Əziz Rzazadə
Qənimət Zahidin İranda həbsi kimin yadındadır? Onda “Ekspress” qəzetinin baş redaktoru idi. İl, deyəsən, 1999 idi. Bildiyim qədər, İrana tək getməmişdi. Qəfil səfər. Həm də peşəkar fəaliyyətlə bağlı olmayan. Sirr pərdəsinə bürünmüş həbs səbəbi. Rəşt şəhərində verdiyi bəyanat. Qayıdışda da, elə sərhədi keçən kimi, Astarada MTN şöbəsinə baş vurub yazdığı izahat…
Yox, dəlinin yadına daşı salmıram. Sadəcə, o zaman beynimdə dolaşmış suallar yenidən qaranlıq hücrəsindən çıxıb.
Rusiyalı jurnalist Yuliya Yuzikin gözlənilməz İran səfəri və həbsi ilə bağlı da oxşar müəmmalar yetərincədir. Media ehtimallları sıralayır, qarışıq təfərrüat, ziddiyyətli açıqlamlar və fərqli şərhlərdən zərrə-zərrə ortaya bəzi həqiqətlər çıxır. Amma portreti tamamlayacaq cizgilər yoxdur.
Əvvəla, oktyabrın 4-də jurnalistin İranda keçirilməli olan məhkəməsi təxirə salınıb. Səbəb açıqlanmır.
İkincisi, sentyabrın 29-da Tehrana gəlmiş Yuliya Yuzikin pasportu izahatsız əlindən alınıb. Ola bilsin ki, pasportda İsrail vizalarının möhürləri iranlı sərhədçilərin diqqətini cəlb edib. Amma Newsru.com-nun ehtimalına görə, problemin İsrail vizaları ilə bağlı yaranması şübhə doğurur. Çünki Yuliya Yuzik sonuncu dəfə yəhudi dövlətində 13 il əvvəl olub. İrana isə son illərdə bir neçə dəfə səfər edib.
Üçüncüsü, “Moskovskiy komsomolets”in məlumatına görə, Yuliya Yuzik İrana rusdilli “Iran Today” peyk kanalının direktoru Bəhram Xanların dəvəti ilə gəlib. Yuzik əvvəllər də bu kanalla əməkdaşlıq edib.
“Moskovskiy komsomolets”in məlumatına görə, “Iran Today”-ın internet səhifəsi son dəfə 2018-ci ilin avqustunda yenilənib.
Şübhələr üçün yetərincə əsas verən məqamdır.
Bəram Xanların da dumanla örtülü şəxsiyyəti var. “Ölü” “Facebook” və “Twitter” səhifəsi və bir neçə foto…
Jurnalistin bir dostu həmin kanalı “mühafizəkar-dini İslam telekanalı” adlandırmaqla bərabər, Newsru.com-a Yuliyanın artlıq bir dəfə “mövcud rejimə etibarsızlığına” görə saxlanıldığını və dindirildiyini bildirib.
“Komsomolskaya pravda” isə Yuliya Yuzikin əvvəllər “Press TV” ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Növbəti həbs ehtimalı, görünür, Yuliya Yuzikin özünün də ağlından keçib. Çünki doğmalarına, daha doğrusu, kiçik qızına “Facebook” səhifəsinin parolunu verib və gözlənilməz halların ola biləcəyini deyib.
Yeri gəlmişkən, Yuzikin 16 və 13 yaşlarında 2 qızı və 10 yaşında əkiz oğlanları var.
Terror və intiharçılar mövzusunda kitabların (“Nevestı Allaxa” və “Beslanskiy slovar”) müəllifi olan və 9 xarici ölkədə nəşr olunmuş rusiyalı jurnalistin fəaliyyətindəki bu məqam da kənara atılmamalıdır.
Jurnalist fəaliyyəti isə tam bir kələfdir. Cəncəlli imza müəllifliyi və sağdan-sola sapmalar…
Yuliya Yuzikin keçmiş işəgötürəni Bəhram Xanlar
Oktyabrın 2-də otel otağında “Sepah”çıların – “İslam Keşikçi”lərinin həbs etdiyi jurnalisti təqsiri sübut olunduğu təqdirdə, onu 10 il həbs gözləyir. Yuliya Yuzikin qızı Sonya anasının ötən dəfəki saxlanılmasını xatırlayıb. “Moskomskiy komsomolets”ə açıqlamasında deyib: “Sonuncu dəfə İrana gedərkən də oxşar hal olmuşdu. Onu 5 saat dindirmişdilər”.
