PUTİNİN ƏSAS DAYAĞI: Orta sinif daha demokratik dəyişiklərin katalizatoru sayılmır?

10-10-2019, 19:26   

 



2011 və 2013-cü illər arasında Moskva və digər Rusiya şəhərlərini etiraz dalğası bürümüşdü. Nümayişçilər azad və adalətli seçkilər keçirilməsinə, bəziləri isə hətta rejimin yıxılmasına çağırışlar edirdilər. Jurnalistlərin əksəriyyəti belə güman edirdi ki, bu kütləvi etirazlar orta sinifə məxsus şəhər əhalisi tərəfindən təşkil edilib, dünya KİV-ləri isə bu fikri bölüşürdülər.
Tarix göstərir ki, orta sinfin ekspansiyasının mövcud olduğu yerdə, onunla paralel şəkildə demokratiya da inkişaf edir. Elə ki, orta sinif zənginlik və mülkiyyət əldə edir, onda onun sabitlik və qanunun aliliyinin mövcudluğuna şəxsi marağı yaranır ki, bu da demokratik təsisatlar sisteminin inkişafına təkan verir.
Demokratiyanın dayağı sayılan Rusiya orta sinfi xalq içərisində Putin rejiminə qarşı müxalifətin əsas mənbəyi sayılır. Lakin bu kəsim digər siniflərlə müqayisədə azad seçkilərə, sərbəst mətbuata və plüralist siyasi sistemə və demokratik dəyərlərə daha ciddi dəstək verirmi?
Fikir ayrılığı Rusiya orta sinfinin sıx birləşməsini və onun demokratik dəyişikliklərdə katalizator rolu oynamasını şübhə altına qoyur. Belə bir kritik bölünmə – qazancı dövlətdən asılı olanlarla, iqtisadiyyatın qeyri-dövlət sektorunda çalışanlar arasında gedir. Bu barədə şərhçi Andrey Kolesnikov yazır: “Postsovet tranzitinin sonunu 2000-ci illərdə neft-qaz mayası hesabına böyümüş, çörək və tamaşa istəyən özünəməxsus orta sinif formalaşdırdı. Amma bunlarla yanaşı, heç də bazar iqtisadiyyatı sayəsində deyil, dövlətin iqtisadiyyata müdaxiləsi hesabına meydana gəlmiş digər bir orta sinif də var. Bu, nəhəng məmur və büdcə təşkilatı ordusudur. Onlar xüsusi xidmətin əməkdaşları, müstəntiqlər, prokurorlar, hakimlər, mühafizə xidmətçiləridir. Yəni dövlətin dayaq və müdafiəçiləridir. Birbaşa dövlət orqanlarında işləməyən, lakin mövcudluqları dövlətdən və məmurlardan asılı olan özəl strukturlarda işləyən təbəqə də bura daxildir”.
Bizim araşdırmamız göstərdi ki, orta sinif nümayəndələrinin böyük əksəriyyəti Putini dəstəkləyir və əgər bu adamlara seçim imkanı verilsə, onlar demokratik islahatlar nəticəsində meydana gələcək qeyri-müəyyənlik riskiylə toqquşmaqdansa, yəqin ki, sabitlik və siyasi status-kvonun saxlanmasını seçərlər.
- Rusiyada kimlər orta sinifə aid edilir?
Beləliklə, orta sinifə kimlərin aid edilməsinə hansı faktorlar təsir göstərir? İqtisadçılar gəlir və mülkiyyətə önəm verirlər. Lakin orta sinfin bu şəkildə müəyyənləşdirilməsi müxtəlif səpgili qruplardakı adamların ümumi özünəməxsusluğunu və anlayış tərzinin inkişafını izah etmir. Gəlirə söykənməklə sinifi deyil, yalnız orta təbəqəni ayırd etmək olar. Belə bir yanaşma aşağı gəlirli vətəndaşları əhatə etmir. Digər kriteriyalara görə, təhsil və peşə səviyyəsinin yüksəkliyi orta sinifə aid oluna bilər.
Rusiya Sosiologiya İnstitutu ilə birgə 4000 vətəndaş arasında sorğu keçirdik. Aydınlaşdırdıq ki, respondentlərin yalnız 26%-i orta sinif kateqoriyasına uyğun gəlir. Üç sahə üzrə – gəlirə, məşğuliyyətə və təhsilə görə müəyyənləşdirmə aparılıdı.
Orta sinifin iqtisadi inkişafdakı katalizator rolunu qəbul edən Putin, əhalinin 60 faizinin orta sinifə məxsus olmasının vacibliyindən danışıb. Lakin bunun üçün cəmiyyət daha varlı, sənaye baxımından yüksək inkişaf etmiş ölkədə yaşamalı və yaxşı təhsil alımalıdır.
- Dövlət orta sinifi
