“Sülh çeşməsi” Əsəd üçün də fürsət yaradıb –Kürdlər indi də Dəməşq və Moskvadan mədəd umur

14-10-2019, 20:22   

Ellen Fransis, Tuvan Gümrükcü

“Reuters”, 14.10.2019

 

Rusiyanı dəstəklədiyi Suriya qüvvələri Ağ Ev geri çəkildiyini elan etdikdən 24 saat sonra Türkiyə sərhədinin cənubundakı kürd nəzarətində olan ərazinin içərisinə yerləşmək üçün fürsəti itirməyib.

Hökumət qoşunları Bazar ertəsi günü ölkənin ən böyük ərazisində hərbi dayaq əldə etməyə başlayıb.

Müqaviləyə əsasən, hökumət qüvvələri şimal-qərbdəki Mənbic şəhərindən 400 km (250 mil) şərqdəki Derikə qədər sərhəd bölgələrinə ələ keçməyə hazırlaşır.

Suriyanın dövlət mediası xəbər verib ki, qoşunlar Türkiyə ilə sərhəddən 30 km cənubda, strateji əhəmiyyətli M4 magistral yolunda bir şəhərə giriblər.

Daha sonra dövlət TV-si Suriya qüvvələrini qarşılayan sakinləri, magistral yolun bir neçə kilometrliyində yerləşən Ayn İssa şəhərinə girişi göstərib.

Ayn İssanı kürd döyüşçüləri iki il əvvəl ABŞ-ın rəhbərlik etdiyi bir kampaniya əsnasında İŞİD-dən geri alıblar.

M4-nin çox hissəsi Türkiyənin Suriya daxilində “təhlükəsiz bölgə” yaratma hədəflədiyi ərazinin cənub kənarında yerləşir. Türkiyə magistral yolun bir hissəsini ələ keçirdiyini bildirib.

 

ABŞ-ın strategiyası iflasa uğrayır

Suriya hökumətinin sürətli həmləsi Birləşmiş Ştatların Suriyada son 5 ildə həyata keçirdiyi strategiyanı çökdürüb.

Bazar ertəsi günü bir ABŞ rəsmisi “xilafət”dən alınan ərazini sabitləşdirməyə kömək edən diplomatik qrupun ölkədən çıxarıldığını söyləyib.

Rəsminin sözlərinə görə, ABŞ qoşunlarının çıxarılmasının ilkin mərhələsi artıq başlayıb.

ABŞ-ın digər 2 rəsmisi “Reuters”-ə ABŞ-ın çəkilməsinin əsas hissəsinin gün ərzində başa çatdırıla biləcəyini söyləyib.

Buna qədər Tramp Vaşinqtonun dünya polisi ola bilməyəcəyi fikrinə əsaslanaraq, ABŞ-ı Yaxın Şərqdəki “sonsuz” müharibələrdən çıxartmağı hədəflədiyini açıqlayıb. Onun “Obama siyasətini” ləğv etməsi keçən həftə Türkiyənin sərhəd əməliyyatına imkan verib.

“Amerikalılar bölgəni tərk etdikdən və türk hücumuna yaşıl işıq yandırdıqdan sonra başqa bir variantı araşdırmaq məcburiyyətində qaldıq. Dəməşq və Moskva ilə türk hücumlarının qarşısını almaq üçün danışıqlar apardıq”. Bunu SDQ rəsmisi Bədran Ciakurd bildirib.

Ciakurd Əsəd qüvvələri ilə razılaşmanı “ilkin hərbi saziş” olaraq səciyyələndirib və siyasi aspektlərin daha sonra müzakirə ediləcəyini söyləyib.

Əsəd 8 ildən çox davam edən vətəndaş müharibəsindən sonra bütün Suriyada səlahiyyətlərini bərpa etmək məqsədi güdür.

Digər bir böyük kürd siyasətçisi Aldar Xəlil Dəməşqlə bağlanmış müqaviləni “təcili tədbir” adlandırıb. “İndi prioritet sərhədin təhlükəsizliyini türk təhlükəsindən qorumaqdır. Gələcəkdə ortaq məxrəcə gəlmək üçün Dəməşq hökuməti ilə əlaqə qururuq”.

 

Təhlükə

Türk hücumu geniş beynəlxalq tənqid doğurub. Suriyadakı İŞİD döyüşçüləri kürd nəzarətində olan həbsxanalardan qaça və yenidən qruplaşa bilərlər.

Ankara bildirir ki, əməliyyatın məqsədi Türkiyənin cənub-şərqindəki kürd separatçıları ilə əlaqəli, SDQ-nin aparıcı komponenti olan kürd YPG milisini zərərsizləşdirməkdir.

ABŞ-ın müdafiə naziri Mayk Esperin sözlərinə görə, ABŞ-ın çəkilməsinin arxasında dayanan bir amil kürdlərin Rusiya və Suriya ilə müqavilə bağlamağı hədəfləməsidir. Bundan bir neçə saat sonra kürd rəhbərliyi Suriya ordusunun yerləşdirilməsi üçün belə bir razılaşma əldə etdiyini təsdiqləyib.

Türkiyə 3,6 milyon suriyalı qaçqının çoxunu məskunlaşdırmaq üçün Suriyada “təhlükəsiz bölgə” yaratmağı hədəfləyir.

Prezident Tayyib Ərdoğan əməliyyatın qərbdəki Kobanidən şərqdəki Həsəkəyə qədər uzanacağını və Suriyanın ərazisində 30 km dərinliyə çatacağını bildirib.

Türkiyənin Avropa müttəfiqləri, potensial sanksiyalar barədə xəbərdarlıq edərək, hücumu tənqid ediblər. Ərdoğan Avropa İttifaqının hücumu dəstəkləmədiyi təqdirdə, Türkiyənin suriyalı qaçqınlar üçün Avropaya qapıları açacağını söyləyib.

Döyüşlər Suriyanın şimalındakı böyük bir ərazini tutan kürdlərin minlərlə cihadçını həbsdə saxlaya bilməməsi ilə bağlı Qərbin narahatlığını artırıb.

Bölgənin kürd rəhbərliyi həftəsonu İŞİD-ə bağlı 785 əcnəbinin Ayn İssadakı düşərgədən qaçdığını bildirib.

Ərdoğan bu məlumatları rədd edərək, Anadolu Xəbər Agentliyinə bildirib ki, İŞİD məhbuslarının qaçması ilə bağlı məlumatlar Qərbi təhrik məqsədi daşıyan dezinformasiyadır.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.