İsrailin “Nativ” xüsusi xidmətinin eks-direktoru Yakov Kedmi (Kozakov) İsrailin nəfinə casusluq ittihamla bağlı “360” kanalına deyib: “İranda fəaliyyət göstərmək üçün Rusiya vətəndaşını casusluğa cəlb etmək, – yox, “Mossad” buna getməzdi. Həm də bu cür problemli, həmişə sayıq nəzərlər altında olan vətəndaşı. Casusluğa cəlb edilənlər, adətən diqqəti özünə çəkməyən adamlar olur ki, səmərəli şəkildə fəaliyyət göstərə bilsinlər”.
Yakov Kedmi “Komsomolskaya pravda”ya açıqlamasında onu da bildirib ki, “İsrailə casusluq etdiyi halda, Yuliya Yuzik çoxdan rusiyalı əks-kəşfiyyatçıların da diqqətini cəlb etmiş olardı”.
Yuzikin “İspıtano na sebe” seriyası çərçivəsində, “Komsomolskaya pravda”nın əməkdaşı kimi İsrail ordusunda bir neçə gün keçirdiyi və reportajlar hazırlaması da gizli deyil.
“Zavtra” qəzeti yəhudi və qərbi ukraynalı kökləri olan jurnalistin əvvəllər FSB ilə əməkdaşlığına eyham vurub. Üstəlik Çeçenistanda xarici kəşfiyyatlardan biri ilə əməkdaşlıq ittihamı ilə həbsini də xatırladıb.
“Komsomolskaya pravda” sonrakı dövrdə frilanser (azad sənətkar) kimi çalışmış 38 yaşlı keçmiş əməkdaşı barədə maraqlı bir ehtimal irəli sürüb: “Yuliya yapışıqlı qadındır, həmişə kişilərin diqqətini özünə cəlb edib. Yuzik həqiqi jurnalist kimi, onlardan informasiya əldə edib… Mənbəmizin məlumatına görə, Yuliyanın Tehranda görüşünə getdiyi məhrəm dostu yüksək mənsəbli şəxsdir. Ya nüfuzlu məmur, ya da hərbçi. Bu mənada, rusiyalı qadının casusluqla məşğul olub-olmaması əhəmiyyət daşımır. “Sepah” sadəcə sığorta tədbiri görüb”.
“MK”-nın məlumatı bu ehtimalın üzərindən xətt çəkir: “…Yuzikə “həyatı ilə uyğun olmayan xəstəlik” diaqnozu qoyulub və ona cərrahiyyə əməliyyatı lazımdır. Jurnalist özü bunu reklam etməyib”.
Maraqlı budur ki, İran mediasında, xüsusən, nüfuzlu nəşrlərdə Yuliya Yuzikin həbsinə dair təkəm-seyrək xəbərlərə rast gəlinir. Dövlət agentliyi olan “IRNA” yalnız dünən xüsusi yazı ilə rusiyalı jurnalistin peşəkar fəaliyyəti ilə əlaqədar saxlanılmadığını vurğulayıb.
“Hazırda İranda 173 xarici nəşr və 343 jurnalist, o cümlədən 3 Rusiya telekanalı, 3 informasiya agentliyi və 1 qəzet akkreditasiyadan keçib. Son dövrdə ölkəyə 39 xarici nəşrin 79 jurnalisti təşrif gətirib. Həmçinin, Rusiyanın 4 KİV-nin 9 əməkdaşı Tehrana gəlib və heç bir müşküllə qarşılaşmayıblar” , – qeydi ilə “IRNA” bir daha Yuliya Yuzikin həbsinə etiraz edən Rusiya və xarici jurnalist təşkilatlarına səbəbin peşəkar fəaliyyətlə əsla bağlı olmadığına eyham vurub.
Həqiqətən, birdən Yuliya Yuzikin “Mossad”la əməkdaşlıq etdiyi təsdiqlənərsə, Rusiya-İran əlaqələrinin aqibəti necə olacaq?
P.S. Bu gün rusiyalı diplomatlar Tehrandakı həbsxanada Yuliya Yuziklə görüşə buraxılmayıb.
Strateq.az