Soçidəki “Valday” forumu çərçivəsində, gözlənildiyi kimi, Qarabağ mövzusu da diqqət mərkəzində oldu. Təbii ki, Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqların detalları ictimaiyyətə bəlli deyil. Ancaq prezidentlər şübhəsiz ki, Qarabağ problemindən də danışıblar. Görüşdən sonra liderlərin verdikləri açıqlamalardan, İlham Əliyevin forumdakı çıxışından, ən azı, o qənaət hasil olur ki, Bakı-Moskva münasibətləri rəvan şəkildə davam edir və Rusiya ilə Azərbaycan arasında problem yoxdur. Lakin...
Lakin problem var... və bu da həlli uzanan Qarabağ məsələsidir. Faktdır ki, Azərbaycan illərdir onun yoluna qoyulmasında məhz Rusiyadan real kömək gözləyir. Ona görə yox ki, bu konfliktin şəriksiz memarı Moskvadır, ona görə ki, Qarabağ məsələsinin dinc həll açarı yalnız Kremldədir - sonuncu bunu rəsmən inkar eləsə də. Yəni Rusiya hələ də real nizamlama prosesindən yaxasını kənara çəkməkdədir. Halbuki zaman heç də Kremlə işləmir.
Artıq neçə ildir dinamik inkişafda olan Türkiyə-Rusiya əlaqələri də Moskvanı Qarabağ cəbhəsində indiki status-kvonun uzanmasının ziyanlı olduğuna inandırmaqdadır. Çünki erməni işğalının uzanması səbəbi ilə regionda hər an qızışa biləcək müharibə Moskva-Ankara müttəfiqliyini olduqca sərt sınaq qarşısında qoya, iki tərəf arasında hərbi-texniki, iqtisadi-ticari, energetik (“Türk axını”, Akkuyu AES layihəsi və s.) sahələr üzrə imzalanmış müqavilələrin taleyini sual altına qoya bilər.
*****
Şübhə yox ki, Moskvada Qarabağ ixtilafı ilə bağlı hadisələrin mümkün inkişaf variantlarını hesablamamış deyillər. Kreml strateqləri onu da fərq eləməmiş deyillər ki, Qarabağ problemi həlli edilmədikcə Azərbaycan-Rusiya münasibətləri heç zaman həqiqi dostluq və tərəfdaşlıq səviyyəsinə çatmayacaq, Azərbaycan toplumunda Rusiyaya inam-etibar bərpa olunmayacaq. Hərçənd Bakı-Moskva əlaqələri hərbi əməkdaşlıq da daxil, Moskva-İrəvan əlaqələrindən heç də zəif deyil, Azərbaycan hətta “Rus NATO- su”nda (KTMT) blok üzvü olmaya-olmaya, üzv Ermənistandan da güclü nüfuza sahibdir.
Sözü ona gətiririk ki, artıq Moskva üçün Qarabağ məsələsində seçim etmək zamanı çatıb. Uzaq Suriyada böhranın həllində Türkiyə və İranla ciddi əməkdaşlıq içində olan, həll modelləri təklif edən Rusiya gərəkdir ki, qulağının dibində 30 ildir tüstülənən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da, nəhayət, töhfə versin. Özü də Suriyadan fərqli olaraq, Kremlin Qarabağ ixtilafını təkbaşına, Türkiyəsiz, İransız yoluna qoymaq imkanı var.
Hələ ki Rusiyanın bu imkanı qalır. Ancaq bu, əbədi də deyil. Ona görə ki, regionda və onun ətrafında şərtlər, Azərbaycanın səbri əbədi deyil. Bakı milyardlarla dollar xərcləyərək aldığı, o cümlədən Rusiyadan tədarük elədiyi bahalı silah-sursatı və döyüş sistemləri sonsuzadək vitrində saxlamaq, paslatmaq niyyətində deyil.
Bu mənada Qorbaçov-Yelstin dönəmindən bu günə kimi qalan tilsimi prezident Vladimir Putin qırmalı, Qarabağ məsələsində Rusiyanın Azərbaycana qarşı on illərdir ədalətsiz münasibətinə, Dağlıq Qarabağla bağlı “balanslı yanaşma”ya son qoymalıdır. Çünki bunu öncə elə onun öz maraqları diktə edir. Azərbaycan isə hər zaman bu maraqlara hörmətlə yanaşıb, tarazlı xarici siyasət kursu aparmaqla heç vaxt Rusiyanı incidəcək addım atmayıb. Azərbaycanda rus dili və mədəniyyətinə forpost Ermənistandan da böyük sayğı göstərilib və göstərilir.
Hazırda Rusiya Azərbaycanla “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi mühüm ortaq layihələr içindədir. İqtisadi-ticari əlaqələr, hərbi və humanitar əməkdaşlıq ildən-ilə genişlənir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi böyüyür. 2019-cu ilin 8 ayında bu rəqəm 1.7 milyard dollar təşkil edib ki (ötən il 2.5 milyard olub), bu da yalnız Azərbaycanın qardaş ölkə Türkiyə ilə ticarət dövriyyəsindən (2.8 milyard dollar) geri qalır.
Ümumən Azərbaycan regionda Rusiya üçün önəmli və vazkeçilməz ölkəyə çevrilməkdədir. Belə olan surətdə Rusiyanın özünə strateji tərəfdaş saydığı Azərbaycanın əsas dərdinə laqeyd yanaşmaqda davam eləməsi, ən azı, məntiqli deyil. Qısası, Moskva seçimini eləməlidir. Bu seçimdən təkcə Azərbaycan-Rusiya əlaqələrinin gələcəyi yox, həm də Türkiyə-Rusiya münasibətlərinin və bölgənin taleyi asılıdır. Bölgədəki Rusiya maraqlarının taleyi asılıdır.
****
“Moskva üçün Bakı və İrəvan arasında balansı saxlamaq getdikcə çətinləşir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu nəşrlərindən biri olan “Kommersant”da oktyabrın 7-də dərc olunan məqalədə deyilir.
“Müəyyən sakitlikdən sonra Azərbaycan Ermənistan-Azərbaycan münaqişə zonasında situasiya kəskin pisləşib. Nikol Paşinyanın ”Qarabağ - Ermənistandır və nöqtə" sözlərinə cavabında İlham Əliyev “Valday” forumunda “Qarabağ - Azərbaycanındır və nida işarəsi!” deyə bəyan elədi. Bundan qabaq Rusiya XİN-in başçısı Sergey Lavrov Nikol Paşinyanı yuxarıdakı sözlərinə görə tənqid eləmiş, ardınca Ermənistan XİN-dən xəbərdarlıq gəlmişdi ki, “vasitəçilər birtərəfli qiymətləndirmələrdən uzaq olmalıdır”" - məqalədə bildirilir.
“Kommersant”ın qeydlərini də ciddiyə alsaq, Rusiya üçün həm Ermənistan, həm də Azərbaycanla eyni zamanda dost-müttəfiq olmaq getdikcə çətinləşir. Moskvadan ötrü ildən-ilə qəlizləşən bu durumdan yeganə çıxış yolu bəlli: Qarabağ konfliktinin ləngimədən həlli. Bu işdə ləngimə böyük savaşa aparır...
Siyasət şöbəsi,
“Yeni Müsavat”