Vladimir Muxin
Nezavisimaya gazeta, 06.10.2019
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz ölkəsinin Suriyadakı nüfuzunu gücləndirmək niyyətindədir. Onun Suriyanın şimalında təhlükəsizlik zonası qurmaq üzrə əməliyyata başlamaq haqda növbəti bəyanatı, qarşısında təkcə hərbi deyil, həm də siyasi vəzifələr qoyan Türkiyəyönlü birləşmələrin İdlibdə fəal hərbi əməliyyatları ilə müşahidə olunur.
Vaşinqton və kürdlər qorxurlar ki, Ankara ən yaxın zamanda amerikalılarla uzlaşmadan Suriyanın şimalında sərhədyanı ərazini işğal edər. Türkiyənin Ərdoğanın ordunun qonşu ölkəyə girməyə hazır olduğu haqda sözlərini sitat gətirən “Anadolu” agentliyi treylerlərin hərbi texnikanı Akçakaladan Suriya sərhədinə köçürdüyü kadrları göstərib. Təyyarələr isə bu sərhəd boyunca Fəratdan şərqdə uçuşlar keçirir. “Nedaa” nəşri məlumatlandırıb ki, türk ordusu Suriyanın şimali-şərqində 48 saat ərzində hərbi əməliyyata başlaya bilər.
Ərəb KİV-ləri eyni zamanda xəbər verib ki, əsasını kürd birləşmələri təşkil edən “Suriya Demokratik Qüvvələri” (SDQ) döyüş texnikası və silahlı dəstələri Türkiyə sərhədinə dartır. Məsələn, Livanın “Al Masdar” agentliyi xəbər verir ki, kürdlərin böyük qüvvələri Raqqa əyalətinin şimalında Təll-Abyad şəhərinin yaxınlığında yerləşib. Kürdlər bu qayda ilə “özlərini və xalqı” müdafiə etməyə hazır olduqlarını göstərirlər. Bu haqda SDQ təmsilçisi Mustafa Bali bu yaxınlarda deyib: “Biz Türkiyənin istənilən şüurlu hücumunu tərəddüd etmədən bütün sərhəd boyu total savaşa çevirərik”.
ABŞ-ın hərbi idarəsi də kürdlərə müəyyən dəstək ifadə edib. Xüsusən də Pentaqonun mətbuat katibi Şon Robertson Türkiyənin Şimali və Şərqi Suriyanın ünvanına təhdidlərinə ABŞ-ın münasibəti haqda suala cavab verib: “Türkiyənin bizimlə əlaqələndirilməmiş istənilən hərbi əməliyyatı düşüncələrə təhrik edəcək və Suriyanın şimali-şərqindəki təhlükəsizliklə bağlı birgə maraqlarımıza son qoyaraq İŞİD-in yenidən dirçəlməyəcəyi haqda uzunmüddətli zəmanəti çətinə salacaq”.
Amerikalılar SDQ-nin fəaliyyət zonasında da ona praktik yardım göstərirlər. Suriyanın sosial şəbəkələri xəbər verir ki, kürd dəstələrinin dislokasiya bölgəsində “Təll-Abyaddan güneydə Şərqiyyat yaşayış məntəqəsində Amerikanın zirehli maşınları qeydə alınıb”. Nəticə çıxarılır: “Hər şeydən göründüyü üzrə, amerikalılar və kürdlər kəsdiriblər ki, kürdlərin arasında Amerika əsgərləri olarsa, Türkiyə kürd qüvvələrinə hücuma cürət etməz”.
“Bu, düzgün taktikadır, – hərbi ekspert, polkovnik Şamil Qareyev “NG”yə deyib. – Afrindəki Rusiya hərbi müşahidəçiləri də bu qaydada hərəkət ediblər. Rusiyalılar bu kantonda olunca türklər oranın işğalına başlamırdılar. Və yalnız Rusiya bayrağı Afrində yellənməyəndən sonra Türkiyəyönlü birləşmələr və Türkiyənin nizami ordusu oranı döyüşlə tutdular”.
Ekspertin fikrincə, indi Ankaranın təhlükəsizlik zonası yaratmaq üzrə planı gerçəkləşəcəyi halda fəaliyyəti “Afrinin və Suriyanın başqa yaşayış məntəqələrinin işğalı üzrə əməliyyatdan fərqli olaraq daha əhatəli ola bilər”.