Lakin qeyd etmək lazımdır ki, orta sinif müxtəlif tipli vətəndaş qruplarından ibarətdir və onların hər birinin özünəməxsus siyasi və mənəvi baxışları var. Ona görə də, sosial tərkib müxtəlif ölkələr üçün fərqli olacaq. Burada mühüm faktor orta sinif nümayəndələrinin yaşamaq üçün vəsaitlərini hansı səviyyədə dövlətdən təmin etməsidir. Bu, Rusiya orta sinifi üçün xüsusilə aktualdır.
Belə ki, əgər 2007-ci ildə Rusiya dövlət sektorunda çalışan aparıcı menecerlərin 33%-i orta sinifə mənsub idisə, bu göstərici 2011-ci ildə 76,6 faizə yüksəlmişdi. O ki qaldı hərbiçilərə və güc strukturlarında çalışanlara, buradakı orta sinif nümayəndələrinin faiz göstəricisi 2007-ci ildə 25%, 2011-ci ildə isə 44% olub. Ümulyyətlə isə, 2018-ci ildə Rusiya orta sinif mümayəndələrinin 48 faizi dövlət sektorunda işləyib.
Biz belə güman etdik ki, işi dövlətdən asılı olanlarla, özəl sektorda işləyənlər arasında maraqlar və dəyərlər məsələsində fərq olacaq. Bəli, bizim təhqiqatımız təsdiq edir ki, bu belədir. Amma fərq o qədər də böyük deyil və bu fərq Ukraynadakı vətəndaş müharibəsi və Krımın 2014-cü ildə Rusiya tərəfindən anneksiyasından sonra azalmağa başlayıb. Bu hadisələrdən sonra rejimin dəstəyi əhəmiyyətli dərəcədə yüksəldi, çünki Rusiya vətəndaşlarının əksəriyyəti Ukrayna məsələsində Putinin xarici siyasətini dəstəklədi. Hər iki sektorun nümayəndələri hal-hazırda sabitlik və iqtisadi təhlükəsizliyi liberal dəyərlərdən üstün tuturlar və Putin rejiminə yüksək etibar nümayiş etdirirlər.
Bizim apardığımız rəy sorğusuna görə, dövlət sektorunda işləyənlərin 63%-i və özəl sektordakıların 65%-i “Rusiyanın milli ənənələri, mənəviyyatı və dini dəyərləri dirçəltməsi vacibdir” ideyasını dəstəkləyib. Amma “Rusiya Avropada olduğu kimi müasir həyat tərzinə doğru irəliləməlidir” kimi alternativ fikri müvafiq olaraq 37 və 35% dəstəkləyib.
Anoloji şəkildə dövlət sektorunda çalışanların 68%-i və özəl sektordakıların isə 69%-i “dövlətin iqtisadiyyat və siyasət üzərindəki hakimiyyətinin gücləndirilməsini” istəyirlər. Yalnız rəyi soruşulanların təxminən 32%-i “vətəndaşların hədsiz dövlət nəzarətindən azad olunması” varinatına üstünlük veriblər.
Dövlət sektorunda işləyənləri 66%-i, özəl sektorda işləyənlərin isə 63%-i “KİV-lərə qarşı mənəvi senzuranın tətbiq olunmasının vacibliyi” ilə razılaşdıqlarını bildiriblər. Nəhayət, dövlət sektorunun 73%, özəl sektorun isə 64% işçisi prezidentə inandıqlarını söyləyiblər.
Putinin demək olar 20 illik idarəetməsindən sonra, Rusiya orta sinifinin liberal və demoktaik dəyərləri hərtərəfli şəkildə dəstəkləməsini iddia etmək düz olmaz.
Görünür ki, bu Çindəki kimidir. Əgər dövlət onların maraqlarını müdafiə edirsə və kimlərinsə işləri öz qaydasında gedirsə, onda orta sinif sevinclə avtoritar rejimi dəstəkləməyə hazırdır. (“The Conversation”-Böyük Britaniya)
“AzPolitika”nın əlavəsi: Orta sinif məfhumu hələ antik dövrdən var. Amma sosiologiya bir humanitar elm kimi son iki yüz ildir ki, inkişaf edib. Bu illər ərzində cəmiyyəti və onun davranışlarının öyrənilməsinin müxtəlif metodologiyası işlənib hazırlanıb. Orta sinifin təsnifatlandırılmasının konkret düstüru olmasa da, lakin müəyyən oxşar yanaşmalar var. Qərb sosioloqları əsas etibarıyla gəlirə görə sosial nərdivan qururlar. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratiyanın göstəricisi bir çox faktora görə götürülür və belə qənaətə gəlinir ki, yaşayış səviyyəsi yüksək olan ölkələrdə bu kriteriya daha üstündür. Ümumiyyətlə isə, orta sinifin böyük əhali kütlələrini əhatə etməsi ictimai bərabərliyin bariz nümunəsi hesab olunur.
O ki qaldı Rusiyadakı sosial qruplara və onların düşüncə tərzinə, rus şairi Fyodor Tütçev yazırdı: “Rusiyanı ağılla anlamaq olmaz”…
Vaqif NƏSİBOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.