, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.


2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyini göstərib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.