Dezinformasiya yayan bir çox saytlarda tez-tez nəhəng şirkətlərin reklam bannerlərinə rast gəlmək olur. Bu da haqlı olaraq müəyyən şübhə və suallar doğurur. Doğrudanmı dünyanın böyük şirkətləri dezinformasiyaların yayılmasını maliyyələşdirməkdə maraqlıdırlar? Belə deyilsə, onların reklamları şübhəli informasiya resurslarında niyə və nə cür peyda olur? Bu məsələdə günahkar kimdir və vəziyyəti necə düzəltmək olar? Almaniyanın nüfuzlü media orqanlarından olan “Deutsche Welle” öz araşdırmasında bu suallara cavab tapmağa çalışıb.
Bu il sentyabrın sonlarında Britaniyanın Global Disinformation Index (GDI) qeyri-hökumət təşkilatı maraqlı bir hesabat dərc etdi. Hesabatda göstərilirdi ki, dezinformasiya yayan veb-saytlar onlayn reklamlardan ildə 200 milyon dollar qazanırlar. Qurumun ekspertləri 20 min bu cür domeni analiz etdikdən sonra bu qənaətə gəliblər. Bu saytlar “Storyful”, “PolitiFact”, “Open Brand Safety”, “OpenSources”, “NewsTracker” kimi təşkilatlar və “Le Monde” qəzeti tərəfindən təhlil edilib. GDI-ın proqram direktoru Kreyq Feyqan deyir ki, bu saytlardan 1700-ü adıçəkilən 6 qurumdan ən azı ikisi tərəfindən şübhəli sayılıb.
Yerdə qalan domenləri isə GDI öz metodikası və süni intellektdən istifadə etməklə öyrənərək qiymətləndirib.
Hesabatdan o da məlum olur ki, iri şirkətlər saxta xəbərlər yayan saytları çox vaxt heç özləri də bilmədən (onlara reklam verməklə) maliyyələşdirirlər. GDI şübhəli saytlara reklam yerləşdirən şirkətlər arasında “Audi”, “Honda”, “American Airlines”, “Deutsche Bahn” və bir çoxlarının olduğunu deyir.
Eyni zamanda, rəqəmsal məkanda bütün reklamların üçdə ikisi – təxminən 89.5 milyard dollar – avtomatik olaraq yerləşdirilir. Şirkətlər banner reklamları üçün yerləri birbaşa sayt sahiblərindən yox, ancaq “Google” və ya “Amazon” kimi vasitəçilər vasitəsilə alırlar. Onlar da öz alqoritmlərinin köməyi ilə saytlarda reklam yerləşdirirlər. Həmin saytların ziyarətçiləri arasında bu və ya digər şirkət üçün uyğun hədəf auditoriyası olur.
Hesabat müəllifləri müəyyən ediblər ki, reklamların böyük əksəriyyəti – yəni 70 faizi şübhəli saytlara “Google” alqoritmlərinin köməyilə yol tapır.
DW çoxmilyonlu auditoriyası olan “Zero Hedge” saytında iri şirkətlərin xeyli bannerini tapıb. Bu sayt “New Yorker” və “Bloomberg”, “Newsguard” kimi nəşrlər tərəfindən dezinformasiya yayan resurs adlandırılıb.
“Zero Hedge”də əksər hallarda məşhur pulköçürmə şirkəti olan “Western Union”un, kompüter elektronikası istehsalçısı ASUS-un, Lidl və Rewe alman mağazalar şəbəkəsinin, “Nissan” avtomobil istehsal edən şirkətin və Almaniyanın dəmir yolu dövlət konserni “Deutsche Bahn”ın reklamları verilib.
Son üç şirkət DW-nin suallarını cavablandırıb və alqoritmik reklam satınalma xidmətlərindən istifadə etdiklərini təsdiqləyib. Lakin onlar bannerlərinin saxta məlumatlar yayan saytlara yerləşdirilməsinə fərqli yanaşıblar. Məsələn, “Nissan”ın Avropa filialının korporativ əlaqə meneceri Fransua Krisias “Zero Hedge”dəki reklamında yanlış bir şey görmür: “Reklamımız siyasi şərhlər üçün deyil, məhsullarımız haqqında məlumatlandırmanı artırmaq üçündür”.
“Deutsche Bahn” və “Rewe” məsələyə fərqli yanaşıb və şübhəli saytlarla bağlı “qara siyahı” hazırladıqlarını deyib. “Rewe” mətbuat xidmətindən Tomas Bonrat bildirib ki, şirkətin “qara siyahısında” artıq bir neçə min domen var. Bu siyahı “Google” və “Facebook” da daxil olmaqla ən yüksək filtr və təhlükəsizlik parametrlərindən istifadə edilməklə tərtib olunub.
“Deutsche Bahn”ın nümayəndəsi öz növbəsində bildirib ki, reklamlarının “Zero Hedge”də yerləşdirilməsi səhv addımdır və bundan belə onu “qara siyahıya” daxil edəcəklər.
“Google” isə dezinformasiyanı maliyyələşdirməyi təşviq etdiyinə dair ittihamları rədd edir və GDI metodologiyasına şübhə ilə yanaşdığını deyir: “GDI öz hesabatında izah vermir ki, hansı saytlar və nəyə görə yalan məlumat yayan resurs kimi qəbul edilməlidir”.
“Google” onu da bəyan edir ki, reklam platformalarında təhrif edilmiş məzmuna qarşı sərt siyasət yürüdür, nüfuzlu mənbələrin təbliğinə çox sərmayə qoyur, faktları yoxlama vasitələri yaradır və media savadlılığı kampaniyasına milyonlar xərcləyir.
İnternetdə saxta məlumatların yayılmasının maliyyələşdirilməsi ilə bağlı vəziyyət uzun müddətdir ki, Avropanı narahat edir. Avropa Komissiyasının Rəqəmsal İqtisadiyyat üzrə mütəxəssisi Yohannes Barke DW-yə bildirib ki, 2018-ci ilin sentyabrında Avropa Komissiyasının dəstəyi ilə böyük onlayn-platformalar – Facebook, Google, Twitter, Mozilla, Microsoft “İnternetdə dezinformasiya praktikası kodeksini” imzalayıblar. Və dezinformasiya təminatçılarının gəlirlərini azaltmaq üçün reklam yerləşdirilməsinə nəzarəti əhəmiyyətli dərəcədə artırmaqla bağlı öhdəlik götürüblər.
Avropa Komissiyası Avropa Parlamentinə seçkilər ərəfəsində hər ay bu şirkətlərin fəaliyyətini izləyib və 2019-cu ilin iyununda yaydığı hesabatda bəyan edib ki, Google, Facebook və Twitter yanlış məlumat verən provayderlərin reklam gəlirlərini azaltmaq üçün reklam üzərində nəzarəti yaxşılaşdırıb.
Avropa Komissiyası bu sahəni tənzimləyən əlavə normativ aktların qəbulunu istisna etmir. Lakin bununla bağlı yekun qiymətləndirmə yalnız 2019-cu ilin sonunda – kodeksin illik dəyərləndirilməsindən sonra veriləcək…
Tərcümə etdi: G.Hüseynova
Strateq.az