Culian Borqer, Cennifer Rankin
“The Guardian”, 14.10.2019
ABŞ-ın Türkiyədəki aviabazasında saxlanılan təxminən 50 nüvə bombası Türkiyənin Suriyaya hücumundan sonra Vaşinqton və Ankara arasındakı gərgin münasibətlərdə potensial sövdələşmə sxeminə çevrilib.
Donald Tramp 8 gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında təcavüzə yaşıl işıq yandırsa da, ABŞ Konqresi Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyi planlaşdırır. Tramp cəza tədbirlərini dəstəkləyib.
Oktyabrın 14-də Aİ Türkiyəyə silah embarqosu elan edib və Konqresdə planlaşdırılan ikipartiyalı qanun layihəsi türk liderləri əleyhinə qadağaları qüvvəyə mindirməklə bərabər, ABŞ-ın Ankaraya silah tədarükünü də dayandırır.
Ərdoğan Qərbin Türkiyəni təcrid etmək cəhdlərinə aqressiv cavab verəcəyini və hücumu dayandırmayacağını söyləyib. Türkiyə lideri Bakıya səfəri zamanı deyib: “Biz əməliyyatımızı sona qədər davam etdirməyə qərarlıyıq. Başladığımızı sona çatdıracağıq. Bir kərə yüksələn bayraq bir daha enməz”.
Suriya sərhədindən 100 mil məsafədə yerləşən və ABŞ hava qüvvələrinin türk həmkarı ilə bölüşdüyü İncirlik aviabazasında B61 nüvə cazibə bombalarının olması Vaşinqtonun hesablamalarını çətinləşdirir.
Son günlər administrasiya rəsmiləri səssizcə bombaların yerini dəyişmə planlarını nəzərdən keçirirlər. “New York Times”-ın xəbərində yüksək vəzifəli bir məmur bombaların Ərdoğanın girovuna çevrildiyini və onların İncirlikdən çıxarılmasının Türk-Amerika ittifaqının de-fakto sonu olacağını bildirib.
Bomba çıxarılması planı tez-tez nəzərdən keçirilib, lakin heç vaxt işə salınmayıb. Səlahiyyətlilər Türkiyədə və NATO-ya üzv olan 4 başqa ölkədə bombaların varlığını əslində, açıq müzakirə etməməlidir, ancaq onlar sirr də deyil. Bombalar müharibə planında heç bir əməliyyat funksiyası olmayan Soyuq savaşın qalıqlarıdır. Onları yerləşdirmək üçün ABŞ təyyarələrdən istifadə edib. Türkiyənin isə nüvə silahı daşımaq qabiliyyətli təyyarələri yoxdur.
Son üç çərəkdə NATO-da atom bombalarının çıxarılması müzakirələri üzv ölkələrin, o cümlədən Türkiyənin müxalifliyi ilə üzləşib və onları saxlamanı ABŞ-a sadiqliyin simvolu olaraq görüb.
Sabiq bir səlahiyyətli xüsusən 2016-cı ildə, Türkiyədəki çevriliş cəhdindən sonra təhlükəsizlik qorxuları ilə əlaqədar olaraq Obama administrasiyasında bomba ilə nə ediləcəyinə dair ciddi müzakirələrin olduğunu söyləyib. İncirlik bazası bəzi məqamlarda ABŞ-lı həmkarları hesabına mühafizə axtaran bir general da daxil olmaqla, türk zabitləri tərəfindən istismar olunub. Ərdoğanın hökuməti şübhəli şəxsləri tutmaq üçün hərəkətə keçməzdən əvvəl bazanın elektrik enerjisini kəsib.
Keçmiş rəsmilərdən birinin sözlərinə görə, türk diplomatlar Türkiyənin öz nüvə silahını yaratması ilə bağlı açıqlamaya münasibət bildirib: “Potensial problemlər on ildən çoxdur müzakirə olunur. İndi isə nəhayət, bu problemi həll edə bilmədiyimiz nöqtəyə gəlmişik”.
