Tommi Hilton
“Əl-Ərəbiyyə”, 13.10.2019
Rusiya prezidenti Vladimir Putin Səudiyyə-Rusiya münasibətlərini yüksək qiymətləndirib və Bazar ertəsi günü Krallığa səfəri öncəsi “Əl Ərəbiyyə” ilə yayımlanan geniş müsahibədə “Saudi Aramco”-ya hücumları qınayıb.
“Biz Səudiyyə Ərəbistanını dost dövlət hesab edirik. Həm kral Salman bin Əbdüləziz, həm də vəliəhd şahzadə Məhəmməd bin Salmanla çox yaxşı münasibətlərim var”.
Putin Səudiyyə-Rusiya əlaqələrinə və ortaq iqtisadi layihələrdə irəliləyişə toxunub: “Biz praktiki olaraq bütün sahələrdə yaxşı irəliləyiş əldə etdik”.
Rusiya prezidenti, həmçinin “Saudi Aramco”-nun neft obyektlərinə edilən hücumları qınayıb, tankerlərin ələ keçirilməsi və neft infrastrukturuna hücumun müsbət məcralı Səudiyyə-Rusiya münasibətlərinə xələl gətirməyəcəyini vurğulayıb.
Putin regional təhlükəsizlik mövzusunda suala bu cür cavab verib: “Kimsə tankerlərin ələ keçirilməsinin və neft infrastrukturuna hücumun Rusiya ilə ərəb dostlarımız, Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı əməkdaşlığı, OPEC + ilə əməkdaşlığımızı sarsıda və ya ləğv edə biləcəyini düşünürsə, bu böyük səhvdir. Əksinə, biz daha da yaxın əlaqələr quracağıq, çünki əsas məqsədimiz qlobal enerji bazarlarını sabitləşdirməkdir”.
O əlavə edib ki, Rusiya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi OPEC + neft istehsalçıları qrupunun təşəbbüslərinə sadiq qalır.
Putindən müsahibə Bazar ertəsi günü Səudiyyə Ərəbistanına səfərindən əvvəl alınıb.
O, kral Salman və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşəcək. Bu barədə ötən Cümə axşamı jurnalistlərə Kremlin xarici siyasət üzrə köməkçisi Yury Uşakov açıqlama verib.
Səudiyyə-Rusiya münasibətləri
Putin Krallığa etdiyi səfəri kral Salmanın 2017-ci ildə Moskvaya “tarixi” səfərinə bənzədib və inkişafda olan bir sıra ortaq iqtisadi layihələrə istinadən Səudiyyə-Rusiya münasibətlərinin yüksələn trayektoriyasını müsbət qiymətləndirib.
“Birbaşa İnvestisiya Fondumuz və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PİF) birlikdə 10 milyard dollarlıq platforma qurulub. Artıq 2 milyard dollar investisiya qoyulub. Digər layihələr üzərində iş gedir, bəzi perspektivli və maraqlı layihələr artıq həyata keçirilib”.
PIF Səudiyyə Ərəbistanının suveren sərvət fondudur və ən böyük investisiya vasitəsidir.
Putin Rusiyanın ən böyük neft-kimya şirkəti olan “Sibur Holding”-in Səudiyyə Ərəbistanında 1 milyard dollardan çox sərmayə ilə neft-kimya müəssisəsi inşa etməsi ehtimalını araşdırdığını söyləyib.
Rusiya prezidenti müdafiə və hərbi sahədə ikitərəfli münasibətləri, həmçinin regional əməkdaşlığı tərifləyib: “Biz hərbi və müdafiə kimi etibarlı, həssas bir sahədə tərəfdaşlığı dəstəkləyirik”.
O deyib: “Əminəm ki, səfərim həm ikitərəfli münasibətlərin inkişafında, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə təkan verməyə kömək edəcək”.
