Şərq aləmində ta qədimdən hökmdarların həyatı gizli və sirr dolu olub. Məsələ qadınlara gələndə isə sirr pərdəsi bir qədər də qalınlaşıb. İordaniya kralı II Abdullanın xanımı Raniya bu mənada istisnadır. Gözəlliyi və zərifliyi qədər sadəliyi ilə də seçilən Raniya Yaxın Şərq və ənənəvi ərəb qadını ilə bağlı bir çox stereotipləri qırmağı bacardı. O, eyni anda həm kraliça, həm dörd uşaq anası, həm də uğurlu siyasətçidir…
Raniyanın həyatı heç də həmişə bugünkü qədər firavan olmayıb. Raniya Faysal əl-Yasin 31 avqust 1970-ci ildə fələstinli ailədə dünyaya gəlib. Atası uşaq həkimi, anası evdar qadın olub. Dediyinə görə, hələ uşaqkən ata-anası ona və bacı-qardaşına zəhmətkeş olmağı, uğur qazanmaq üçün çox çalışmağın vacib olduğunu aşılayıblar.
Raniya həm Küveytdəki “New English School”u, həm də Misirdəki Amerika Universitetini yaxşı qiymətlərlə bitirib. Gələcək həyat yoldaşının vətəninə – İordaniyaya gəlməsi isə gənc qızın iradəsi və istəyi xaricində baş verib. O dönəmdə bütün fələstinlilər Səddam Hüseynin tərəfdarı kimi qəbul olunurdu. 1990-cı ildə “körfəzdəki savaş” artıq Küveytdə də qızışdıqda əl-Yasin ailəsi İordaniyaya qaçmalı olur.
Raniyanın nağılabənzər həyatı o dönəmlərdə – 22 yaşında olarkən başlayır. Həmin il gənc qızın işlə bağlı müraciətinə “Apple” şirkətindən (İordaniya ofisi) rədd cavabı gəlir. Bunun ardınca “Citibank Amman”a üz tutan Raniya orada şahzadə Ayşə – gələcək həyat yoldaşı və İordaniya kralı II Abdullanın bacısı ilə tanış olur.
Raniya ilə Ayşə dostluq etməyə başlayır. Raniya-Abdulla cütlüyünün yollarının kəsişməsində şahzadə Ayşənin böyük rolu olur. Raniya ömür-gün yoldaşı ilə 1993-cü ilin yazında tanış olur. Həmin ilin 10 iyunda cütlük nikaha girir. 6 il sonra isə Abdullanın kral taxtına çıxması ilə Raniya kraliça olur.
Raniya və II Abdullanın toy günü
Gələcək kraliçanın gəlinlik paltarının dizaynı britaniyalı dizayner Bryus Oldfildə məxsusdur. Dövrünün ən tanınmış dizaynerlərindən olan Oldfildin müştəriləri arasında şahzadə Diana da vardı. Oldfild Raniyanın gəlinliyi üzərində işləyərkən Britaniyadakı muzeylərə baş çəkib milli şərq geyimləri ilə tanış olmuşdu.
O illərdə Abdullanın sıradan bir gənc qızla evlənməsi o qədər də təəccüblü görünməmişdi. O zamanlarda Abdullanın kral olacağı heç kimin ağlına gəlmirdi. Hamı taxta Abdullanın əmisi Həsənin çıxacağını düşünürdü. Lakin kral Hüseyn ölümünə cəmi iki həftə qalmış fikrini dəyişir və özündən sonra hakimiyyəti qardaşına yox, oğlu Abdullaya ötürdüyünü elan edir. Beləliklə, 29 yaşlı Raniya dövrünün ən gənc kraliçalarından olur.
Bəzi söhbətlərə görə, mərhum kralın özünə məhz Abdullanı vəliəhd seçməsində Raniyanın rolu olub. O, kralı belə bir qərar verməyin uğurlu olacağına inandırıb. Ümumiyyətlə, kral Hüseynlə gəlini Raniyanın münasibətləri olduqca yaxşı imiş. Raniya ilə Abdullanın ilk övladlarının adını Hüseyn qoymaları da kralın xoşuna gəlmişdi.
Mərhum kral oğlu və gəlini ilə çox vaxt keçirərmiş. Deyilənlərə görə, belə təmaslardan sonra Raniya kimi təhsilli və mütərəqqi bir xanımdan çox yaxşı kraliça çıxa biləcəyini düşünürmüş.
Lakin kraliçanın fələstinli olması İordaniyada heç də hamının ürəyindən deyildi. Məsələn, illər əvvəl futbol oyunu zamanı mühafizəkar fanatlar krala çağırış edərək “Onunla ayrıl!” şüarını səsləndirmişdilər. Raniya özü isə açıqlamalarının birində demişdi ki, onu tam iordaniyalı olmamaqda günahlandıranlar da var, tam fələstinli olmadığını deyənlər də.
