Prezident İlham Əliyevə "İgidliyə görə" medalı verdiyi polkovnikdən şikayət edilib. İmişlinin Bəcirəvan kənd sakini Elxan Tarverdiyev Criminal.az saytına bildirib ki, kənd sakinlələrin qanuni istifadəsində olan otlaq yerlərinin bir hissəsi hələ 2 il əvvəl pambıq əkini adıyla əllərindən alınıb. Onun sözlərinə görə, İmişli rayon Polis Şöbəsinin rəis müavini olmuş, polis polkovnik-leytenantı Habil Ağayev və ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov otlaq sahələrinin qalan hissəsini də tələb edir:
"Onlar şəxsi bizneslərinin bir qolu olaraq iri əkinçilik və heyvandarlıq təsərrüfatlarının yaradılmasını əsas gətirirlər. Kəndin ümumi otlaq sahəsində 70 hektar yerim vardı, iki il əvvəl traktorları saldılar sahəyə, 40 hektarını şumladılar. Dedilər, prezidentin göstərişi var, pambıq əkilməlidir. Qaldı 30 hektar... Ötən yaz gəlib əlavə 10 hektar da götürdülər, qaldı 20 hektar... İndi də deyirlər, yazadək yığışdır fermanı burdan, torpaqların qalanını da ver, Habil Ağayev və Şükür Aslanov buralarda əkin sahələri yaradır, heyvandarlıq kompleksi yaradır. 40 hektar məndən, 30 birindən, 20 birindən... Beləcə, kənddə azı 30-40 adamın otlaq yerindən çox hissəsini şumlayıb götürdülər, az hissəsini adamlarda saxladılar".
Şükür Aslanov
Elxan Tarverdiyev deyir ki, indi o az hissələrə də göz dikiblər: "Mənim kimi bir çox kəndli bu torpaqları heyvandarlıq məqsədilə qış otlaq sahəsi kimi qanuni yolla istifadəyə götürüblər. Onsuz da iki il əvvəl torpaqların bir qismi əlimizdən alınanda heyvanların sayını azaltmaq məcburiyyətində qalmışdıq. Bu da bizi xeyli zərərə saldı. İndi isə baltanı kökündən vurmaq qərarına gəliblər. Deyirlər, gedin, özünüzə başqa iş tapın, heyvandarlıq da, əkinçilik də, ümumiyyətlə, kənddə nə iş varsa, hamısı bizlikdir. Mənə maraqlı odur ki, əgər iki il əvvəl torpaqların bir qismini əlimizdən dövlət proqramı adıyla - pambıq əkmək üçün almışdılarsa, niyə pambığı ləğv eləyib sahələri taxıl, arpa əkininə çevirdilər?
Torpağı pambıq əkmək adıyla şumlayıb sonradan taxıl əkdilər. İndi də göl qazırlar ki, ərazidə suvarma sistemi qursunlar, özləri əkin işlərini genişləndirsinlər, heyvandarlıq kompleksi tiksinlər. Arpa, soya, qarğıdalı əkmək fikrindədilər. Yəni bunlar demək istəyir ki, ay kəndlilər, siz malı, qoyunu yaxşı saxlaya bilmirsiz, gedin oturun evdə, bu işlə özümüz məşğul olacağıq. Və açıq-aşkar da deyirlər ki, bu işin başında ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi dayanıb. Guya Şükür Aslanov göstəriş verib ki, fermalar qışadək torpaqlardan çıxarılmalıdır. Bunlar adamların son çörək yerlərini də gəlib əlindən alıb özlərinin milyonlarını artıracaqlar, adamlar da ac qalacaq".
Şikayətçi prezident İlham Əliyevə müraciət edərək Habil Ağayev və Şükür Aslanovun İmişli rayonundakı özbaşınalıqlarına son qoyulması üçün göstəriş verməsini xahiş edir:
"Bir neçə il öncə Habil Ağayev, Şükür Aslanov, tikinti kralı kimi tanınan Əvəz Şükürovdan ibarət qruplaşma İmişli şəhər inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Məmi Atakişiyevin rəhbərlik etdiyi qrupla sözün əsl mənasında ciddi qarşıdurma yaşayıblar. Şükür Aslanov və Əvəz Şükürovun maliyyə dəstəyi ilə Habil Ağayev, Məmi Atakişiyevə məxsus, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsini mənimsəyib. Şükür Aslanov artıq bir neçə gündür ki, İmişli rayonunda yaşayan, sözü keçən hacıları, seyidləri qudası – Habil Ağayevdən narazı olan şəxslərin qapısına minnətçi olaraq aparır. Kimləri pulla, kimləri isə xahişlə öz mövqeyindən daşındırmağa çalışan Şükür Aslanov yaxınlarına "bu təhlükəni də sovuşdurmaq üçün bizə cəmi 20 gün vaxt lazımdır. Sonra hər şey köhnə qaydasına qayıdacaq” – deyə bildirirmiş. Habil Ağayev rayonda xoşu gəlməyən istənilən şəxsi məhkəməsiz həbs etmək səlahiyyətini özü-özünə verib. O istədiyi vaxt DYP əməkdaşı, istədiyi vaxt müstəntiq, istədiyi vaxt hakim ola bilir. Habil Ağayev Şükür Aslanovla qohum olduqdan sonra bu özbaşınalığın miqyası daha da genişlənib".
Xatırladaq ki, prezident İlham Əliyev 2005-ci ildə H.Ağayevi "İgidliyə görə" medalı ilə təltif edib.