Sabiq Təhsil naziri Misir Mərdanovun Yasamal rayonu Mətbuat prospektində özəl orta məktəb açması barədə informasiya yayılıb.
Bu barədə infromasiyanı təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə paylaşıb.
“Övladlarınızı onun məktəbinə qoyun. 8-10 min manat nə puldur? Kişinin əlinə 2013-cü ilin aprel ayından babat pul gəlmir. Mayadan yeyir. Əlini qaşımaqdan dərisini çıxarıb. Sizə elə gəlirdi ki, Mərdanov yığdığı pulların hesabına pulsuz bağça, yaxud məktəb tikib sizlərə verəcək? Ay verdi ha? O, vətənə sədaqətini nazir işləyəndə tələbə köçürmələri, internat məktəbindəki yeyintilər, orta məktəblərdən yığılan pullar, Dünya Bankının vəsaitini talamaq, ən rüşvətxor və ləkəli adamları məktəblərə direktor və Təhsil şöbələrinə müdir təyin etmək vasitəsilə büruzə verirdisə, indi özəl orta məktəb açmaq vasitəsilə büruzə verir.
Adamı riyaziyyat İnstitutuna göndəriblər, bir əli yenə təhsildədir. Pulun hardan çıxdığını ondan yaxşı bilən yoxdur”.
Modern.az saytı yayılan informasiya ilə bağlı sabiq Təhsil naziri ilə əlaqə saxlayıb. Misir Mərdanov saytımıza açıqlamasında qeyd edib ki, bu məsələdən bixəbər deyil:
“Haqqımda yayılan bu informasiyadan xəbərim var. Guya mən pullu məktəb açmışam. Qeyd edim ki, bu xəbərlər yalandır, həqiqəti əks etdirmir”.
Sabiq Təhsil naziri sosial şəbəkələrdə barəsində yazılanlardan da məlumatlı olduğunu bildirib:
“Bir nəfər var, haqqımda status yazıb. Vaxtilə onun özünü otaqdan qovmuşam”.