Kraliça Raniya və ailəsi
Cütlüyün dörd (iki qız, iki oğlan) övladı var – şahzadə Hüseyn, şahzadə İman, şahzadə Salma və şahzadə Haşim. Ailə bağlarına çox önəm verən kral xanımı Raniya və övladları ilə birlikdə nəhəng saray kompleksində yaşayır.
Cütlük 40 hektarlıq ərazisi olan saraya 1999-cu ildə tacqoyma mərasimindən sonra köçüb. Ona qədər ailə mərhum kral Hüseynin onlara toy hədiyyəsi olaraq verdiyi evdə yaşayıb. Böyük var-dövlətə sahib olmalarına baxmayaraq, kral və xanımı ən sadə şeylərdən zövq alırlar. Məsələn, evdə yeməkləri tez-tez Raniya özü hazırlayır. Kral Abdulla isə sarayın bağçasında ailəsi üçün manqal arxasına keçməyi sevir.
Raniya kral II Abdullanın ilk və yeganə xanımıdır. Abdulladan fərqli olaraq atası – keçmiş kral Hüseyn 4 dəfə ailə qurmuşdu. Xanımlarından biri ərəb, biri fələstinli, bir britaniyalı, biri də amerikalı idi.
Abdulla mərhum kralın britaniyalı xanımı Toni Qardinerdən olan övladıdır. O, Abdullanı ingilis tərbiyəsi ilə böyüdüb. Sonradan Abdulla Britaniyada krallığa məxsus hərbi akademiyada təhsil alıb. Britaniya aristokratiyasının təqribən yarısı, o cümlədən şahzadələr Uilyam və Harri də həmin akademiyanın məzunudurlar.
Raniyanın dediyinə görə, yaxşı oxumayacaqları və özlərini ləyaqətli şəkildə aparmayacaqları halda dörd uşağından heç birinə heç vaxt müasir texnoloji vasitələr hədiyyə etməzlər.
Raniya əri Abdulla və oğlu Hüseynlə
Cütlüyün ilk övladı – vəliəhd şahzadə Hüseyn yalnız 15 yaşı tamam olandan sonra rəsmən varis elan olundu. «Fikrimcə, Hüseyn yaşda olan bir oğlana bir gün kral olacağını demək uşaq üzərində zorakılığın bir formasıdır. O hələ çox balacadır və sıradan bir uşaq kimi tərbiyə edilməlidir. Mənim üçün vacib olan odur ki, oğlum normal bir həyat yaşasın və hər kəslə normal münasibət qursun”, – deyə Raniya oğlu hələ 11 yaşındaykən mətbuata verdiyi müsahibəsində bildirmişdi.
Sadəliyi ilə seçilən Raniya dəfələrlə mətbuata müsahibə verib, Opra Uinfrinin məşhur şousuna qatılaraq evliliyindən və şokolada olan sevgisindən danışıb…
Hələ məktəbdə oxuyarkən hicabdan imtina edən Raniya bu qərarı müstəqil qəbul etdiyini deyir: “Hicab taxmaq və ya taxmamaq qadının düşüncə tərzini göstərmir. Gəlin, qadını başına taxdığına görə yox, başına görə mühakimə edək!”.
Bununla belə, bəzən rəsmi qəbullarda Raniyanın başında yaylıq olur. Bununla yanaşı, kraliça hicablı qadınların məzlum kimi qəbul edilməsinə də qarşıdır: “Təəssüf ki, Qərbdə insanlar hicabın zülm və zəifliyin simvolu olduğunu düşünürlər. Bu doğru deyil. Qadın öz əqidəsinə əsaslanaraq başını örtür”.
Digər kraliçalardan fərqli olaraq Raniya sosial şəbəkələrdə də fəaldır. Və bunu sadə insanlarla ünsiyyət üçün yaxşı imkan sayır. Raniya öz səhifələrində istifadəçilərin bir çox suallarını cavablandırır, vacib məsələləri qaldırır.
Raniya kraliça olsa da, siyasi gücə sahib deyil. Amma sahib olduğu başqa bir şey var – təşəbbüskarlıq və ərinə görünməmiş bir təsir gücü. Üstəlik, o, avropalı həmkarlarından fərqli olaraq siyasətə dair fikirlərini sərbəst şəkildə ifadə edir. Bu baxımdan o, həqiqətən də, monarxın deyil, prezidentin həyat yoldaşı kimi davranır…
Hazırladı: G.Hüseynova
Strateq.az