Xəbər verdiyimiz kimi, Soçidə dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub.
Eurasia Diary “Sputnik”ə istinadən xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əyev deyib: ““Valday” forumuna dəvətə görə mən də Vladimir Vladimiroviçə təşəkkür etmək istərdim. Bu forumun işində iştirak etmək böyük şərəfdir.
Mən artıq demişəm ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Bugünkü mövzu Şərqə həsr edilmişdi. Lakin təbii ki, biz bu mövzunun çərçivəsindən kənara çıxdıq. Mənə belə gəlir ki, bu gün həqiqətən çox maraqlı, səmimi diskussiya keçdi, panelin hər bir iştirakçısı öz fikrini sərbəst ifadə edə bildi. Siz də qeyd etdiyiniz kimi, bizim fikirlərimiz çox cəhətdən üst-üstə düşürdü.
Zənnimcə, bugünkü panel tərəfdaşların, dostların, həmfikirlərin paneli idi. Bugünkü panelə verdiyi töhfəyə görə Vladimir Vladimiroviçə xüsusi təşəkkür edirəm, işin əsas ağırlığı onun üzərinə düşürdü. Biz də bacardığımız qədər kömək edirdik. Bir daha sağ olun. Hamınıza firavanlıq diləyirəm.
Yeri gəlmişkən, demək istərdim ki, zalda da çoxlu köhnə dostlarımı, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarını gördüm. Vladimir Vladimiroviç, ürəyinizdə arzu tuta bilərsiniz - Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu arasında əyləşmisiniz”.
Prezident Vladimir Putin cavabında bildirib: “Mənim arzum budur ki, bizim işimizin nəticələri real siyasətdə əməli fayda versin, bizim diskussiyalar dünyanın ən mühüm problemlərinin həllinə müxtəlif ölkələrin yanaşmalarında onların mövqelərini daha yaxşı anlamağa kömək etsin, bu problemlərin həllində isə biz hamımız maraqlıyıq...”.