Keçən ay bir partiya mitinqində Türkiyənin öz arsenalına sahib olmamasının “yolverilməz olduğunu” bildirən Ərdoğan bu təhdidi vurğulayıb. “Dünyada atom bombasına sahib olmayan inkişaf etmiş dövlət yoxdur”. Yəni nüvə silahının yayılmaması müqaviləsinə imza atan Türkiyə nüvə silahı əldə etməyi düşünür.
Silahlara Nəzarət və Yaymama Mərkəzinin direktoru Aleksandra Bell, Tramp administrasiyasında bu cür nüvə dilemması ilə məşğul olacaq rəsmilərin yoxluğunu təsdiqləyib. “Prezident qəzəbli tvitlər göndərir, amma potensial dəyişkən vəziyyətə lazımi diqqət və qayğı göstərmir”.
Ceffri Lüis, Middlböri Beynəlxalq Araşdırmalar İnstitutunun mütəxəssisi deyib: “ABŞ-ın silahları çıxarmaq üçün Türkiyənin razılığına ehtiyacı yoxdur. Birləşmiş Ştatlar bunu birtərəfli qaydada edə bilər və məncə, ABŞ bunu dərhal etməlidir. Əgər insanlar bunun hansısa bir şəkildə tabuta vurulmuş son mismar olacağından narahatdırlarsa, narahat olmasınlar, tabutun qapağı möhkəm bağlanacaq. Münasibətlər tamamilə qırılmaqdadır”.
Bununla birlikdə Massaçusets Texnologiya İnstitutunun nüvə mütəxəssisi və politoloqu Vipin Naranq silahları çıxartmağın asan olmayacağını söyləyib: “Onların bu şərtlər altında çıxarılması olduqca riskli ola bilər. Çünki 50 nüvə silahının gövdədən ayrılması, bir türk bazasından və Türkiyənin hava məkanından çıxarılması qəza, oğurluq və ya hücumda həssas ola bilər”.
Suriyada türk hücumu davam edərkən, Türkiyənin NATO ittifaqındakı yeri getdikcə sarsılır. Oktyabrın 14-də keçirilən iclasda Aİ xarici işlər nazirləri Fransa və Almaniyanın Türkiyəyə silah satışını dayandırmaq təklifinə razılıq verib, eyni zamanda, “Türkiyə bütün bölgənin sabitliyini və təhlükəsizliyini pozdu, daha çox vətəndaşın əziyyət çəkməsinə səbəb oldu” deyərək Ankaranı qınayıblar.
Aİ ölkələrinin əksəriyyəti NATO üzvü olduqları üçün Brüssel silah satışını dayandırmaq üçün daha az istifadə olunan qanuni mexanizmə müraciət etməli olub. İttifaqın xarici siyasət idarəsinin rəhbəri Federika Moqerini tədbirlərin adi silah embarqosu ilə eyni dərəcədə təsir göstərəcəyinə təkid edib və Aİ rəsmilərinə qadağanın milli tətbiqini yoxlayacağına söz verib.
Türkiyəni “əsas tərəfdaş” olaraq xarakterizə edən Aİ-nin bəyanatında Avropanın 3 milyondan çox suriyalı qaçqına sığınacaq verilməsi və 2016-cı il müqaviləsi çərçivəsində onların Aİ-yə giriş qadağası ilə bağlı dilemma vurğulanır. Moqerini deyib: “Bu, qara və ağ kimi təyin edə biləcəyiniz münasibət deyil, bu, kompleks, çoxşaxəli, ölçülü ortaqlıqdır”.
İngiltərə hökuməti əvvəlcə Aİ bəyanatında “qınayır” sözünün işlədilməsinə qarşı çıxıb, lakin sonra yumşalıb. İngilis səlahiyyətliləri Türkiyənin bölgədəki vacib tərəfdaş kimi tanınmasını vurğulamağa çalışıblar.
Tərcümə: Strateq.az