Əlbəttə, Suriyanın bütün sərhədi boyunca hücum olmayacaq. Ankara üçün indi SDQ güclərinin yerləşdiyi şəhərləri tutmaq vacibdir. Yəni Kobani, Təll-Abyad, Mənbic, Qamışlı və b. Qareyev hesab edir: “Amma bunu etmək çətin olacaq, çünki bu şəhərlərin çoxunda ABŞ başda olmaqla koalisiyanın stasionar müşahidə məntəqələri yerləşir”.
O əmindir ki, kürdlərə qarşı mümkün hərbi əməliyyatlarda Ankaranın iştirakı ilə bu yaxınlarda formalaşdırılmış Suriya Milli Ordusu (SNA) deyilən güc işə salınacaq. Ərəb və Türkiyə KİV-ləri onun yarandığı haqda məlumat verib. İddia olunur ki, Türkiyəyönlü “Milli Azadlıq Cəbhəsi” (FNL) koalisiyasının dəstələri və Azad Suriya Ordusunun (ASO, yaxud FSA) döyüşçüləri bu orduya daxildir. 60 min “süngü”dən ibarət SNA “Suriyanın müvəqqəti hökuməti”nə tabedir. О, Türkiyə ərazisində Suriya ilə həmsərhəd Qaziantəp şəhərində yerləşir.
Suriya KİV-ləri dəfələrlə yazıb ki, “müvəqqəti hökumət”ə bağlı “Milli Azadlıq Cəbhəsi” və ASO indi İdlibdə fəaliyyətdədir və təkcə terrorçu təşkilatlarla deyil, həm də Suriya prezidenti Bəşər Əsədin qoşunları ilə vuruşur. Bəllidir ki, FNL Türkiyə və ABŞ xüsusi xidmətləri üzərindən RF-də yasaqlanmış qruplaşmaların döyüşçülərinə texnika və ağır silah tədarük edib. Görünür, müxtəlif terrorçu qruplaşmaların FNL-in iştirakı ilə yaradılan Suriya Milli Ordusuna yazılması təsadüf deyil. Bu haqda xüsusən də “Ceyş əl-İslam” qruplaşmasının başçısı İssam Buədani bəyan edib. Onun öz Twitter səhifəsində bildirdiyi kimi, “vahid “Milli Ordu”nun yaradılması Suriya inqilabı yolunda önəmli nöqtədir”. Qeyd edək ki, “Ceyş əl-İslam”ın 10 mindən çox döyüşçüsü var.
Suriyanın keçmiş generalı, altı il əvvəl Əsəd ordusundan fərar etmiş Salim İdris Ankaranın və şəxsən Ərdoğanın vasitəçiliyi ilə SNA-ya komandan təyin olunub. Ərəbdilli “Enab Baladi” portalı xəbər verir ki, general – Hələb Hərbi-Mühəndis Akademiyasının keçmiş professoru – briqada generalı rütbəsində ASO-nun tərəfinə keçib, ASO islamçı qruplaşmalar tərəfindən “fəlakətli məğlubiyyətə” düçar olarkən Türkiyəyə qaçıb.
İndi bu generala qulluq tapıblar. “Suriya müvəqqəti hökuməti”nin baş məqsədi Əsəd rejimini devirməkdir. Lakin rəsmi versiyaya görə, o, indi terrorçu təşkilatlarla vuruşur. Bu hökumət təkcə Ankara və şəxsən Ərdoğan deyil, həm də ABŞ və Qərbin başqa ölkələri tərəfindən dəstəklənir. Onun Suriyadaxili dialoqa qatılması nəzərdə tutulur. Suriya Milli Ordusunun əsasını təşkil edən FNL-FSA yaraqlıları əvvəllər türklərin təşkil etdikləri “Qalxan”, “Fərat qəzəbi”, habelə “Zeytun budağı” hərbi əməliyyatlarına fəal qatılıblar. Bu əməliyyatların gedişində Suriyanın önəmli şəhərləri Cərablus, ər-Ray, əl-Bab, Əzaz, Məriə və b. ələ keçirilib. Ankara Suriyanın şimali-şərqində işğala başlayanda onlar, çox ehtimal ki, bu dəfə də belə vəzifələri yerinə yetirəcəklər.
Rusiya rəhbərliyi Ərdoğanın kürdlərə qarşı yeni hərbi əməliyyata başlamaq qərarını hələlik şərh etmir. Eyni zamanda Suriya XİN başçısı Valid Muəllim “türk qoşunlarını Suriya ərazisindən çıxartmağı və ölkənin qanuni hökumətinə qarşı fəaliyyət göstərən terrorçu təşkilatları dəstəkləməməyi” Ankaradan növbəti dəfə tələb edib.
Tərcümə Strateq.az-ındır.