Tehranda rusiyalı jurnalist həbs edildi –O, İsrailin lehinə casusluqda ittiham olunur

4-10-2019, 19:41   

Rusiyalı jurnalist Yulia Yuzik İranda saxlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İslam Respublikasının səfirini rusiyalı jurnalistin Tehranda tutulmasının səbəblərini izah etmək üçün XİN-ə dəvət edildiyini söyləyib.

Strateq.az “İran” nəşrinə istinadla xəbər verir ki, Mariya Zaxarova Cümə günü öz “Facebook” səhifəsində yazıb: “Bir az əvvəl mediaya bildirdim ki, Rusiya vətəndaşı Yulia Yuzikin Tehranda tutulması ilə əlaqədar İranın Moskvadakı səfiri Mehdi Sənayi hadisənin təfərrüatlarını açıqlamaq və Rusiya vətəndaşının hüquqlarını təmin etmək üçün XİN-ə dəvət olunub”.

Başqa bir statusunda Zaxarova rus jurnalistin həbsi barədə Rusiya KİV-lərinə istinad edərək qeyd edib: “Yuliyanın işi Tehrandakı Rusiya səfirliyinin və rus diplomatlarının nəzarəti altındadır”.

Bundan bir neçə saat əvvəl Rusiyanın dövlət televiziya şəbəkəsi Rusiyanın Tehrandakı səfirliyinin sözçüsü Andrey Qanenkonun Yuliya Yuzikin həbsini təsdiqlədiyini açıqlayıb.

Jurnalist Yuliya Yuzikin İranda casusluqda şübhəli bilinərək saxlanıldığını ilk olaraq ailə üzvləri bildirib. Onun xarici ölkədə tutularaq oktyabrın 5-də məhkəmə qarşısına çıxarılacağı barədə qızı məlumat verib.

Onun sözlərinə görə, həbsdən sonra Yuliya Yuzika 1 dəqiqəliyinə evə zəng etmək icazəsi verilib. Telefonu anası götürüb və nəvəsini hadisə haqqında xəbərdar edib.

Jurnalist İsrail kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə 10 ilə qədər həbslə üzləşə bilər. Bunu isə onun həmkarı və keçmiş əri Boris Voytsexovski “Facebook” öz səhifəsində yazıb.

Voytsexovski hadisənin təfərrüatını statusuna əlavə edib: “İslam İnqilabı Keşikçiləri Korpusu üzvləri dünən otel otağına girib və onu İsrail təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq etməkdə günahlandırıblar”.

Rusiyanın Tehrandakı səfirliyi Rusiya KİV-lərinə, o cümlədən RBC-yə Yuzikin tutulmasından xəbərdar olduğunu və “vəziyyətlə məşğul olduğunu” bildirib.

Qeyd edək ki, Yuzik bir neçə il əvvəl İranda müxbir kimi işləyib və bu yaxınlarda naməlum tərəfin dəvəti ilə oraya qayıdıb. Voytsexovskinin sözlərinə görə, anonim şəxs ona təhlükəsizlik təminatı söz verib.

Xatırladaq ki, Yuliya Yuzik 1981-ci ildə Rostov vilayətinin Donetsk şəhərində anadan olub. Son illərdə “Komsomolskaya Pravda” və “Russkiy Newsweek” nəşrlərində işləyib. 2003-cü ildə Şimali Qafqazdan gələn intiharçılardan bəhs edən “Allahın gəlinləri” adlı kitabı ilə tanınıb. Digər məşhur kitabı Beslan girovlarından bəhs edir.

2016-cı ildə PARNAS Partiyasından Dövlət Dumasına seçkilərdə namizədliyini irəli sürüb.

Jurnalist Qafqazdakı icma layihələrində də fəal iştirak edib.

Boris Voytsexovski onun keçmiş əridir. O, Lent.ru-da çalışır.

Jurnalistin qızı da yazıçı kimi tanınır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.