Dövlət qurumlarının milyonlarla vəsait xərclənən layihələri çox vaxt rentabelli olmur.
Müxtəlif bölgələrdə tikilən və sonradan rentabelli olmadığı üçün bağlanan hava limanlarını buna misal göstərmək olar. Proqnozlaşdırılandan dəfələrlə az gəlir gətirən layihələrin sayı çoxdur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir sıra layihələri, o cümlədən “sürət qatarı” da rentabelli olmadı. Söhbət yeni sürət qatarlarının qiymətindən və gətirdiyi gəlirdən gedir.
Uzun intizardan sonra nəhayət “Azərbaycan Dəmir Yolları” QSC ötən il Bakı-Gəncə sürət qatarını istifadəyə versə də, qiymətlərin bahalığı sərnişinləri bu qatarın xidmətindən uzaq salıb. Qeyd edək ki, qiymətlər ilkin olaraq standart sərnişin üçün 15, biznes klas sərnişinlər üçün 50, birinci klas (VİP) sərnişinlər üçün 100 manat nəzərdə tutulmuşdu. Bununla yanaşı, qatar 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edirdi. Bu da qiymət və zaman baxımından sərnişinlərin maraqlarına uyğun olmadığı üçün sürət qatarı rentabelsiz işləməyə başladı. Belə demək mümkündürsə, qatar Bakıdan Gəncəyə və əks istiqamətə ancaq öz nəzarətçiləri və az sayda sərnişinlə gedirdi. Üstəlik, xidmət səviyyəsinin az olması şikayətləri artırırdı. Təsadüfi deyil ki, sürət qatarı fəaliyyətə başladığı bir ay ərzində 1250 sərnişin daşıyıb və standart klasdan (ozamankı qiymət 15 AZN) istifadə olunubsa, daşınmadan 18 min 750 manat vəsait əldə edilib.
Sürət qatarında VIP və biznes klası çıxsaq, standart klasda 296 yer var. Bütün yerlər dolmaq şərtilə, bu, 30 gün ərzində 8880 sərnişinə xidmət göstərmək imkanı verir. Belə olduğu təqdirdə, əldə olunan gəlir 133 min 200 manat olmalı idi. Amma “Azərbaycan Dəmir Yolları”18 min 750 manatla kifayətlənməli olub. Qeyd edək ki, bu hesablamada VİP və biznes klas üçün nəzərdə tutulan yerlər və bilet qiymətləri hesaba alınmayıb. Əgər hesaba alınsa, mənləğ daha çox edir.
Sonradan qurum etirazları görüb qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, hazırda Bakı-Gəncə sürət qatarında biletlər standart 10, biznes 25, birinci sinif sərnişinlər üçün isə 100 manata satılır. Amma bu qiymətlər də baha hesab olunur və sərnişinlərin “Azərbaycan Dəmir Yollar”nın xidmətindən istifadəyə marağını azaldır. Sərnişinlər alternativ xidmətlərdən istifadə etməyə çalışır. Çünki sərnişinlər taksi ilə həm daha ucuz, həm də daha qısa zamanda mənzil başına çata bilirlər.
Hazırda Bakı-Gəncə-Bakı istiqamətinə hərəkət edən sürət qatarı rentabelli işləyirmi?
“Azərbaycan Dəmir Yollar” QSC-nin mətbuat xitmətinin rəhbəri Natavan Babayevanın “Cümhuriyət” qəzetinə verdiyi məlumata görə, qatar bir gündə orta hesabla 574 sərnişinə xidmət göstərir.
“Qatar bir istiqamətə 363 sərnişin tutumuna malikdir. Yay ayları və bayram günlərində qatar 100 faiz dolur. Gün ərzində orta hesabla 574 sərnişin(gediş -gəliş nəzərdə tutulur) daşınır. Əsasən, standart yerlərə maraq çoxdur. Amma biznes yerlərə də maraq az deyil”.
Yəni qurum Bakı-Gəncə-Bakı istiqamətinə sərnişin daşımaqla bir gündə orta hesabla 5 min 740 manat gəlir əldə edir. Əgər hər iki istiqamətdə qatar 100 faiz dolu halda hərəkət edərsə, o zaman bir gündə 726 nəfərə xidmət göstərmiş olar. Məsələn, 15 oktyabr üçün bir istiqamətə- Bakıdan Gəncəyə getmək üçün bilet satışlarında 264 standrt (10 manat), 9 VİP (100 manat), 57 isə biznes klas (25 manat) yer təklif olunur. Yəni qatar 100 faiz dolarsa, qurum bir istiqamətdə 4965 manat gəlir əldə edəcək. Əks istiqamətdə də eyni sayda sərnişin daşınarsa, bir gün üçün qurumun əldə etdiyi vəsait 9930 manat təşkil edəcək.
Müqayisə üçün bildirək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Bakı-Gəncə-Bakı istiqamətinə bir gün mövsümdən asılı olaraq 600-900 civarında sərnişin daşıyır. Bir gündə daşınan sərnişinlərin sayı haqqında “Cümhuriyət” qəzetinə BBKA-nın mətbuat katibi Pərvin Məmmədova əlavə dib ki, bir nəfər üçün isə bilet qiyməti 8 manat 40 qəpikdir. Yəni, BBAK-nin bir günlük (Bakı-Gəncə-Bakı istiqamətində) gəliri 5 min 40 - 7 min 560 manat civarındadır.
Görünən odur ki, “Azərbaycan Dəmir Yolları”nın daha çox qazanmaq imkanı var, bunun üçün isə ilk növbədə xidmət səviyyəsi yaxşılaşdırılmalı (qeyd edək ki, sərnişinlərin biletdən tutmuş internet xidmətinə qədər şikayətçi olduqları məqamlar var-müəll.), bütün təbəqədən olan sərnişinlərin mənafeyi nəzərə alınmalıdır. Əks halda, avtovağzalın gecə reyslərini bərpa etdiyini nəzərə alsaq, “Azərbaycan Dəmir Yolları”nın sürət qatarı layihəsi də rəqabətə davam gətriməkdə ciddi problemlərlə üzləşəcək.
Vilayət Muxtar
Cebhe.info