UZAQ DAĞLARDA VƏ YERİN DƏRİN QATLARINDA… – İranın «raket şəhəri» var?
4-10-2019, 09:17
İran öz raketlərini və digər zərbə sistemlərini yeraltı tunellərdə saxlayır. Bu barədə oktyabrın 1-də İslam İnqilabı keşikçiləri Korpusu (İİKK) Aerokosmik güclərinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bəyan edib(«Tasnim»). «Dağlarda, yerin altında çox mürəkkəb tunellər qazılıb – döyüş sursatını, raketləri, avadanlıqları saxlamaq və hərbi personalı qorumaq üçün» – deyə, iranlı hərbi rəis bildirib. Onun sözlərinə görə, «yeraltı raket şəhərləri»nin yaradılması ideyası İranın hərbi-siyasi rəhbərliyi tərəfindən hələ 1984-cü ildə işlənib hazırlanıb.«O zaman bir tunel qazılıb. Həmin dövrdən üzübəri müdafiə məqsədləri üçün yeraltı kommunikasiyaların tikintisi gecə-gündüz davam edir» – deyə, general qeyd edib. Tunellərin əsas məqsədi – daşıyıcıları (raketləri, təyyarələri) yerin altında saxlamaq və İranın raket potensialını onun düşmənlərindən qorumaqdan ibarətdir. «Hal-hazırda, biz, Yaxın Şərq bölgəsində nəhəng raket gücüyük və raket sənayesi üzrə dünyada aparıcı 7-8 ölkədən biriyik»– general bəyan edib.
Qeyd etmək lazımdır ki, İranın şaxələnmiş yeraltı kommunikasiyalarının olması və orada potensial düşməndən qorunmaq üçün hərbi resursların saxlandığı barədə hakimiyyət dəfələrlə bəyan edib. Cari ilin mayında İran İslam Respublikası dövlət televiziyası ilə uyğun videomaterial nümayiş etdirilib. Bütün bunlar öz yerində, ancaq iranlı generalın yeraltı tunellər və orada raketlərin (digər hərbi texnikanın) saxlanması barədə söylədiklərində yeni və qeyri-adi bir şey yoxdur. Belə ki, hələ ötən əsrin 80-ci illərində kosmik tədqiqatlar üzrə dünyanın aparıcı dövlətləri kosmosdan xüsusi cihazların köməyi ilə yer səthindən 60 kilometr dərinlikdə yerləşən obyektlərin effektli kəşfiyyatını apara bilirdilər. Bu baxımdan, İranın yeraltı «raket potensialı» məsələn, ABŞ üçün gizli qala bilməzdi. Belədə, İran tərəf nə üçün bu məsələni məhz indi qabardır? Böyük ehtimalla, bu da İran mollalarının növbəti blefidir və özəlliklə, ölkənin daxili auditoriyasına ünvanlanıb – yəni ki, ay camaat, qorxmayın, mollalar demiş,«yerin altında Cinni Cəfərin 80 minlik qoşunu var» və hazır vəziyyədə «yanki»ləri gözləyir… Mirzə AĞ AzPolitika.info