Azərbaycan dünya təcrübəsindən bəhrələnmək istəyir
Azərbaycanın pensiya qanunvericiliyində yenidən dəyişikliklər aparılacaq. Bu barədə mətbuata əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məlumat verərək bildirib ki, pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.
Onun sözlərinə görə, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alır: “Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır. Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra bu haqda məlumat veriləcək”.
Qeyd edək ki, bir sıra ölkələrdə pensiya yaşı yüksək olsa da, insanlara müəyyən şərtlər daxilində vaxtından əvvəl əmək pensiyasına çıxmaq hüququ tanınır. Belə ki, İtaliyada bu ildən tətbiq olunan pensiya qanunvericiliyinə əsasən ölkədə pensiya yaşı 67 yaşdan 62 yaşa endirilib. Belə ki, 62 yaşa çatan və 38 il əmək stajı olan kişilər, 58 yaşa çatan və 35 illik əmək stajı olan qadınlar pensiyaya çıxa biləcəklər. Kişilər 42, qadınlar isə 41 illik əmək stajı ilə bu yaşdan əvvəl də pensiyaya çıxmaq hüququ əldə ediblər.
Şimal qonşumuz Rusiyada isə bu ilin yanvarından başlayaraq pensiya yaşı artırılır - 2028-ci ilədək kişilər üçün 65, qadınlar üçün 60 yaşa çatdırılacaq. Əvəzində isə insanlara vaxtından əvvəl pensiyaya çıxmaq şansı tanınır. Belə ki, yeni qanunvericiliyə əsasən 55 yaşına çatan qadınlar 37 il, 60 yaşına çatan kişilər isə 42 il əmək stajı olduqda vaxtından 2 il əvvəl pensiyaya çıxa biləcəklər. Rusiya ərazisində sosial sığorta haqqı ödəməklə işləyən bütün vətəndaşlara bu hüquq veriləcək.
İqtisadçı-ekspert Rövşən Ağayev qeyd edir ki, Qərb ölkələrinin əksəriyyətində pensiya yaşının yüksək olmasına (qadınlar üçün 60, kişilər üçün 65) rəğmən həmin ölkələrdə hökumətin müəyyənləşdirdiyi maksimum əmək stajını (əksər ölkələrdə bu 45 ildir) çalışmış insanlara könüllü olaraq erkən pensiyaya çıxmaq hüququ verir: “Məsələn, Belçikada 60 yaşı tamam olmuş şəxs tələb olunan iş stajına malikdirsə, Çexiyada 25 il sığorta stajı varsa və pensiya yaşın 3 il qalırsa istənilən şəxs könüllü pensiyaya çıxa bilər. Sadəcə, erkən pensiya halında tam pensiyanınmüəyyən faizini (məsələn, Danimarkada 60 yaşında çıxırsansa, 91 faizi məbləğində) almalısan. Pensiya yaşı tamam olduqda isə həmin şəxs üçün yenidən hesablanır”.
Ekspertin fikrincə, Azərbaycanda elə peşələr var ki, onlar üçün erkən pensiya hüququ mütləq tanınmalıdır: “Belə peşələrdən biri də müəllimlikdir. Mürəkkəb və ağır zəhmət tələb edən peşədir, peşə xəstəliyinə tutulmaq riski çox yüksəkdir. Ona görə, məsələn, 35 il staja sahib olduqda bütün müəllimlərin istisnasız olaraq 60 yaşda pensiyaya çıxmaq haqqı tanınmalıdır.
Bu addım həm müəllim peşəsinə marağın artmasına, həm də müəllim sıxlığının azaldılmasına və gənc müəllimlərin daha rahat iş tapmasına da öz töhfəsini verər.
Bir də torpaq payçılarının pensiya hüququnun reallaşdırılması ilə bağlı fərqli mexanizm fikirləşməyə ehtiyac var. Bu kateqoriya insanların sığorta ödənişləri o qədər kiçikdir ki, hətta minimum kapitalı toplamaq üçün yetərli deyil. Onlar olsa-olsa sığorta illərinin sayına görə pensiya hüququ qazanacaqlar. Bu isə onların ən aşağı məbləğdə pensiya alması deməkdir. Ən aşağı pensiya almaq demək bəri başdan yüz minlərlə insanın yoxsulluq riski olan qrupa düşməsinə yaşıl işıq yandırmaq deməkdir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, Azərbaycanda qanunvericilik indi də bəzi kateqoriya vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnu tanıyır: “Bu, ”Əmək pensiyaları haqqında" əvvəlki qanunda da vardı. İndi də qanunun 9-cu maddəsinə əsasən zərərli iş yerində 12,5 il işləyən, 60 yaşa çatmış, minimum 25 il əmək stajına malik kişilər, zərərli işdə10 il işləmiş, yaşı 55-ə çatmış, minimum 23 il əmək stajı olan qadınlar vaxtından əvvəl pensiyaya çıxmaq hüququ əldə edirlər. Bundan əlavə, bəzi qurumlarda - hüquq-mühafizə, hərbi və sairdə işləyənlərin də pensiya yaşı həddi fərqlidir. Nazir müavininin dediyindən belə anlaşılır ki, indi başqa kateqoriya şəxslərə də vaxtından əvvəl pensiyaya çıxmaq hüququ veriləcək".
Liqa rəhbəri bildirir ki, bu, dünya praktikasında olan bir məsələdir: “Sadəcə, bizdə necə tətbiq olunacağı, mexanizmin nəyə əsasən işləyəcəyi maraqlıdır. Bizdə həm staj, həm də yığılan məbləğ nəzərə alınır. Ola bilsin ki, pensiya almaq hüququ verən minimum məbləği erkən yığan, müəyyən stajı olan, daha işləmək istəməyən şəxslərə bir neçə il əvvəl pensiyaya çıxmaq hüququ verilsin. Yəni kriteriyalar konkretləşib, qəbul olunduqdan sonra daha dəqiq fikir yürütmək olar. Yəqin ki, bu zaman dünya praktikası nəzərə alınacaq”.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov rəhbəri olduğu mərkəzin 2016-cı ildə Azərbaycan hökumətinə pensiya sistemində islahatları nəzərdə tutan təkliflər təqdim etdiyini bildirir: “Biz xüsusilə yaşla bağlı Amerika modelinin tətbiqinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanda pensiya yaşının 65-ə qaldırılmasına ehtiyac və bunu zəruri edən amillər yox idi. Biz həmçinin yığım məbləğindən asılı olaraq insanlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun tanınmasını təklif etmişdik. ABŞ-da belə bir sistem tətbiq olunur: böyük yığımları olan vətəndaşlar daha tez pensiyaya çıxa bilirlər. Bizdə də eyni sistemin tətbiq olunmasını məqbul hesab edirik”.
Ekspert qeyd edir ki, vaxtından əvvəl pensiyaya çıxmaq üçün vətəndaşın yığım səviyyəsi üçün həddə müəyyən olunmalıdır: “Məsələn, sosial hesabında minimum pensiyanı almaq hüququ verən məbləğdən 3 dəfə artıq həcmdə yığım olarsa, həmin vətəndaşa vaxtından əvvəl pensiyaya çıxmaq hüququ verilməlidir. Bu zaman o vətəndaş minimum yığım məbləğindən artıq hissəni ala bilər. Bu, yüksək əmək haqqı alan vətəndaşlara sosial fonda etdikləri ödənişləri vaxtından əvvəl almaq imkanı verər”.
Dünya SAKİT,
“Yeni Müsavat”