“Aramco”-ya hücumları və neftin qiyməti
Putin sentyabr ayında “Saudi Aramco” obyektlərinə edilən hücumları qınayıb: “Bu cür hərəkətləri pisləyirik, vəssalam. Bu rəsmi mövqedir… hadisənin arxasında kimin durmasından asılı olmayaraq”.
Bununla yanaşı, beynəlxalq birliyin hücumlarda İranı günahlandırmasına baxmayaraq, o, Rusiyanın heç bir dövlətə barmaqla işarə etməyəcəyi fikrini təkrarlayıb.
“Əl-Ərəbiyyə” müxbiri mükəmməl kəşfiyyat xidməti və İranla əlaqələri olan Rusiyanın “Aramco”-ya hücumların arxasında kim olduğunu ehtimal ki,bildiyini söylədikdə, Putin hücumların günahkarını bilmədiyinə təkid edib. O bu hadisəni vəliəhd şahzadə Məhəmməd bin Salmanla müzakirə etdiyini və Moskvanın “araşdırma üçün lazımi hər şeyi bölüşməyə hazır olduğunu” söyləyib.
Səudiyyə Ərəbistanı sentyabr ayındabeynəlxalq müstəntiqləri hücum məkanlarına – Abqaiq və Hicrət Xurayisə dəvət edib. ABŞ, İngiltərə, Fransa və Almaniyanın təmsilçiləri səfərdən sonra hücumları İranla əlaqələndirib.
Putin hücumların neftin qiymətinə minimal təsir göstərdiyini sözlərinə əlavə edib. “Kimsə neft bazarına zərbə vurmaq istəyibsə, bu cəhd uğursuz olub. Həqiqətən, qiymətlərdə bir sıra dalğalanmalar baş verib, amma ilkin reaksiyaya baxmayaraq, çox ciddi dəyişiklik olduğunu düşünmürəm. Bazarı pozmaq üçün edilən hər bir cəhdə cavab verməliyik. Rusiya, şübhəsiz, Səudiyyə Ərəbistanı, Ərəb dünyasındakı digər tərəfdaşlar və dostlarla bazarda bədbinliyin qarşısını almaq üçün səylərini davam etdirəcək”.
Suriya və regional əməkdaşlıq
Putin, həmçinin Səudiyyə Ərəbistanının Suriyada siyasi həll yolunun qurulmasında rolunu yüksək qiymətləndirib.
“Səudiyyə Ərəbistanının Suriya böhranının həllində oynadığı müsbət rolu vurğulamaq istərdim… Rəsmi Riyadın Suriyadakı tənzimləmə işinə verdiyi töhfə olmadan müsbət tendensiyaya nail olmaq mümkün olmazdı”.
O, kral Salman və vəliəhd Məhəmməd bin Salmana “konstruktiv yanaşma”ya görə təşəkkürünü bildirib.
Prezident İrana və Türkiyə ilə yaxın münasibətdə olsa da, Suriyada irəliləyişlər naminə Səudiyyə Ərəbistanı və BƏƏ ilə əməkdaşlığın vacibliyini etiraf edib.
Rusiya Suriya prezidenti Bəşər Əsədin yaxın müttəfiqidir və Suriyadakı müharibə zamanı rejimi dəstəkləyib.
Putin Fars körfəzində Rusiyanın rolu barədə də danışıb. O, Moskvanın “bölgədəki bütün ölkələrlə, o cümlədən İran və ərəb dövlətləri ilə, məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ ilə mehriban dostluq münasibətləri saxladığını” söyləyərkən, İran və bölgənin qalan hissəsi arasında vasitəçi rolunu kiçildib.
Geniş müsahibədə İranla nüvə anlaşması, ABŞ prezidenti Donald Tramp, ABŞ-Rusiya münasibətləri və İsrail-Fələstin sülh prosesi də müzakirə edilib.
Putin Çərşənbə axşamı BƏƏ-yə getməyə hazırlaşır.
Tərcümə: Strateq.az