Bütöv Azərbaycanı hansı ölkələr dəstəkləyir? – Yeni era başlayır

4-10-2019, 09:27   
 


   
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:
Birinci hissə BURADA
- Böyük dövlətlər niyə bizim kimi ölkələrin müqavimətini zəiflədən Qarabağ tipli məsələlərin həllində maraqlı olsunlar?
- Əgər biz sovet dövrünün mirasçısı olub, kiçik dövlət psixologiyasından qurtulmasaq, o zaman bizi hələ çoxlu problemlər gözləyir. Mən siyasət elminə tarixdən gəlmişəm. Türkologiya ilə məşğul olmuşam və elmlər namizədliyi dissertasiyamı SSRİ türkologiyanın mərkəzi olan Leninqradda (Sankt-Peterburq – red.) müdafiə etmişəm. Mənim dissertasiyamda opponentlər kimi məşhur türkoloqlar, SSRİ-də bu sahə üzrə bir nömrəli alimlər çıxış edirdilər. Ona görə də mən proseslərə həm də bir tarixçi gözüylə baxıram. Bu çox vacibdir, çünki sən prosesləri təhlil edəndə bilməlisən ki, hansı proseslər olub və hansı proseslərdən sonra nələr baş verib.
Tarixən Azərbaycan xalqı bu bölgədə ən böyük xalqlardan biri olub. İranın özündə hazırda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Düzdür, İranın özündə əhalinin etnik tərkibinin müəyyənləşdirilməsiylə bağlı hər hansı proses aparılmır, amma İran rəsmiləri də, İranla məşğul olan bütün mütəxəssislər də açıq etiraf edirlər ki, 40 milyona yaxın Azərbaycan türkü yaşayır. İranın keçmiş Xarici İşlər naziri Əli Əkbəri Salehi jurnalistlər qarşısında çıxış edəndə demişdi ki, ölkə əhalisinin 40%-i türk dilində danışır. Bununla bərabər, 2012-ci ildə ABŞ Konqresində də Cənubi Azərbaycanla bağlı qətnamə irəli sürülmüşdü və orada Güneydə yaşayan Azərbaycan türklərinin sayı 36 milyon nəfər göstərilmişdi. 7 il bundan öncə 36 milyon olan göstərici indi təxminən 40 milyona bərabərdir. Yəni 40 milyon nəfər Cənubda, 10 milyon Quzeydə yaşayır. Biz hələ Güney və Qüzeydə 50 milyonuq, hələ Dərbəndi, Borçalını, Kərkükü və s. demirəm. Tarixi Azərbaycanın sərhədlərinə baxsaq, görərik ki, biz ən qədim sivilizasiya olan Şumerlə qonşuyuq. İndi təəccüb edirik ki, Kərkükdə Azərbaycan dilində danışan türkmanlar yaşayır. O dövrdə onlar bu əraziyə sərhədimizə dayaq nöqtəsi kimi yerləşdirilmişdilər.
Sovet hökuməti çalışırdı ki, bizim mentalitetimizi imperiya siyasətinə uyğun olaraq, kiçik xalqların psixologiyasına uyğunlaşdırsın. Bizim adımızı da zorla dəyişdirdilər. 1936-cı ildə Stalin türk adını alıb, bizə azərbaycanlı adını verdi. Stalin o zaman Türkiyə ilə bölgənin əlaqəsini kəsmək üçün Azərbaycan türklərinə də özlərini türk adlandırmağı qadağan edib. Bizim tariximizi saxtalaşdırır, Azərbaycan türklərini, Gürcüstan Mesxeti türklərini Türkiyə ilə sərhəddən deportasiya edirdilər. İkinci Dünya müharibəsindən sonra da azərbaycanlıları rəsmi qərarla Ermənistandan çıxartdılar. Səbəb o idi ki, SSRİ ilə sərhəddə böyük türk dövləti vardı, sərhədin digər tərəfində böyük türk xalqı yaşayırdı. Bunu həm İran, həm də SSRİ özünə təhlükə sayırdı. Buna görə də daima tariximizi saxtlaşdırır və kiçik millət psixologiyasını bizə yeridirdilər.
- Görünür, onların bizə öyrətmək istədiyini unuda bilməmişik...
