Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı sabiq dövlət başçısı Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb.
Sözügedən görüş Rusiyanın Ermənistandakı səfirliyində baş tutub. Çay süfrəsi arxasında aparılan söhbətin əsas məzmunu R.Köçəryanın həbsi və hakimiyyətin fəaliyyəti ilə bağlı olub. Buna baxmayaraq, müzakirələrin təfərrüatı barədə ətraflı məlumat verilmir.
Çox güman ki, Rusiya Prezidenti həyat yoldaşı vasitəsilə Robert Köçəryana bir sıra siyasi ismarıclar göndərib. Vladimir Putin həmin təlimatları oktyabrın 1-də İrəvana səfəri zamanı R.Köçəryanla görüşərək onun özünə verməyi planlaşdırmışdı. Putinin Ali Avrasiya Birliyi İqtisadi Şurasının iclasında iştirak etmək üçün Ermənistana səfərinin qeyri-rəsmi gündəliyi əslində, Robert Köçəryanla görüşdən ibarət idi. Hətta səfərdən bir gün öncə Robert Köçəryanın həbsxanadan müayinə olunmaq üçün İzmrilyan tibb müəssisəsinə aparılması Putinin gəlişi ilə izah edilmişdi. Ermənistan mətbuatı Rusiya prezidentinin xəstəxanada R.Köçəryana baş çəkəcəyini yazırdı. Lakin bu dəfə də Köçəryanla bağlı məsələdə Baş nazir Nikol Paşinyan Vladimir Putinlə razılığa gəlmək istəmədi. Bu ziyarətin qarşısını almaq üçün Paşinyanın göstərişi ilə Köçəryan həbsxanaya qaytarıldı. Görünür qeyd edilən səbəbdən, Rusiya Prezidenti Bella Köçəryanla görüşmək məcburiyyətində qalıb.
Vladimir Putinin bu addımı tərəflərin R.Köçəryan məsələsində bir-birinə güzəştə getmək niyyətində olmadığını göstərir. Yəni Köçəryanın həbsxanaya qaytarılması və Putinin Bella Köçəryanla görüşməyə məcbur buraxılması ilə Paşinyan və Rusiya hökuməti arasındakı münasibətləri yenidən tarıma çəkmiş oldu. Robert Köçəryanı xəstəxanadan həbsxanaya qaytarmaqla Paşinyan Rusiya Prezidentinə güzəştə getmək niyyətində olmadığını nümayiş etdirdi. Vladimir Putin isə Bella Köçəryanla qapalı görüş keçirməklə “Qarabağ klanı”na dəstəyini davam etdirəcəyini bildirdi. Xüsusilə də Putinin İrəvanda soyuq qarşılanması, Paşinyana etinasız münasibət göstərməsi və onunla yalnız hava limanında görüşməsi rəsmi İrəvanla Kreml arasındakı fikir ayrılığının dərin olduğunu aşkara çıxartdı. Vladimir Putinin həyat yoldaşı vasitəsilə Robert Köçəryanla əlaqə saxlaması Moskvanın Paşinyana qarşı mübarizədə müxalif qüvvələri eks-prezidentin ətrafında cəmləşdirmək planından imtina etmədiyini göstərir. Bu təhlükəni görən Nikol Paşinyan hökuməti isə R.Köçəryanı dəmir barmaqlıqlar arxasında saxlamaq üçün əlavə dəlillər tapmağa çalışır.
Ermənistan mediasının yazdığına görə, yaxın vaxtlarda R.Köçəryana qarşı yeni ittiham irəli sürülə bilər. Eks-prezidentə qarşı 2001-ci ildə Poqos Poqosyanın qətlə yetirilməsi faktı üzrə cinayət işinin açılacağı iddia edilir. Belə ki, 2001-ci il sentyabrın 24-dən 25-ə keçən gecə İrəvan şəhərindəki “Araqast” kafesində Poqos Poqosyanın Aqamal Arutunyan tərəfindən qətlə yetirilməsi ehtiyatsızlıqdan adam öldürmə faktı kimi qeydı alınıb. Lakin sonradan prokurorluq və məhkəmə orqanlarına daxil edilən dəlillərdən məlum olub ki, Poqosyan ağır işgəncəyə məruz qalıb və sonda “salam Rob!” (Robert Köçəryan-red.) deyərək ölüb. Ermənistan mətbuatı R.Köçəryanın bu hadisədən xəbəri olduğunu və cinayəti bilərkdən gizlətdiyini yazır. Ermənistanın Baş Prokurorluğu “Daşnaksütyun” təşkilatının üzvü olan Poqos Poqosyanın qətli ilə bağlı 2019-cu il sentyabrın 12-də yenidən araşdırılma başladıb. Əgər R.Köçəryanın bu hadisəni bildiyi halda gizlətdiyi, yaxud cinayətdə bu və ya digər iştirakı sübuta yetirilərsə, onu yeni ağır ittiham gözləyir. Bu halda, R.Köçəryanı dəstəkləyən daşnaklar da yəqin ki, öz mövqelərinə yenidən baxmalı olacaq.
Xatırladaq ki, deputat Arman Arzumanyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini Robert Köçəryanla görüşdüyünə görə “Ermənistanın düşməni” adlandırmışdı. Çox güman ki, Rusiya prezidentinin Bella Köçəryanla söhbəti də Ermənistanın hakim dairələrində narazılıqla qarşılanacaq. Yaxın zamanlarda tərəflər arasında qarşılıqlı ittihamların səslənəcəyi şübhə doğurmur.
Müşfiq Abdulla
Cebhe.info