Gürcüstanda polis “qanuni oğru”nun sifarişi ilə adam oğurlayıb öldürüb. Daxili İşlər Nazirliyi baş vermiş hadisənin bir çox təfərrüatını gizlətməyə çalışır.
Gürcüstanın televiziya kanalı “Mtavari Archi” xəbər verir ki, 35 yaşlı David Mumladzenin qaçırılması və öldürülməsinə görə Daxili İşlər Nazirliyinin iki əməkdaşı mühakimə olunur.
Qətlə yetirilən Mumladze oktyabrın 5-də Rustavi şəhərində, Kür çayının sahilində ölü tapılıb. Onun bədəninin üzərində 30 bıçaq yarası aşkarlanıb. Mumladzenin oktyabrın 1-dən itkin düşdüyü bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi qətlin “isti izlər”lə araşdırılması barədə məlumat verərək, beş nəfərin tutulduğunu, daha birinin isə axtarışa verildiyini bildirib.
Təqsirləndirilənlərdən ikisi Gürcüstan Daxili İşlər Nazirliyinin Rustavi şəhər idarəsinin işçiləridir – bunlar Mixail Qubeanidze və David Mirotadze, digəri isə keçmiş polis əməkdaşıdır.
Öz növbəsində televiziya kanalı qeyd edir ki, cinayət işinin təfərrüatları tam araşdırılmır və Daxili İşlər Nazirliyi çox şeyi gizlədir. Mənbələrə görə, Mumladzenin öldürülməsi “görünməmiş cinayət tarixi” dir, hətta ölkədə “90-cı illərdə” belə bir qətl hadisəsi baş verməyib.
Təqsirləndirilən şəxslərdən birinin vəkili Aleksandr Kobaidzenin sözlərinə görə, müstəntiq bildirib ki, oktyabrın 1-də Mumladze ondan görüş tələb edən dostu Georgi Getaşvili ilə görüşmək üçün evdən çıxıb. Lakin yolda polislər onun avtomobilinin qarşısını kəsib, Mumladzeni sükan arxasından çıxararaq, öz avtomobillərinə otuzdurublar. Sonra adamı qatillərin yanına aparıblar və hadisədən sonra meyiti çaya atıblar. Bu versiya rəsmi xarakter daşıyır və Daxili İşlər Nazirliyində təsdiqlənib.
“Mtavari” telekanalı qeyd edir ki, “qanuni oğru”lar Mumladzeni ələ keçirtmək üçün ona “tələ” qurublar və onu “obşakın” pulunu mənimsəməkdə günahlandırıblar.
“Oğru”lar iyul ayında xaricdə toplanaraq bir adamın öldürülməsini əmr ediblər. Bu barədə Mumladze özü xəbərdar olub – adını dəyişdirib, praktiki olaraq evdən çölə çıxmayıb. Yalnız yaxın bir dostu onu görüşə çağırmağa müvəffəq olub.
Adıçəkilən Georgi Getaşvili saxta ifadə vermək ittihamı ilə tutulub. Kanaldan verilən məlumata görə, həyat yoldaşı Getaşvilinin “qurban” olduğunu iddia edib və polisin qətl əməliyyatını əvvəldən sona qədər planlaşdırdığını bildirib. Belə ki, Mumladzenin dostunun həyat yoldaşı Lela Getaşvili qara rəngli “BMW” markalı avtomobildə polis formasında olan iki nəfərin ərinə hücum etdiyini və silahla hədələyərək maşınlarına otuzdurduqlarını söyləyib. Lelanın dediyinə görə, bu haqda Mumladzeyə və ya başqasına söyləsə, onun arvadını öldürüləcəklərini deyiblər.
Öldürülən Mumladzenin yaxınları onun “oğru dünyası” ilə əlaqələrinin olduğunu inkar etməyiblər. Saxlanılanlardan biri “kriminal avtoritet”dir və cinayəti törətməkdə ittiham olunan əsas şəxsdir. İkinci isə iddia edilən qatil -əvvəllər məhkum edilmiş 36 yaşlı Z.J.-dir. /Virtualaz.org/