- Biz kiçik xalq, kiçik millət deyilik. Bu bölgədə ümumilikdə 60 milyonluq Qafqaz türkü və təxminən 60-70 milyonluq Anadolu türkü var. Xalqların sərhədləri ilə dövlətlərin sərhədləri arasında fərq var. Bu gün biz dövlətlərin sərhədlərində yaşayırıq. Bir dəqiqəlik dövlətlərin sərhədlərini kənara qoyaq, çünki bu sərhədlər daima dəyişir. Xalqların sərhədlərinə baxsaq, görərik, burada 120 milyondan çox türk var. Anadolu və Qafqaz türklərindən təşkil olunan ən azı 120 milyonluq türkün qarşısına Avrasiya məkanında çıxa biləcək 1-2 etnosdan başqa heç bir qüvvə ola bilməz.
İranla bağlı danışanda nəzərə almaq lazımdır ki, 40 milyonluq Azərbaycan türkünün arasında 10 milyonluq milli azlıqlar da yaşayır. Bunların arasında talışlar da, kürdlər də var. Heç bir ostanda Azərbaycan türkləri yüz faiz təşkil etmir. Bəzilərində bu 80%, bəzilərində 90%-dir. “Nyu York Tayms” “Böyük Azərbaycan” haqqında yazanda ona görə qeyd edirdi ki, bu ölkə dünyanın ən vacib ölkəsi ola bilər. Güneydə və Azərbaycan Respublikasında yaşayan 50 milyon türkü, üstəlik, 10 milyon digər etnik qrupları nəzərə alaraq, qəzet 60 milyonluq əhalisi olacaq bu ölkəni Avropa Birliyində həm ərazi, həm əhali sayına görə İtaliya, Fransa, Britaniya kimi dövlətlərlə müqayisə edir. Bunun üçün də kiçik dövlət, kiçik millət haqqında danışanda nəzərə almaq lazımdır ki, medalın o biri üzü də var. Ona görə də millətin, xalqın potensialından danışanda onu bugünkü dövlətin sərhədləri ilə ölçməli deyilik.
- O zaman medalın o biri üzünü də nəzərə alsaq, böyük güclərə Azərbaycan nə təklif edə bilər?
Onların öz maraqları var və onlar üçün bu layihə bəlkə də göydəndüşmə məsələ ola bilər. Məsələn, təsəvvür edin ki, belə bir layihə həyata keçirilsə, Cənubi Azərbaycansız İranın imkanı olmayacaq ki, bugünkü kimi husilərin əliylə Səudiyyə Ərəbistanına, Hizbullahın əliylə İsrailə qarşı hücumlar həyata keçirsin. Bir müddət öncə Səudiyyənin neft obyektlərin hücum oldu və bu, dünyanı şoka saldı. İran dedi ki, bunu husilər edib. Dünya isə deyir ki, birincisi, husilərə silahı, təlim, tapşırıq verən sənsən, ikincisi isə konkret olaraq bu raket hücumlarını husilər həyata keçirə bilməzlər. Burada elə tipli dron və raketlərdən istifadə olunub ki, onlardan husilərdə yoxdur. Yəni demək istədiyim odur ki, bu işdə çox maraqlı böyük güclər var. Ona görə də bu məsələ ABŞ Konqresində müzakirə olunur.
Məsələn, Ukrayna kimi böyük dövlətə nəzər yetirək. Krım hadisələri baş verdi və BMT Baş Assambleyasında Krımla bağlı qətnamələr qəbul edildi. 10-a yaxın dövlət burada Rusiyanı dəstəklədi. Rusiyaya dəstək verənlərin arasında Şimali Koreya, Venesuela, Ermənistan və İran var idi. Bu yaxınlarda Ukraynadan olan ekspertlər və yeni seçilmiş deputatlarla söhbətim oldu. Onlar deyirlər ki, İran bizim ərazi bütövlüyümüzün əleyhinə, Ukraynanın parçalanmasının lehinə səs verib, amma siz yalnız indi bizə Cənubi Azərbaycandan danışırsınız. Sənəd haradadırsa, göstərin, biz indidən oraya imza ataq. İran necə Krımın Ukraynadan ayrılmasına səs verirsə, biz də onların qarşısında sənəd qoyacağıq ki, Ukrayna da Cənubi Azərbaycanın referendum yoluyla Şimali Azərbaycanla birləşməsini tanıyır. Əgər sən Krımın ayrılmasını dəstəkləyirsənsə, o zaman öz ərazində yaşayan xalqlara da bunu tanımalısan. Görürsünüz ki, başqa dövlətlərlə nə qədər üst-üstə düşən maraqlar var?!
