Türkiyənin Tel Abyad və Ras əl-Eyndə nəzarəti təmin etməsindən sonra xüsusi təyinatlı qüvvələrin bölükləri və çox sayda komandos Fəratın qərbindəki Menbiçə ehtiyat qüvvə olaraq göndərilib. Suriya Milli Ordusunun bölükləri də Hələbin Əl-Bab bölgəsindən zirehli maşın karvanı ilə Menbiçə yönəlib. Rejim qüvvələrinin də Menbiçdə olduğuna dair məlumatlar yayılır.Axar.az xəbər verir ki, bu sözlər “Hürriyət” nəşrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün “Sülh çeşməsi” əməliyyatının Fəratın qərbi istiqamətində genişləndiriləcəyini açıqlamasından sonra bölgədə yaranmış vəziyyət barədə yazısında yer alıb.
Məlumata görə, Ərdoğanın ötən gün əməliyyatın Eyn əl-Ərəb (Kobani) və Hasekəni də əhatə edəcəyini açıqlamasından sonra bölgədə hərbi aktivlik müşahidə olunub.
Eyn əl-Ərəb, Menbiç və Hasekəyə nəzarət edən PYD-YPG terror qruplaşması rejim qüvvələrini buraya çağırıldığını və Əsədlə razılığa gəlindiyini iddia edib. Suriya Demokratik Qüvvələrinin rəhbərlərindən sayılan “Məzlum Kobani” ləqəbli Şahin Cilo isə Əsəd rejimi və müttəfiqi Rusiya ilə “ağrılı güzəştlər” ehtiva edən bir razılıq əldə edildiyini bildirib.
Türkiyənin təhlükəsizlik mənbələri bölgədə aktivlik müşahidə olunduğunu təsdiqləyib. Türkiyənin Rabitə Başqanlığı ötən gün bölgədəki aktivliklə bağlı açıqlamasında qeyd edib:
“PKK-YPG-nin Menbiç və Eyn əl-Ərəb kimi yerlərdə Suriya rejimi ilə saziş bağladığına dair şayiələr kəskin şəkildə yayılır. Mövzu ilə əlaqədar bir çox təsdiq edilməmiş informasiya yayılmasına baxmayaraq, bu aktivliyin mövcud olduğunu söyləmək mümkündür”.
Türkiyənin təhlükəsizlik orqanları da rejim qüvvələrinin cənubda Menbiçin düzənlik hissəsində yerləşdirilməsinə dair güclü işarələr olduğunu bildirib.
Təhlükəsizlik ekspertləri Menbiçdəki bu aktivliyin ABŞ əsgərlərinin bu bölgədən də çəkilmiş olma ehtimalından irəli gəldiyini qeyd edib. Lakin hərbi mənbələr ABŞ qüvvələrinin Menbiçdən çəkilməsinə dair informasiyanı təsdiqləməkdə çətinlik çəkib.
Kulislərdə ABŞ-ın geri çəkilməsindən sonra Menbiç əməliyyatının qısa müddətdə başlaya biləcəyi ifadə edilir. Menbiçin cənubunda qərarlaşan rejim qüvvələri bölgədəki SMO qüvvələrinə atəş açacağı halda TSQ və Əsəd qüvvələrinin qarşı-qarşıya gəlmək riski də gözardı edilməyib.
Rejim qüvvələrinin həmçinin Hasekə, Eyn İsa bölgələrinə də daxil olduğu, Qamışlıda PYD-YPG bayraqlarının endirilərək Suriya bayraqları ilə əvəz edildiyi qeyd edilib.