- Amma sizin bəhs etdiyiniz fikrə dünyada separatizm kimi yanaşırlar…
- Fikir verin, Azərbaycanın bu bölgədə yalnız Ermənistanla hərbi konflikti var. Bütün Avrasiya məkanında olan ölkələrin heç biriylə bizim düşmənçilik münasibətlərimiz yoxdur. İran hazırda neçə ölkə ilə ölüm-dirim mübarizəsinə daxil olub? İran İsraili Yer üzündən silmək istəyir, Səudiyyə Ərəbistanını bombardman edir, BƏƏ və Bəhreynə hücumlar edib, tankerlərinə əl qoyur, ən yaxın müttəfiqlərimizdən olan Pakistanla çox sərt münasibətlərə malikdir.
Digər tərəfdən, biz almanlar və ya koreyalılar kimi bölünmüş xalqıq. Burada separatizmdən söhbət getmir. Burada tarixi xalq, tarixi dövlət hansısa bir mərhələdə geosiyasi qarşıdurmalar nəticəsində iki hissəyə parçalanıb və o, gec, ya da tez birləşməlidir. Biz hamımız bilirdik ki, Şərqi Almaniya ilə Qərbi Almaniya nə zamansa birləşəcək və heç kim də buna separatizm gözüylə baxmırdı. Eynilə hamı bilir ki, Şimali Koreya ilə Cənubi Koreya da nə zamansa birləşəcək. Bunu hər iki ölkənin rəhbərliyi də tez-tez səsləndirirlər. Cənubi Azərbaycanla Şimali Azərbaycan da nə zamansa birləşəcək və tarixi ədalət bərpa olunacaq, buna da şübhə etməyin.
- Baxın, son 191 il ərzində (Türkmənçay müqaviləsindən sonra) bu işə yalnız bir dəfə - SSRİ zamanında real cəhd olunub. Amma o zaman münaqişəyə girən tərəf Azərbaycan yox, SSRİ idi. Bəs indi İranda digər etniklərə qarşı sərt münasibətin olduğu zamanda dediyiniz fikrə dəstək verən böyük güc tapmaq nə dərəcədə realdır?
Bizdən başqa İranın daxilində digər etnik qruplara qarşı da siyasət çox sərtdir. Əhvazda ərəblər İrandan ayrılmaq üçün mübarizə aparırlar. Pakistanla sərhəddə bəluclar var. Onların “Cundallah” adlanan təşkilatı var ki, silahlı mübarizə aparırlar. O cümlədən kürdlərin də oxşar təşkilatı mövcuddur. Həm Pəhləvi rejimi, həm də indiki rejimin dönəmində burada yaşayan millətlərə qarşı elə aqressiv, elə sərt siyasət yürüdülüb ki, içəridən azadlıq uğurunda mübarizə hamını, bütün millətləri əhatə edib.
Təsəvvür edin: İranın keçmiş Xarici İşlər nazirinin “İranın 40%-i Azərbaycan türkləridir” deməsi ölkənin yerdə qalan 60%-nin fars olması anlamına gəlmir. Bunların sırasında həmçinin milyonlarla kürd, ərəb, bəluc, giləklər və digər etnik qruplar var. Yəni ən yaxşı halda burada farsların sayı 40% və bəlkə də daha azdır. Hətta bəzi mənbələrə görə, 80 milyonluq İranda farsların sayı 20 milyonun altındadır. Ona görə də onlar milli azlıqlarla bağlı belə qəddar, sərt siyasət yürüdürlər. Əgər digər millətlərə hüquqlarını versələr, bəlli olar ki, İranda ən böyük xalq Azərbaycan türkləridir. Buna görə də bu məsələlərlə bağlı layihələrimiz 50 milyonluq Azərbaycan türklərinin proyektindən ibarətdir. Dünya dövlətləri bunun nə demək olduğu gözəl anlayırlar və hətta “Nyu York Tayms” iddia edir ki, burada Türkiyədən daha güclü bir dövlət yaratmaq olar. Buna dəstək verən beynəlxalq qüvvələr də kifayət qədər çoxdur. Burada İranı ən çox müdafiə edə biləcək güc Rusiyadır.
- Rusiya da qeyri-müəyyən dövlətdir…
- Rusiya 80 milyonluq Türkiyə ilə dostluğun nə demək olduğunu bilir. Üstəlik, Rusiya həm daxilindəki türkdilli xalqları, həm də Mərkəzi Asiyadakı türk respublikalarını nəzərə alaraq anlayır ki, türk dünyasına qarşı açıq savaşa girmək onun marağına uyğun deyil. Ona görə də əminəm ki, bu sahədə ciddi işlər görmək olar. Siz bilirsiniz ki, ən azından Rusiyada bir neçə siyasətçi var ki, onların rəyləri Kremldə dolaşan ideyaların əks-sədası kimi qəbul edilir. Məsələn, onlardan biri Jirinovskidir. O, həmişə Azərbaycanın əleyhinə çıxış edən adam olub. Nədənsə, bir dəfə o, Dumada çıxış edərək dedi ki, o zaman ciddi səhvə yol verdik, gərək Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirərdik. Hamı başa düşür ki, Jirinovski boş yerə heç nə demir və Kremlə zidd mövqe seçmir. Ya da Rusiyada geosiyasətlə məşğul olan, aparıcı alimlərdən biri sayılan Duqinin dediklərinə nəzər yetirmək lazımdır. Vaxtıyla o deyirdi ki, Azərbaycanı üç yerə parçalamaq lazımdır. Onlardan birini Rusiya, birini İran, birini isə Ermənistan götürməlidir. İndi isə onun fikirləri 180 dərəcə dəyişib və türk-slavyan birliyindən danışır.
Dəyişən dünyada əbədi heç nə olmur, əbədi yalnız maraqlardır. Rusiyanın maraqları heç vaxt dəyişməz qalmayıb, hər zaman vəziyyət dəyişdikcə onlar maraqlarında korrektələr ediblər. İndi Moskva Avrasiya ideologiyasına qayıdır. Avrasiya ideologiyasının tarixi fundamenti türk-slavyan birliyi olub. Bu istiqamətdə onlar addımlayırlarsa, bu, Azərbaycan, 50 milyon Azərbaycan xalqı üçün müxtəlif geosiyasi layihələri irəli sürüb gerçəkləşdirmək üçün yaxşı imkanlar yaradır. Bircə onu nəzərə almaq lazım deyil ki, söhbət təkcə İrandan gedir. Bizim ərazimizdə erməni dövlətinin yaradılması layihəsi üçün yüz il vaxt lazım olub. Eynilə də Qarabağı Azərbaycandan qoparmaq üçün 70 il gündəmdə saxladılar və sonda maymaq Qorbaçovun bunların qarşısına çıxması nəticəsində onlar layihələrini reallaşdıra bildilər. Biz də layihələrimiz üzərində çalışmalıyıq. Potensialımıza, imkanlarımıza baxsaq, dünyanın mərkəzi sayılan Avrasiyada öz layiqli yerimizi tuta bilərik. Etniklərlə birgə 60 milyonluq Bütöv Azərbaycan dövləti, 80 milyonluq Türkiyə dövləti olanda və onlar arasında müttəfiqlik sazişləri imzalananda onda əminliklə deyə biləcəyik ki, bizim xalqımızın da, millətimizin də təhlükəsizliyi tam təmin olunub.
- O zaman dediklərinizdən belə başa düşdüm ki, bu geosiyasi layihələrin icrası üçün millətçilik ideologiyasına keçid olmalıdır?
- Birincisi, Tramp BMT Baş Assambleyasında çıxışı zamanı dedi ki, qloballaşma prosesi artıq əhəmiyyətini itirib. Bu, bütün dünyada gedən prosesdir. Xüsusilə, köhnə dünya nizamı dağılırsa, bütün xalqlar, dövlətlər məcburdurlar öz maraqlarını müdafiə etmək üçün sağlam millətçilik ideologiyasını önə çəksinlər. Sözsüz ki, bizim də indi sağlam millətçilik (azərbaycançılıq türkçülüyə qarşı deyil – red.) ideologiyasını əsas götürməyimiz və gücləndirməyimiz labüddür. Onsuz da bu, bütün dünyada gedən prosesdir. Özünü qoruma instinkti bizdə varsa, xalqımızı qarşıdan gələn geosiyasi qeyri-stabil dövrdən qorumaq üçün bu, müdafiə reaksiyası kimi işə salına bilər. Millətlərin üzərində təhlükə olanda, geosiyasi qarşıdurmalar baş verəndə onun da daxili mobilizasiya mexanizmi sağlam millətçilikdir. Bu bir mərhələdir. Hər bir xalq böyük təhlükələrlə üz-üzə qalanda bu mərhələyə qayıdır...
Ardı var…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.